Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Onsuz da etdiyi xətanın xəcaləti ilə boynu bükülmüş Hz.Xatib Rəsulullahın hüzurunda şam kimi əriyir:

– Ya Rəsulullah! – deyir, – Allaha and olsun ki, mən Allah və Rəsuluna imanla doluyam! Nə inancımı dəyişdim, nə də başqa bir şeyin dalınca düşdüm. Arvad-uşağım məkkəlilərin arasındadır və mən də başqa bir yaxını olmayan insan kimi onları xəbərdar etmək istədim!

Hz.Xatibi dinləyən Allah Rəsulu:

– O, sizə həqiqəti deyir, – buyurur. Yanlış olan isə məsləhətləşmədən təkbaşına atılan addım idi. Hamı üçün əhəmiyyətli olan bir məsələdə təkbaşına qərar vermiş və düşünmədən hərəkət etmişdi!

Elə bu sırada Hz.Ömər üzünü  ona tutub:

– Allah sənin canını alsın, – deyə çımxırır, – Rəsulullahın bütün yollarda nəzarətçilər qoyduğunu görə-görə sən necə olur ki, Qureyşə məktub yazıb onları xəbərdar etməyi düşünə bilirsən? – deyir və Rəsulullaha dönərək, – mənə izin ver, ya Rəsulullah, bu adamın boynunu vurum. Çünki o, münafiq olmuşdur.

Ancaq Rəsulullah belə düşünmürdü, şəfqətlə Hz.Ömərə dönür və:

– Haradan bilirsən, ey Ömər, – deyə sözə başlayır, – bəlkə də, Allahın Bədir günü Bədir əshabına baxıb: "Bundan sonra siz istədiyinizi edin. Mən sizi əvf etdim!" – demədiyini haradan bilirsən?

İşin həqiqəti ortaya çıxınca dərhal geri addım atması ilə tanınan Hz.Ömər Rəsulullahın bu sözlərindən sonra göz yaşlarını saxlaya bilmir. Çünki Hz.Xatib də Bədir səhabələrindən idi. Görünür, məslənin başqa tərəfləri də vardı ki, Hz.Ömər bunların hamısından xəbərdar deyildi. Çox keçmədən Cəbrail gəlir və buna kimi durumlarda necə davranmaqdan bəhs edən ayələr gətirir.[8]

Beləliklə, Bədirin aslanlarından olan Hz.Xatib səmalardan yeni bir hökmün enməsinə vəsilə olur. Bununla da ümumi məsələlərdə təkbaşına addım atmamağın ən böyük nümünəsi ortaya qoyulmuş olurdu.

Allah Rəsulunun (s.ə.s.) bu yerdə bir tədbiri də vardı. Səhabə Əbu Qatadə ibn Rəbini kiçik bir süvari dəstəsinin başında Şam yolu üzərindəki Batni-İzam deyilən istiqamətə göndərir, hazırlanan ordunun bu istiqamətdə hərəkət edəcəyi barədə rəy formalaşdırır. Beləliklə, Məkkə istiqamətində hərəkət edəcəyi ilə bağlı deyilənlərin doğru olmaması təəssüratını oyadır. Bu zaman hər tərəfə elçilər göndərib xəbər salır:

– Allah və Rəsuluna iman edən hər kəs ramazan ayının girməsi ilə Mədinədə hazır olsun!

Artıq əshab dəstə-dəstə Mədinəyə axışırdı. Qərargah Əbu İnəbə quyusunun başında qurulmuşdu. Gələnlər burada yerləşir, hərəkət əmrini gözləyirdi. Bu arada Hassan ibn Sabit kimi insanlar şeirləri ilə əshabı coşdurur və Allah düşmənlərinə qarşı gözlənilən mücadilələrdə müsəlmanların əhvali-ruhiyyəsini daha da yüksəltmək üçün əlindən gələni edirdi.

Mədinədən hərəkət

Hicrətin üstündən səkkiz il keçirdi. Möminlər Rəsulullahın dəvəti ilə Mədinədə toplanmağa başlayır. O günə qədər müsəlman olan hər kəs bu dəvəti qəbul etmiş, dərhal silahını götürüb Mədinəyə gəlmişdi.

Ramazan ayı yeni girmişdi, bir çərşənbə günü idi. Təbii ki, hər kəs oruc tuturdu. Rəsulullah əvvəlcə üzünü camaata tutub:

– Arzu edən orucuna davam etsin, kim istəyirsə, orucunu poza bilər, – deyə səslənir. Özü isə orucunu pozmur.

Bu vaxt Zübeyr ibn Avvamın başçılığı altında iki yüz nəfərlik bir süvari birliyini öncül qüvvə kimi göndərir. Ardınca da əshabı ilə birlikdə əsr namazını qılıb hərəkət əmrini verir. Onunla birlikdə sel olub Məkkəyə axın edən ənsar, mühacir və digər qəbilələrdən təşkil olunmuş on min nəfərlik bir ordu irəliləyirdi.[9] Yol uzun olduğu üçün atları ehtiyatda saxlayır, dəvələrin üstündə gedirdilər. Heç dincəlmədən Sulsul adlı yerə qədər gəlirlər və səmada görünən bir buluda işarə edən Allah Rəsulu (s.ə.s.):

– Mən bu buludun Bəni-Kab zəfərini müjdələdiyini görürəm, – buyurur.

Havalar olduqca isti idi və Arca gəlib çıxdıqda Allah Rəsulu bir qədər sərinləmək üçün başından su töküb üzünü yuyur. Bu yol eyni zamanda hicrət zamanı seçdiyi yol idi.

Sonra da Talub istiqamətində irəliləməyə başlayırlar. Səfər davam edərkən Allah Rəsulu yüz atlı ayırıb daha öndə getməyi tapşırır. Çox keçmədən bu atlılar bir həvazinli casusla qarşılaşır və onu yaxalayıb Allah Rəsulunun hüzuruna gətirirlər. Adamı sorğu-suala tutan Allah Rəsulu həvazinlilərin onlara qarşı əsgər toplaması barədə məlumat alınca:

– Allah bizə yetər. O, nə gözəl vəkildir, – buyurur və Xalid ibn Vəlidi çağıraraq başqa yerlərə məlumat çatdırmasın deyə bu casusu nəzarətə götürməyi əmr edir.

Bu arada azacıq irəlidə balalarını əmizdirən bir it diqqətini cəlb edir. Balalarını başına toplayıb əmizdirən it narahat olur, yaxınlaşan insanlara dişlərini göstərirdi. Bu mənzərədən təsirlənən Rəsulullah əvvəlcə əshabdan Cəmil ibn Süraqanı hüzuruna çağırır, hamı keçib gedənə qədər itin başı üstə gözləməyi və onların bir zərər görməməsi üçün insanları oradan uzaqlaşdırmağı tapşırır.