Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Qətadə bin Numan (r.a.)

Tarix: 06.07.2013 | Bu məqalə 657 dəfə oxunub.

Ey uca Rəbbim, Qətadə üzü və gözü ilə Peyğəmbərini qorudu. Sən ona daha gözəl və yaxşı görən göz nəsib eylə!

( Hədisi-Şərif )

Səhabələr Peyğəmbərimizə (ə.s.v.) o qədər bağlanmışdılar idi ki, onun uğrunda hər anadan-atadan, yardan-yoldaşdan, mal­dan-mülkdən keçməyə hazır olmuşdular. İslam nurunu dünyada yaymaq üçün bütün varlığını fəda etmiş­dilər.

Onlar Rəsulullahı (s.ə.s.) hər şeydən çox sevirdilər. Çünki kamil imana sahib idilər. Onların dilində gəzən bu ifadələr yalnız söz xətrinə deyilmirdi:

“Anam, atam, malım, övladım və nəfsim sənə fəda olsun, ya Rəsulallah!”

Onlar bu sözləri qəlblərinə və mənliklərinə həkk etmişdilər. Rəsulullahı şad görsələr, üzləri gülər, onun üzündə kədər hiss etsələr, dünyaları qaralardı. Çünki bu zat onların əbədi səadətinə səbəb olan insandır.

Uhud döyüşünün ən dəhşətli anları yaşanırdı… Döyüş əsnasında müşriklərin məğlub olduğun zənn edən oxçular Rəsulullahın əmrinə itaətdəki incəliyi anlamadıqları üçün zəfər havasına qapıldılar və mövqelərini tərk etdilər. Daha sonra Müsəlman olub “Allahın Qılıncı” ləqəbini qazanan Xalid bin Vəlid dərhal bundan istifadə edib İslam ordusuna arxadan hücum etdi. Müsəlmanlar iki od arasında qalmışdılar. Hətta müşriklər Rəsuli-Əkrəmin (a.s.m.) yanına yaxınlaşa bilmiş və ətrafına ox yağdırmağa başlamışdılar. Onların əsas məqsədləri Rəsuli-Əkrəmi (a.s.m.) öldürmək idi. Ancaq fədakar səhabələr vücudları­nı Peyğəmbərləri qarşısında sipər etmişdilər. Sanki onun ətrafında ətdən qala düzəltmişdilər. Bütün bu fədakarlıqlara baxmayaraq, bir ox Rəsulullahın (a.s.m.) çənəsinə batmış və mübarək dişini qırmışdı. Yıxıldığı yerdən qal­xan Rəsulullah (a.s.m.): “Rəbbinə imana dəvət edən Peyğəmbər­ini qana bulayan bir qövm necə xilas ola bilər?!” ‒ deyə kədərini bildirirdi. Bununla bağlı bir ayə nazil oldu: “Ey Rəsulum! Qulların əməllərinin heç birindən sən məsul deyilsən. Al­lah ya onlara tövbəni nəsib edər, yaxud zalım olduqlarına görə onları əzaba uğradar. Göylərdə və yerdə nə varsa, Allahındır. Dilədiyini bağışlayar, dilədiyinə əzab verər. Allah bağışlayan və rəhm edəndir”. [1]

Məhz o çətin gündə müşrik oxlarına sinəsini sipər edən və üzünü Peyğəmbərə tərəf gələn oxa tutan bir qəhrəman vardı. Ona batan oxların ağrısını belə hiss etmirdi… Bir tərəfdən sinəsinə batan oxları çəkib çıxarır, digər tərəfdən də yaya ox qoyub düş­mənə atırdı. Bu şəxs Allah və Rəsuluna (a.s.m.) canını fəda edən səhabə Qətadə bin Numan idi. Sinəsi ox yaralarından dəlik-dəlik olmuş, qanlara boyanmışdı. Amma onda elə bir Rəsulullah eşqi vardı ki, bunlara əhəmiyyət vermir, əsla Rəsulullahın (a.s.m.) yanından ayrılmırdı. Üzünü onun üzünə sipər edirdi. Elə o əsnada bir ox gəlib gözünə batdı. Göz bəbəyi hədəqəsindən çıxmışdı. Rəsulullaha (a.s.m.) tərəf uçan oxa mane olarkən gözündən olmuşdu. Yerində səndələdi. Onun bu vəziyyətini görən Rəsulullah dözə bilmədi və göz yaşları içində belə duada etdi: “Ey uca Rəbbim, Qətadə üzü və gözü ilə Peyğəmbərini qorudu. Sən ona daha gözəl və yaxşı görən göz nəsib eylə!”

Sonra da xəstələrə şəfa, dərdlilərə dərman olan möcüzəvi əli ilə Qətadənin göz bəbəyini yerinə yerləşdirdi. Onun duası və möcüzəvi əli sayəsin­də Qətadənin gözü əvvəlkindən daha gözəl və möhkəm olmuşdu. Hətta Uhud döyüşündən sonra bu möcüzəyə səbəb olan səhabə kimi məşhur olmuşdu. Qətadənin bir nəvəsi illər sonra İslam xəlifəsi Ömər bin Əbdüləzizin (r.a.) hüzuruna gələndə özünü bu şəkildə tanıtmışdı: “Mən elə bir şəxsin nəvəsiyəm ki, Rəsuli-Əkrəm (a.s.m.) onun çıxmış gözünü yerinə qoyub o anda şəfa tapmış və gözlərin ən gözəli olmuşdur”.[2]

Qətadə bin Numan səhabələrin öndə gələnlərindən olub fədakar və igid bir insan idi. “Birinci Əqəbə” beyətində Müsəlman olanlardan idi. Başda Bə­dir, Uhud və Xəndək olmaqla, Rəsuli-Əkrəm (a.s.m.) və İslam dini uğrunda olan bir çox döyüşlərdə iştirak etmişdi.

İslam günəşinin Ərəbistan yarımadasını hakimiyyəti altına aldığı və Mək­kənin fəth edildiyi gün bu mübarizələrdə fədakarlıqlar göstərən, yaşlanan Qətadəyə Peyğəmbərimiz bir əsa vermişdi. Bu, möcüzəvi bir əsa idi. Bu əsa Qətadənin ətrafındakı 10 arşın dairəni işıqlandırırdı.[3]

Hicrətin 23-cü ilində 65 yaşında vəfat edən bu səhabənin fədakarlıq anlayışının bizlərə nümunə olmasını diləyir, Allahdan bizləri də şəfaətlərinə nail etməsini niyaz edirik.



[1] “Ali İmran” surəsi, 128-129

[2] Üsdül-Ğabə, 195; Məktubat, s. 143

[3] Üsdül-Ğabə, 196

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.