Səhabələr

Qalacağı yeni yurd – Mədinə

Qaldığı ilk ev

Qubadakı həyəcan Mədinədə də yaşanırdı. Hər kəs yol kənarına düzülmüş, Peyğəmbərimizi öz evində qonaq saxlamaq üçün bir-biri ilə yarışa girmişdi. Allah Rəsulu kimin evinə yaxınlaşırdısa, ev əhli ürəyindən “Bizim evdə qonaq qalacaq” ümidini keçirir və sevinclə Peyğəmbərimizi evinə dəvət edirdi. Amma O (sallallahu əleyhi və səlləm), bütün istəklərə:

− Dəvənin ovsarını sərbəst buraxın, çünki o bir məmurdur, vəzifəsi var, − buyurmuş və Mədinədə qalmaq işini Allaha təvəkkül içində taleyin hökmünə buraxmışdı. Bu, həmçinin başqa cür fikirləşən adamların qarşısını almaq üçün bir çözüm idi. Rəsulullahın Qasva adlı dəvəsi Mədinədə addımlayarkən arxasınca insan seli meydana gəlmiş və onun getdiyi yerə tərəf axışırdı.

Mədinə küçələrində irəliləyən dəvə sıra ilə Utban ibn Malik, Abbas ibn Übadə, Ziyad ibn Vəlid, Fərvə ibn Amr, Sad ibn Übadə, Munzir ibn Amr, Sad ibn Rəbi, Haricə ibn Zeyd, Abdullah ibn Rəvaha, Adiyy ibn Nəccar, Səlit ibn Qays və onun atası Əbu Səlitin evinin qabağından keçir, yaxınlaşdığı hər evdə eyni həyəcan hiss edilir və onlar Allah Rəsulunu (s.ə.s.) evinə dəvət edirdi. Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm) də hər dəvətə cavab olaraq dəvəni nəzərdə tutaraq:

− Onun yolunu kəsməyin, çünki o, bu iş üçün məmurdur, − deyə təkrarlayırdı.[7]

Nəccaroğullarının balaca qız uşaqları daha da coşmuş, məhəllələ­rinə qonaq gələn Allah Rəsuluna “Xoş gəldin” deyirdilər:

− Bizlər  Bəni-Nəccarın qonşu uşaqlarıyıq, nə xoşbəxtik ki, bizim qonşumuz artıq Allah Rəsuludur, − səsləri yüksəlirdi. Peyğəmbərimiz (s.ə.s.) onlara tərəf dönür:

− Siz məni sevirsinizmi? − deyə soruşur. Sevmək nə demək... Bir anda meydan coşur:

− Bəli, ey Allahın Rəsulu! Bəli, ya Rəsulullah!

Bu qədər könüldən gələn sevgi selinin müqabilində Allah Rəsulu:

− Vallah, Mən də sizi sevirəm! Vallah, Mən də sizi sevirəm! Vallah, Mən də sizi sevirəm!− deyə buyurur.[8]

Bu vaxt Qasvə bir evin qabağında dayanır, ətrafına baxır. Bir az da gedir, sonra da ilk dayandığı yerə qayıdır. Aydın idi ki, ona verilən tarixi missiyanı yerinə yetirməyə çalışırdı. Bir qədər də gözləyir və elə oradaca çökür.[9]

Ənsar və mühacirlər bir-birinə baxırdı. Artıq Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) qonaq qalacağı yer də məlum olmuşdu. Əbu Əyyub Xalid ibn Zeydin yanaqlarından göz yaşları süzülürdü. Çünki dəvənin çökdüyü yerə ən yaxın ev onun evi idi. Peyğəmbərimiz (s.ə.s.) soruşur:

− Ən yaxın ev kimindir?

− Mənim evimdir, ey Allahın Rəsulu, − deyərək irəli atılır Əbu Əyyub həzrətləri. Baxın, bu, mənim evimdir və bu da onun qapısı”, − deyir. Hz. Məhəmməd (s.ə.s.) belə buyurur:

− Elə isə, sənin evində qonaq qalaq.

Əbu Əyyub:

− Buyurun içəri, − deyərək Rəsulullahı evinə dəvət edir. Allah Rəsulu (s.ə.s.) da yeddi ay burada qalacaqdı.[10]

Bu evin maraqlı tarixi vardı. Belə ki, həmin ev əsrlər əvvəl Tubba hökmdarı Əsadul Himyerinin,[11]axırzaman Peyğəmbər bura hicrət etdiyi gün içində qalsın deyə tikdirdiyi ev idi. Əsadül-Himyeri bir gün səltənətini Yəməndə qoyaraq Son Peyğəmbərin hicrət edəcəyi yer kimi bildirilən Yəsribə gəlmişdi. O vaxt Son Peyğəmbərin gələcəyindən təkcə özünün xəbərdar olmadığını və bir çox səmimi insanın da Onu burada gözlədiyini görmüş və o da burada qalmağa qərar vermişdi. Çox keçmədən səmimi bir niyyətlə ev tikdirəcək və bu evdə Gələcək Peyğəmbəri qonaq saxlamaq istəyəcəkdi.[12]

Niyyət gözəl, göstərilən səylər də səmimi idi, amma ömür qısa, həyat da məhdud... Əcəlinin yaxınlaşdığını hiss edib etibar etdiyi ən bilikli adamı yanına çağırır və ona bir məktub verir. Həmin məktubu görə bilmədiyi Son Peyğəmbərə çatdırmaq istəyirdi. Əgər o da görməsə, bu məktubu Onu görə biləcək bir adama əmanət etməli idi. Və beləcə, bunu özündən sonrakılara bir vəsiyyət olaraq qoyub gedirdi. Nəhayət, Tubba hökmdarı da Onun gəlişini gözləyə-gözləyə axirət dünyasına köçmüşdü.[13]