Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Səfər əsnasında hələ də orduya qoşulanlar olurdu. Hətta gəlib müsəlman olanlar da var idi. Qəribə idi ki, əshabın çoxu kiminlə döyüşə getdiyini bilmirdi. Üç variant var idi: Qureyş, Həvazin və Saqif.

Kab ibn Malik kimi səhabələr belə Allah Rəsulundan gedilən istiqaməti öyrənməyə çalışır və sabah kiminlə əlbəyaxa olacaqlarını bilmək istəyirdilər.

Qudeyddə Süleymlə qarşılaşırlar. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bayraqları çıxartdıraraq qəbilələr arasında paylayır. Hər qəbilə öz bayrağı altında toplanır. Döyüşə bu nizamla girəcəkdilər. Orduda otuzdan yuxarı bayraq var idi.

Cuhfəyə çatanda yükünü çiyninə alıb Mədinəyə gələn Rəsulullahın əmisi Hz.Abbasla qarşılaşırlar. Allah Rəsulunun üzündə təbəssüm görünür. Əvvəlcə Hz.Abbasın yükünü Mədinəyə göndərir, ardınca ona:

– Mən necə peyğəmbərlərin sonuncusuyam, sən də, ey əmi, hicrət edənlərin sonuncususan, – deyə iltifat göstərir.

Bu iltifat eyni zamanda Məkkənin müsəlmanlaşacağını və bununla hicrət qapısının bağlanacağını ifadə edirdi.

Məkkə yaxınlığındakı Mərrüz-Zəhran adlı vadiyə çatanda hava qaralmış, işa vaxtı olmuşdu. Orduya istirahət əmri verilir. Ancaq burada Rəsulullahın bir tapşırığı də vardı: hər bir mömin gedib çır-çırpı toplayacaq və bir tonqal qalayacaqdı. Keşikçilərin yenə də Hz.Ömər başçılıq edirdi. Bu vaxt bəzi səhabələr "əraq" adlanan misvaq ağacının meyvələrini toplamağa başlayır. Bunu görən Allah Rəsulu:

– Sizə onların qaralmışını tövsiyə edirəm, çünki ən dadlıları qaralmışlardır, – deyir. Bunun cavabında səhabələr:

– Ya Rəsulullah! – deyirlər, – bu meyvənin yaxşısı ilə pisini ancaq çobanlar ayıra bilir. Siz heç qoyun otardınızmı?

– Bəli, – deyir Allah Rəsulu, – hər bir peyğəmbər mütləq qoyun otarmışdır. Mən də Əcyadda ailəmin qoyunlarını otardım!

Əbu Sufyanın gəlişi

Hələ Qureyşin baş verənlərdən xəbəri yox idi. Etdiklərinin bir gün hesabını verəcəklərini təxmin edirdilər, amma bunun necə və nə zaman olacağı barədə heç bir təsəvvürləri yox idi. Bu səbəbdən uzun müddət Mədinədən heç bir məlumat əldə edə bilməmək onları əməlli-başlı narahat edir. Nəhayət, vəziyyəti öyrənmək məqsədilə Əbu Sufyanla Hakim ibn Hizamı Mədinə istiqamətinə göndərmək qərarına gəlirlər:

– Əgər Məhəmmədlə qarşılaşsan, bizim adımızdan Ondan aman istə! – deyirlər.

İki yoldaş yola çıxar-çıxmaz ilk olaraq Büdeyl ibn Vərqa ilə qarşılaşırlar. Ona da təklif edirlər ki, onlara yol yoldaşı olsun. Nəhayət, üçü bir yerdə Mədinə istiqamətində irəliləməyə başlayır. Qaranlıq gecədə Mərrüzi-Zəhranda yerləşən Əraq mövqeyinə çatanda gözlərinə inanmır, gördükləri mənzərə qarşısında sarsıntı keçirirlər. Çünki qarşıda dəniz kimi bir ordu, çadırlar və bu çadırların yanında alovlanan tonqallar görünürdü. Xüsusən, at kişnərtiləri ilə dəvə böyürtülərini eşitdikdə qorxuya düşürlər. Artıq yolun sonuna gəlmişdilər.

Bu tərəfdə isə Allah Rəsulu yenə bəzi səhabələrini hüzuruna çağırır, o anda Əbu Sufyanın Əraq bölgəsində olduğunu xəbər verir, yaxalanıb hüzura gətirilməsini əmr edir. Səhabələr onlara yaxınlaşanda Əbu Sufyan və iki yoldaşı bu mənzərəni seyr edə-edə vəziyyəti müzakirə edirdi.

Gözləmədikləri anda mühasirəyə alınır, əsir götürülərək keşikçilərə rəhbərlik edən Hz.Ömərin yanına aparılırlar. Hz.Ömər sevinclə Rəsulullahın hüzuruna qaçır. Onun bu halını görən Hz.Abbas da yola düşür, Hz.Ömərdən qabaq hüzura çatmaq üçün addımlarını yeyinləşdirir. Bilirdi ki, Hz.Ömər işin asanlıqla, qısa yolla həll edilməsinə çalışacaq. Buna görə də Məkkə illərindən yaxın dostu olan Əbu Sufyana aman vermək və bununla onun da iman etməsini asanlaşırmaq istəyirdi. Nəticə də, belə olur. Allah Rəsulu və əshabının gücünü, Rəhbərə itaətdəki həssaslığı, ibadətlərindəki əzmkarlığı görən Əbu Sufyanda gözlənilən dəyişiklik başlayır, o andan başqa bir Əbu Sufyan olur. Onsuz da onun üçün bütün yollar dalana dirənmişdi. Başqa bir çarəsi qalmamışdı və Məkkənin qüdrətli rəisi Əbu Sufyan artıq yeni bir dönəmə qədəm qoyurdu. Uzun danışıqlardan sonra titrək səslə:

– Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və yenə mən şəhadət edirəm ki, Məhəmməd də Allahın Rəsuludur! – deyir.

Bu vaxt onunla birlikdə yola çıxan Hakim ibn Hizam da müsəlman olur, Rəsulullahdan insanların təhlükəsizliyini təmin etməyi xahiş edirlər. Uzaqgörən Hz.Abbas yenə irəli atılır və Əbu Sufyan kimi bir liderə xüsusi iltifat göstəriləməsindən və bunun əhəmiyyətindən bəhs edir. Daha sonra Allah Rəsulu:

– Əbu Sufyanın evinə girən təhlükəsizlikdədir, – buyurur.