- Səhabələr - https://sehabe.meneviyyat.az -

Qədim səmavi kitabları oxuyan səhabələr

Abdullah ibn Səlam həm Quranı, həm də Tövratı oxuyardı. Abdullah ibn Amr ibn As da əhli-kitabın bir sıra kitablarını əldə etmiş, onların mütaliəsi ilə məşğul olmuşdur.

Həzrət Əli Salman Farisi haqqında belə demişdi: “Ona ilk elmlə son elm qismət olmuşdur. Onun biliyini təsəvvür etmək çətindir”.[1] Həzrət Əli digər bir rəvayətdə isə belə deyir: “O, ilk və son kitabı oxumuşdur. O, tükənməz bir dənizdir”.[2] Səlman Farisi “Əl-Bahisu anil-həqiqə” ləqəbi ilə tanınmışdır ki, bu da “həqiqətləri araşdıran” mənasına gəlir.

Bir dəfə Kab Əbu Hüreyrəyə bir neçə sual verib söhbət etmiş və sonra da belə demişdi: “Tövratı oxumadığı halda onu Əbu Hüreyrədən daha yaxşı bilən bir insan görməmişəm”[3].

Abdullah ibn Amr süryani dilində oxuya bilirdi.[4] Bir səhabə ondan Rəsulullahın Tövratda keçən xüsusiyyətlərini soruşmuş, o da Peyğəmbərimizin Quranda verilən xüsusiyyətlərindən bəzilərinin Tövratda da olduğunu demişdi.[5]

Tövratı və digər qədim dini kitabları oxumaq caizdir?

Yuxarıdakı hədislə bağlı bir neçə qeyd vermək yerinə dü­şərdi:

“Abdullah Qureyş tayfasından olan bir ərəbdir. Ondan Tövratda olanları soruşmaq doğru olmaz. İslam alimləri də Tövratı və digər qədim dini kitabları oxumağı caiz hesab etməmişlər.  O halda bunun mənası nədir?” deyə sual versəniz, cavabımız bu olar: Abdullah ibn Salam oxuyub yazmağı bacarırdı. O, Tövratı bilirdi. O, yuxusunda bir əlində bal, bir əlində yağ tutduğunu və onları yediyini görmüşdü. Səhər açılanda yuxusunu Rəsulullaha (s.a.s.) danışmışdı. Rəsulullah yuxunu belə yozmuşdu: “Sən iki kitabı – Quranı və Tövratı oxuyursan”[6].

Bəli o, hər iki kitabı oxuyurdu. Tövratı oxumaq qadağasına gəlincə İslam alimləri bu qadağanı açıq-aşkar ortaya qoysalar da, Rəsulullahın zamanında bəzi səhabələrin bu qadağaya tərəddüdsüz əməl etməsinə baxıb, qadağanı mütləq mənada anlamamaq lazımdır. Bu qadağa Tövratın nəsx (ləğv) edilmiş və təhrif olunmuş hökmlərini ayırd edə bilməyib bununla boş yerə vaxt keçirənlər haqqındadır. [7]

Burada iki məqamı bir-birindən ayırmaq lazımdır. Belə ki, dərin imanı və kifayət qədər biliyi olmayan müsəlmanların bu kitabı oxuması caiz deyildir. Dərin iman sahibləri isə əks tərəfin yanlışlığını isbat etmək, onu susdurmaq üçün zərurət olduqda oxuya bilərlər. Səhabələrdən bəziləri Tövratı oxumuşdur. Peyğəmbərimizin (s.a.s) bir gün Həzrət Ömərin ya­nında Tövratın min səhifəsini görüb qəzəblənməsindən haram hökmünün çıxarılmasına gəlincə; Rəsulallah bəzən mək­ruh bir əməlin işlənməsinə, Muazın sübh namazında qiraəti uzat­masına qəzəbləndiyi kimi, aydın bir məsələni anla­mayan insana da qəzəblənmişdir. Bu fikir dəlil kimi daha aşkar və qüvvətlidir.[8]

Bu kitabları oxuyub onlardan nümunələr vermək Bikayiyə görə caiz, Səhaviyə görə isə, caiz deyildir.

Rəsulullahın Tövrat üçün ayağa qalxması səhih məlumatdır. Bir rəvayətdə müqəddəs kitablar, xüsusən də Qurani-Kərim üçün ayağa qalxmaq haqqında dəlil vardır.

Hənəfi alimləri qüsulsuz olaraq Tövrat, Zəbur və İncil oxumağın məkruh olduğunu bildirir. Çünki hamısı Allahın kəlamıdır. Həm də bəzi təhrif olunan yerləri də tam məlum deyildir. Bu kitablara cünub halda toxunmaqdan çəkinmək lazımdır. Çünki bu kitablarda dəyişdirilməmiş ayələrə hörmət etmək vacibdir. Haram və mübah hökmü bir məsələdə bir­lə­şəndə haram hökmünə üstünlük verilir.[9]

 


[1] İbn Sad, 4/85

[2] İbn Sad, 4/86

[3] Təzkirətül-huffaz, 1/36

[4] İbn Sad, 4/266

[5] Buxari, Buyu, 50

[6] Heysəmi, Məcməüz-zəvaid,7/184

[7] Kəttani, Ət-təratibül-idariyyə, 3/224.

[8] İbn Həcər, Fəthül-Bari, 28/325

[9] İbn Abidin, Rəddül-muxtar, 1/173,175