Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Əbu Sufyan Hz. Abbasa:

– Bu gün qardaşın oğlunun işi yenilməz səltənətə çatmışdır, – deyir.

Hz.Abbas yenə:

– Ey Əba Sufyan, – deyə səslənir, – O, səltənət deyil, peyğəmbərlikdir!

Ancaq Sad ibn Ubadənin dedikləri Əbu Sufyana çox toxunmuşdu.

Buna görə də Allah Rəsuluna:

– Ya Rəsulullah, – deyir, – Sən qövmünü öldürməyi əmr etdin? Sad ibn Ubadənin dediklərini eşitdinmi?

– Nə söylədi ki, – deyə suala sualla cavab verir Allah Rəsulu (s.ə.s.).

Əbu Sufyan fürsətdən istifadə edib Ubadənin dediklərini bir-bir danışır. Sonra da əlavə edir:

– Halbuki Sən insanların ən yaxşısı, qohumlarına ən sayğılı yanaşanı və ən mərhəmətlisisən. Elə isə Allah xatirinə Səndən qövmünə yaxşı davranmağı diləyirəm!

Yenə şəxsi bir təşəbbüs vardı və Allah Rəsulu əvvəlcə:

– Sad yanılmışdır, ey Əba Sufyan, – deyə səslənir.

Əndişələrin yersiz olduğunu bildirmək lazım idi və əslində o gün Məkkənin əsl dəyərinə qovuşacağı gün idi. Və əlavə edir Rəsulullah (s.ə.s.):

– Əksinə, bu gün mərhəmət günüdür! Bu gün Allahın Kəbənin şanını yüksəldəcəyi gündür! Bu gün Kəbəyə örtük çəkiləcək gündür! Və yenə bu gün Allahın Qureyşi ucaltdığı gündür!

Daha sonra Allah Rəsulu xəbər göndərib Hz.Sadı vəzifəsindən azad edir, yerinə də Hz.Sadın oğlu Qeys ibn Sadı təyin edir. Görünür, ümumiyə aid bir məsələdə özbaşına qərar veriləməsinin – işin gedişatına təsir edən fərdi bir addım atılmasının necə böyük bir hadisə olduğunu göstərmək istəyirdi. Hətta belə bir dəyişikliyin səbəbini anlaya bilməyən Hz. Sad xəbərin doğru olub-olmadığını araşdırmaq istəyir, Allah Rəsulu da başındakı sarığı göndərir və bununla da əmri şəxsən özü verdiyini ifadə edir.

Sarsılan Məkkə 

Artıq böyük fəth üçün hər şey hazır idi. Mərruz-Zəhrandan hərəkətə başlayır, Məkkəyə girirlər. Bu sırada Hz.Abbas Allah Rəsuluna (s.ə.s.) yaxınlaşaraq təklif edir ki, Məkkədə Peyğəmbərin Qureyşə aman vermə xəbərini yaysın və onları İslama dəvət etsin. Başlanğıcda bu təklifə müsbət yanaşan, hətta Məkkəyə getməsi üçün də öz miniyini Hz.Abbasa verən Allah Rəsulu:

– Qureyşin Saqif qəbiləsinin Urvə ibn Məsuda etdiyi kimi, ona da bir yamanlıq edəcəyindən qorxuram, – deyib qərarından vaz keçir və əmisini də geri çağırtdırır.

Hələ də baş verənlərdən xəbərsiz olan məkkəlilərə ilk xəbəri yenə Əbu Sufyan çatdırır. Ancaq onun Məkkəyə gəlişi gedişi kimi deyildi. Çatan kimi var gücü ilə səslənir:

– Ey Qureyş xalqı! Budur, Məhəmməd buradadır! Həm də qarşısına çıxa bilməyəcəyiniz qədər böyük bir ordu ilə gəlmişdir!

Qorxduqları başlarına gəlmişdi. Bütün ümidlər tükənmiş, Qureyşin sonu çatmışdı. İki addımlıqdakı orduya bu saatdan sonra nə edə bilərdilər ki? Çarəsizlik içində çabalayarkən təklif yenə də Əbu Sufyandan gəlir:

– Ən yaxşısı, siz də gəlin müsəlman olun, öz təhlükəsizliyinizi təmin edin! Bütün olanların üstündən xətt çəkib dərhal o biri tərəfə keçmək elə də asan məsələ deyildi. Buna iradə lazım, ürək gərəkdi! Ancaq başqa yol da görünmürdü. Müsəlmanları görüb onlarla uzun-uzadı bir yerdə olan Əbu Sufyanı daha çox danışdırmaq lazım gəlirdi. Maraqla dinləyir, o da danışırdı. Növbə Allah Rəsulunun aman vermə xəbərinə gəlir və o:

– Kim Əbu Sufyanın evinə sığınsa, o, təhlükəsizlikdədir! – deyirdi ki, ətrafdakılardan biri özünün saxlaya bilməyib:

– Allah canını alsın, Əbu Sufyanın evinə neçə nəfər sığar ki? – deyə etirazını bildirir. Əbu Sufyan davam edir:

– Hər kim qapısını örtüb öz evinə sığınsa, o da təhlükəsizlikdədir! Kəbəyə sığınanlar da təhlükəsizlikdədir, onlara da toxunulmayacaq!

Ərindəki bu dəyişilikliyi həzm edə bilməyən və gördüyü mənzərə qarşısında çılğınlaşan Hind isə Əbu Sufyana yaxınlaşır və alçaldıcı tərzdə bığlarından tutub məkkəlilərə səslənir:

– Dünənə qədər igid və qəhrəman olan bu qocalmış adamı öldürün. Bir qövm üçün o, necə pis gözətçi, necə pis rəhbərdir!