Səhabələr

Qalacağı yeni yurd – Mədinə

İlahi Rəhmət və açılan əfv qapısı

Bu günədək gələn ayələrə və Peyğəmbərimizin bəyanlarına nəzər salanda ilahi əzabın dəhşəti qədər Allah mərhəmətinin genişliyi də möminlər arasında məlum məsələ idi. Amma hər kəs bunu eyni səviyyədə dərk edə bilməmişdi. Xüsusilə də, Quran və Sünnə kimi iki əsas mənbədən uzaq qalanlar və ya hələ təzə müsəlman olanlar həm keçmişdəki səhvlərinin xəcalətini çəkir, həm də Allahın əzabından duyduqları əndişəni iliklərinə kimi hiss edirdilər. Əslində, Allah Rəsulu (s.ə.s.) İslamın müsəlman olunca keçmişə aid bütün cahil əməlləri təmizlədiyini bildirirdi.[51] Ancaq vicdan adlı mexanizm tez-tez meydana  girir və səmimi müsəlmanlara belə İslamdan əvvələ aid hadisələri xatırladır, onları narahat edirdi. Onsuz da, səhabələrin hamısı əvvəlki həyatın əvəzini çıxmağa çalışır və buna görə də, keçmişdə etdikləri xətalardan arınıb özlərini əfv etdirmək üçün əllərindən gələni əsirgəmirdilər.

Bəzi adamlar işin həqiqi tərəfini az da olsa başa düşmüş, amma heç cür iman cərgəsinə qoşula bilməmişdilər. Bir də bütlərə sitayiş etməklə adam öldürməyin necə böyük günah olduğunu eşitmişdilər, heç cür “tilsimi sındırıb” imanın rəhmət limanına sığınmaqla xətalarından uzaqlaşa bilmirdilər. Şeytan açıq-aşkar haqq surətində görünüb sağ tərəfdən yaxınlaşır və imanla yumşalan qəlblərə imansız dövrdə yaşadıqları pislikləri xatırladır, beləcə, onların xeyrə yönəlməsinə mane olurdu. Onlar keçmişə nəzər yetirəndə səhərəcən içki içib əylənməyi, əylənərkən də neçə-neçə namusu tapdalamağı göz qabağına gətirir və öz içlərində belə fikirləşirdilər:

− Məhəmməd bütlərə sitayiş edənlərin və haqsız yerə bir adamı öldürənin bağışlanmayacağını bildirir. Vəziyyət belə olduğu halda, biz necə iman gətirər və hicrət edib  Mədinəyə köçə bilərik? Halbuki, biz Allahdan başqa tanrılar hesab etdiyimiz bütlərin qarşısında əyilib onlara qulluq etdik və Allahın haram buyurduğu əməli də − insan  həyatına qıymağı da işlədik.

Digər tərəfdə isə Ayyaş ibn Əbi Rəbia, Hişam ibnul-As və Vəlid ibnul-Vəlid kimi müsəlman olan bəzi adamların yolu kəsilmiş və hicrət etmələrinə imkan verilməmişdi. Hətta bundan da pis rəftar edir, onları ciddi təzyiq altında saxlayır və dinindən döndərmək üçün işgəncə verirdilər. Möminlər bu əzablara və zülmlərə dözə bilməyib “bəli” deyənlərin halına acıyır və artıq onların ilahi nemətə qovuşacaqlarını güman etmirdilər. Hətta belə deyirdilər:

− Allah (cəllə cəlaluhu) əsla və heç vaxt onların tövbələrini qəbul edib bağışlamaz!

Belə bir vəziyyətdə yenə Cəbrail gəlmiş və mərhəmət qapısından ümid gözləyənlərə müjdə gətirmişdi:

− Ey Mənim günah işləyərək özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın. Allah tövbə etdikdə bütün günahları bağışlayar. Çünki O, çox bağışlayan Ğafur, mərhəmət və ehsanı bol olan Rahimdir![52]

Bu ayələrlə birbaşa Allah (cəllə cəlaluhu) bəndələrinə ümid verir və günahının necəliyindən asılı olmayaraq, qapısına gələnlərin əliboş qayıtmayacağını ərz edirdi.

