Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

İstəkləri nəzərə alaraq bu iltifatın əhatəsini daha da genişləndirir; Hakim ibn Hizamın evinə, öz evlərinə və Kəbəyə sığınanlara da toxunulmayacağını elan edir.

Elə bu vaxt şeytan gəlir, Əbu Sufyanı vəsvəsəyə salmağa çalışır. Ətraf qəbilələri də dolaşmaq, son dəfə böyük bir ordu toplayıb Allah Rəsulunun üstünə getmək keçir ürəyindən. Ancaq çiyninə toxunan əl onu xəyallardan ayırır:

– O zaman da Allah səni zəlil və rüsvay edər və biz yenidən qalib gələrik – deyir Rəsulullah (sallallahu əleyhi və səlləm).

Diksinib geri baxanda Allah Rəsulunu görür. Xəcalət çəkir. Öncə:

– Mən şəhadət edirəm ki, Sən Rəsulullahsan! – deyir.

Çünki bunu yalnız özü bilirdi. Heç kimə açmamış və səsli də düşünməmişdi. Bunu ancaq Allah və Onun Rəsulu bilə bilərdi.

– Allahdan tövbəmin qəbulunu diləyir və düşdüyüm bu hala görə də Ona istiğfar edirəm!

Bu ana qədər Sənin Allahın Rəsulu olmağın barədə şübhələrim vardı və öz-özümə beləcə söylənirdim. Artıq heç bir şübhəm qalmadı. Allaha and olsun ki, məni belə düşünməyə sövq edən şey də ancaq nəfsimdir![10]

Bir-birinin ardınca o qədər hadisə ilə qarşılaşmışdılar ki! Məkkəlilərə danışmağa çox şey vardı, qayıtmaq üçün Hakim ibn Hizamla birlikdə izin istəyirlər. Ancaq Hz.Abbasın Allah Rəsuluna bir təklifi də vardı:

– Ya Rəsulullah! – deyir, – mən Əbu Sufyanın yenidən geri dönməyəcəyindən əmin deyiləm. Onları bir müddət də burada saxlasan, Səninlə birlikdə əsgərləri görüb bir az da məsələni qavrasalar, yaxşı olar.

Əbu Bəkir də eyni fikirdə idi və bunun ardınca Allah Rəsulu (s.ə.s.) Məkkəyə doğru yola çıxmış Əbu Sufyanı geri qaytarmağı əmr edir. Hz.Abbas qaçıb onlara yetişir. Onu görən kimi:

– Yoxsa bu bir xəyanətdir, ey Haşimoğulları? – deyə Əbu Sufyan əndişəsini dilə gətirir. Hz.Abbas cavabında:

– Bunu bil ki, peyğəmbərin arxasında cərgəyə duranlar əsla xəyanət etməzlər. Fəqət sənin sabaha qədər gözləyib Allahın əsgərlərini və yenə Allahın müşriklər üçün hazırladığı "mükafat"ları öz gözünlə görməyini istəyirik!

Rəsmi keçid           

Həmin  günün sabahı Mərruz-Zəhranda carçının səsi yayılır:

– Hər bir qəbilə dərhal yol hazırlıqlarına başlasın və silah-sursatlarını da heyvanlarına yükləyib başçıları ilə birlikdə öz bayraqlarının ətrafında toplansın!

Bu əmrlə İslam ordusu hərəkətə gəlir və qəbilələr başçıları ilə birlikdə bayraqlar altında  toplanır. İndi növbə Əbu Sufyanın şəxsində Qureyşə göndəriləcək ən təsirli ismarışa gəlmişdi. Müsəlmanlar bölüklər şəklində onları seyr edən Əbu Sufyanın qarşısından keçəcəkdilər.

İlk sırada yerləşən min nəfərlik dəstənin[11] başında Xalid ibn Valid dururdu. İki bayraq daşıyırdılar. Əbu Sufyanın önünə çatanda Hz.Xalid təkbir gətirməyə başlayır, min nəfərlik dəstəsi də təkrar edir: bunu üç dəfə edirlər. Qaranlıq gecədə   səmada parlayan ulduzlar kimi on iki min tonqalla diz çökən Mərruz-Zəhran indi də təkbir səsləri ilə inləyirdi. Ürək titrədən bir mənzərə idi. Əbu Sufyan bunların kim olduğunu Hz.Abbasdan soruşur, o da cavabını verir. Aldığı cavablar Əbu Sufyanın heyrətini daha da artırır. Belə ki, insanlardakı dəyişikliyin sürətini, ruhi-mənəvi yüksəlişi və qazanılan uğurları qavramaqda çətinlik çəkirdi.

Əbu Sufyanın qarşısından artıq arda-arda zəfər ordusu keçirdi. Beş yüz nəfərlik birliklə keçən Hz.Zübeyrin ardınca, üç yüz nəfərlə Əbu Zərr, dörd yüz nəfərlə Əsləm, beş yüz nəfərlə Bəni-Kab, min nəfərlə Müzeynə, səkkiz yüz nəfərlə Cüheynə, iki yüz nəfərlə Kinanə və nəhayət, üç yüz nəfərlik dəstə ilə Əşca qəbiləsi gəlir.

Əbu Sufyan hər dəfə içində Rəsulullahın başçılıq etdiyi birliyin nə zaman keçəcəyini soruşurdu. Nəhayət, Allah Rəsulunun da içində olduğu min nəfərlik birlik görünür. Bayrağı Sad ibn Ubadə götürmüşdü. Ordunun nizam və intizamına nəzarət edən Hz.Ömərin gur səsi eşidilirdi. Ənsar və mühacirlərin hər bir qoluna aid bayraqlar birliyə rəngarəng görünüş verirdi. Əsgərlərin təhchizatı tam təkmil idi. Bunları görən Əbu Sufyan:

– Bu orduya kimin gücü çatar ki? – deyir.

Əlindəki bayraqla ordunun önündə gedən Sad ibn Ubadə Əbu Sufyanın yanından keçərkən ona dönüb ucadan deyir:

– Bu gün dastan yazılan gündür! Bu gün müqəddəs Hərəmdə savaş halal olacaq və nəticə olaraq Qureyş zəlil olacaqdır!

Bu sözlər Əbu Sufyanı təşvişə salır və Hz.Abbasa dönüb:

– Ey Abbas, – deyə səslənir, – bu gün məni qorumağın üçün nə qədər önəmli gündür!

Elə bu zaman Qasvanın üstündə oturmuş Allah Rəsulu gəlir. Sağında Hz.Əbu Bəkir, solunda da Üseyd ibn Hudayr... Hz.Abbas həyəcanla Əbu Sufyana səslənir:

– Bu da Rəsulullah!