- Səhabələr - https://sehabe.meneviyyat.az -

Piyada döyüşçülərin ən xeyirlisi

Sələmə ibn Əqva (r.a.) ərəblərin arasında tanınmış oxçulardan biri idi. O, cəsarət və igidliyi ilə tanınan, ox və nizə atmaqda, ata minməkdə mahir, düşmən üstünə yürüyən piyadaların ən qəhrəmanı idi.

Bəzi səbəblərə görə 3 dəfə beyət edən İbn Əqva Peyğəm­bərimiz ilə 7 döyüşə qatılmışdı. O, düşməni izləməkdə, təqib etməkdə və əsir götürməkdə mahir idi. Rəsulu-Əkrəm Hü­deybiyyədən dönərkən  Sələməni keşikçi təyin etmişdi.

Həzrət Sələmə ox və mizraq atmaqda təcrübəli idi, hə­dəfindən yayınmazdı. Onun döyüş üsulu belə olub: Düşmən ona hücum edəndə geri çəkilir, düşmən geri çəkiləndə və ya istirahət edəndə isə sürətlə üstünə şığıyardı. Həzrət Sələmə bu üsulla Zü Qarad qəzvəsində və bəzi səriyyələrdə düşmən dəstələrini təkbaşına dağıtmağa müvəffəq olmuşdur. Onun cəsarəti və igidliyi Zü Qarad qəzvəsində aşkar görünmüşdür.

Rəsuli-Əkrəmin (s.a.s.)  iyirmi  baş sağılan və boğaz dəvəsi Zü Qarad otlaqlarında otlayırdı. Bu yer Qatafan qəbiləsinə məxsus idi. Həzrət Sələmə hər səhər tezdən dəvələri sağıb, südünü Peyğəmbərimizə (s.a.s.)  aparmaq üçün atla bura gəlirdi. Bir gün Həzrət Əbdürrəhmanın köləsi Həzrət Sələməni Qabə dağının ətəyində görüb qaça-qaça yanına gəldi. Hadisənin davamını Həzrət  Sələmədən dinləyək:

 Onun çox həyəcanlı olduğunu görüb soruşdum:

– Sənə nə olub?

– Allah Rəsulunun çobanını şəhid etdilər, dəvələrini də apardılar .

– Dəvələri kim apardı?

– Qatafanoğulları.

Bu hadisə məni çox üzdü. Xəbər göndərib Mədinədən kömək istədim. Qatafan oğullarının ardınca düşdüm. Gözlə­nil­məz halda onlara ox atmağa başladım. Bir yandan ox atır, bir yandan da “Mən İbn Əqvayam, bu gün alçaqların ölüm günüdür” deyirdim. Üstümə gələn hər atlını öldürürdüm. Dağdakı yollar daralanda atdığım oxlar müşriklərə dəymirdi. Mən dağın başına çıxıb ox atmağa başladım. Onlar Zü Qarad adlı bir vadiyə doğru qaçdılar. Çox susadıqları üçün su içmək istəyirdilər. Ancaq mən onları qorxudaraq ordan da uzaqlaşdırdım. Bu vaxt Allah Rəsulu səhabələrlə birlikdə gəlib yetişdi. Onlarla bərabər müşriklərin ardınca düşdük. Mən piyada olsam da, səhabələrdən surətli gedərək müşriklərə o qədər yaxınlaşdım ki, arxadakı səhabələr görünməz oldu. Axırda müşriklər dəvələri qoyub qaçdılar”.

O gün Allah Rəsulu (s.a.s.) səhabələrə xitabən: “Süvarilərin ən yaxşısı Əbu Qatadə, piyadaların ən xeyirlisi isə Sələmədir” – buyurdu.

İbn Əqvan hər döyüşdə şücaətini göstərirdi. Saqif və Həvazin səfərlərində bir nəfər müşrik müsəlmanların yanına gələrək köməyini təklif etmişdi, ancaq sonra da gizlicə aradan çıxmışdı. Həzrət Sələmə də onu təqib etmiş, döyüşüb öldürmüşdü. Sonra da dəvəsini, silahını və əşyasını götürmüşdü. Hadisədən xəbər tutan Peyğəmbərimiz qənimətlərin hamısını Sələməyə vermişdi.

Həzrət Sələmə Həzrət Osmanın şəhid olmasından sonra Rəbzəyə köçdü. Hicrətin 74-cü ilində Mədinəyə ziyarətə gələndə orada vəfat etdi.

Həzrət Sələmə qaça-qaça sürətlə qaçan atı keçdiyi haqda rə­vayət var.[1]

 


[1] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 10/85