Misvər b. Məhrəmə (r.a.) rəvayət edir: “Bir gün Peyğəmbərimiz (s.ə.s.) səhabələrinin yanına gəldi və: “Allah-taala məni bütün insanlara Rəhmət olaraq göndərdi. O halda – Allah sizi bağışlasın – mənim adıma İslamı təbliğ vəzifəsini yerinə yetirin. İsa peyğəmbərin hüzurunda ixtilafa düşən həvariləri kimi ixtilafa düşməyin. Çünki mənim kimi İsa peyğəmbər də həvarilərinə müraciət etmişdi, amma onlar uzaq yerlərə getmək istəməmişdilər. Məryəm oğlu İsa bu vəziyyəti şikayət şəklində Allah-taalaya ərz etmişdi və onun hər bir həvarisi Allahın lütfü ilə qısa zamanda hansı xalqın yanına göndərilirdisə, həmin xalqın dilində danışırdı. İsa (əleyhissalam): “Bu, Allahın sizə əmr etdiyi bir vəzifədir, dərhal yerinə yetirin,” – dedi.
Səhabələr: “Ya Rəsulullah, biz də verəcəyin hər vəzifəni yerinə yetirəcəyik, bizi dilədiyin yerə göndər,” – dedilər.
Onların bu cavabının ardınca Rəsulullah (s.ə.s.) Abdullah b. Hüzafəni (r.a.) Kisranın, Səlit b. Amrı (r.a.) Yəmamə valisi Həvzənin, Ala b. Hadramini (r.a.) Həcər valisi Münzir b. Savanın, Amr b. Ası (r.a.) Umman məlikləri Cüləndinin iki oğlu Ceyfər və Abdınb, Dihyətul-Kəlbini (r.a.) Qeysərin, Şüca b. Vəhb ənsarini (r.a.) Qassanilərdən Münzir b. Harisənin, Amr b. Ümeyyətud-Damrini (r.a.) də Nəcaşinin yanına göndərdi. Ala b. Hadramidən başqa, bu elçilərin hamısı Allah Rəsulunun sağlığında Mədinəyə geri qayıtdı. Yalnız Ala b. Hadrəmi Peyğəmbərin (s.ə.s.) vəfatı ərəfəsində Bəhreyndə idi”.[1]
İbn Həcər “Fəthul-Bari” əsərində yazır: “Peyğəmbərin (s.ə.s.) həyatını araşdıran tarixçilər bu elçilər arasında aşağıdakı səhabələrin də olduğunu qeyd etmişlər: Rəsulullah (s.ə.s.) Mühacir b. Əbi Ümeyyəni Haris b. Abdi-Külalın, Cəriri (r.a.) Zül-Kəlaya, Saibi (r.a.) Müseyləmənin, Xatib ibn Əbi Bəltəanı (r.a.) da Muqavqisənin yanına göndərmişdir.”[2]
[1]. Təbərani, Mucəmul-Kəbir, 20/8 (12)
[2]. İbn Hacər, Fəthul-Bari, 8/128