Səhabələr vəfalı insanlar idi. Başqa cür də ola bilməzdi, çünki onlar Əhli-Vəfanın − Allah Rəsulunun əlinin altında tərbiyə almış, dünyaya da vəfa dərsi verirdilər. Hz. Ömər də belə edəcəkdi. Bu ayələri eşidər-eşitməz Qubaya kimi onunla yol yoldaşı olan, orada Əbu Cəhilin tələsinə düşüb geriyə qayıdan və Məkkədə işgəncələrə məruz qalan Ayyaş ibn Əbi Rəbia ilə hələ Məkkədə maneələri aşıb heç cür hicrət etmək imkanı tapmayan Hişam ibnul- As, Vəlid ibnul-Vəlid və onlarla eyni vəziyyətdə olan digər insanlara bir məktub yazacaq və məktubunda həmin ayədən bəhs edərək onların əhval-ruhiyyəsini yüksəltməyə çalışacaqdı. Çünki belə bir imtahan içində olanları tək buraxmamaq və onlara mənəvi dəstək vermək lazım idi.

Möhnət içində yaşayan bu adamlar Hz. Ömərin məktubunu alınca yenidən özlərinə gələcək, heç nəyə baxmayaraq qapının onların üzünə açıq olduğunu görüb Mədinəyə hicrət yollarını axtaracaq və bir gün buna da nail olacaqdılar. Məktubu oxuyan kimi dərhal Zituva adlı yerə gələn Hişam həmin gün sevincini ifadə etməyə söz tapa bilməyəcək və dəvəsinə minib birbaşa Mədinəyə yollanacaqdı.[53]

Əsad ibn Zürarənin vəfatı və nifaq toxumunun cücərməsi

Ənsar arasından Əqabə beyətlərində iştirak edən və Bəni Nəccaroğullarının nümayəndəsi seçilən böyük səhabə Əsad ibn Zürarə (Əbu Ümamə) Məscidi-Nəbəvinin tikintisi ərəfəsində xəstələnmiş, evində xəstə yatırdı. Çox keçmədən də, vəfat xəbəri  gəlir. Bu, hicrətdən sonra baş verən ilk hadisə idi. Mədinə bir anda yasa bürünmüşdü. Kədərə qərq olanların başında, əlbəttə ki, Allah Rəsulu (s.ə.s.) dayanırdı. Ancaq bu da bir tale idi və əldən heç nə gəlməzdi.

Digər tərəfdən, bir qüsur tapıb tənqid etməyə fürsət axtaranların  günü doğmuşdu:

− Əgər Məhəmməd, həqiqətən peyğəmbər olsaydı, Onun səhabələri ölməzdi, − deyirdilər.

Qəribə vəziyyət idi: “Sanki əvvəlki peyğəmbərlərin səhabələri ölümsüzlük şərabı içmiş və əbədi yaşayırdı”. Əslində bunu deyənlər Hz. Musanın və Hz. Harunun da fani, yəni ölümlü bir insan övladı olduğunu bilir və İsrailoğullarının da fani olduğunu görürdülər. Deməli, məsələ ölümsüzlük tələb etmək deyildi, əsl məqsəd sabitliyi pozmaq idi.

Digər tərəfdən isə belə bir münasibət insanların məcbur qalıb gizlətdiyi həqiqi niyyətlərini ortaya çıxarır və nifaq toxumlarının ortaya çıxmasına səbəb olurdu. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) kədərini dilə gətirərkən belə buyuracaqdı:

− Əbu Ümamənin ölümü ilə ərəb münafiqlər və bəzi yəhudilər nə pis mənfəət yarışına başladılar! Onlar “Əgər Məhəmməd həqiqi peyğəmbər olsaydı, səhabələri ölməzdi” deyirlər. Fəsubhanəllah! Mən Allahın iradəsinin qarşısında nə özümə, nə də hansısa yoldaşıma sahib ola bilmərəm!”[54]

Peyğəmbərimizin bu cümlələri bir səhabənin vəfat etməsini bəhanə edib öz niyyətlərini ortaya qoyan münafiqlərə və fürsət düşkünlərinə sitəmlə dolu idi. Çünki ölümü verən də, həyatı alan da Allahdır və onlar da bunu çox yaxşı bilirdilər.

Cənazənin kəfənlənmə və dəfn işləri qurtarandan sonra Nəccaroğulları Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hüzuruna gələrək:

− Ey Allahın Rəsulu! Bilirsən ki, Əbu Ümamə bizim elçimiz idi. Artıq o vəfat edib, Sən onun yerinə bizlərdən birini elçi təyin et!

Allah Rəsulu (s.ə.s.) əvvəlcə şəfqət və mərhəmət dolu baxışları ilə onları qucaqlayır. Sonra da:

− Siz mənim dayıuşaqlarımsınız. Mən də sizlərdən biri sayılıram. Bundan sonra, sizin nümayəndəniz də mənəm, − deyə buyurur. Bəni-Nəccarın sevincinin həddi-hüdudu  yox idi. Düzdür, ən etibarlı elçilərini itirmişdilər, amma indi Allah (c.c.) onlara insanlığın ən xeyirlisi olan Rəsulunu vəkil etmişdi.[55]