Səhabələr

Qalacağı yeni yurd – Mədinə

Yuxarı mərtəbəyə...

Kainatın Fəxri (s.ə.s.) Əbu Əyyub əl-Ənsarinin evində məskunlaşmışdı, amma belə məskunlaşma Əbu Əyyubun ürəyinə heç yatmamışdı. Çünki Allah Rəsulu (s.ə.s.) evin aşağı mərtəbəsini seçmişdi və gecələrini burada keçirirdi. Əbu Əyyub xanımı Ümmü Əyyubla öz aralarında danışaraq narahatlıqlarını dilə gətirirdilər:

− Necə olur ki, Peyğəmbərimiz aşağı mərtəbədə qalır, biz isə Onun başı üstündə gəzirik!

Nəhayət, onları narahat edən bu məsələni Peyğəmbərimizə danışmaq qərarına gəlirlər və yuxarı mərtəbəyə dəvət etmək üçün hüzuruna gedirlər:

− Ey Allahın Peyğəmbəri! Atam-anam Sənə fəda olsun! İnan ki, Sizin aşağı mərtəbədə olmağınız bizi çox narahat edir. Xahiş edirik, Siz yuxarı mərtəbəyə köçün, biz də aşağıda qalaq,− deyirlər. Amma Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlar kimi fikirləşmirdi. Onları narahat edən bu məsələni dəfələrlə Allah Rəsuluna söyləyirlər, amma  Rəsulullah (s.ə.s.) hər dəfə:

− Ey Əbu Əyyub! Bizi əhatə edən nemətlər baxımından və bizim üçün ən münasibi aşağı mərtəbədə yaşamaqdır, − deyir, bunu  heç cür qəbul etmirdi.[18]

Bir gün Əbu Əyyub yenə eyni təkliflə gəlmiş və qəbul edilmədiyini görüncə:

−Sənin üstündəki  mərtəbədə mən qətiyyən yaşaya bilmərəm, − demiş, bir daha xahiş etmişdi. Nəticə yenə dəyişmirdi. Nəhayət, bir gün Əbu Əyyub su ilə dolu səhəngi aşırmış və sınan səhəngin bütün suyu aşağı mərtəbəyə axmağa başlamışdı. Su aşağı mərtəbəyə tökülmədən özünü yetirən ər-arvad əllərindəki bezlərlə suyun yayılmasının qarşısını almağa çalışmışdılar. Su Rəsulullahın üstünə töküləcək əndişəsi ilə ürəkləri ağızlarına gəlmiş və üzləri sapsarı saralmışdı. Aydın idi ki, bu iş belə davam etməyəcəkdi. Bu dəfə daha qərarlı halda:

− Ey Allahın Rəsulu! Bizim artıq Səndən üstdə qalmağımız mümkün deyil! Nə olar, yuxarıya keç!

Bu, istəkdən çox bir yalvarış  idi. Əbu Əyyub Rəsulullaha (s.ə.s.) belə deyirdi:

− Sənin alt mərtəbəsində olduğun yerin üst mərtəbəsinə əsla çıxa bilmərəm!

Bu qədər səmimiyyət və təkiddən sonra Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Əbu Əyyubun xətrinə dəyməyəcək və həmin axşam yuxarı mərtəbəyə köçəcək,[19]  Məscidi-Nəbəvi tikilənə qədər də burada qalacaqdı.

Dünyanın ən xoşbəxt ev sahibi olan Əbu Əyyub və ailəsi Peyğəmbərimizin rahatlığı üçün o qədər diqqətli hərəkət edir və könlünü qırmamaq üçün o qədər həssas davranırdılar ki, hətta Allah Rəsuluna yeməyə nə isə göndərəndə geri qayıdan süfrənin üstünə diqqətlə baxıb araşdırır və Onun sevdiyi yeməkləri təsbit etməyə çalışırdılar. Onlar həmçinin öz qidalarını Peyğəmbərimizin mübarək əlinin dəydiyi yerdən götürməyə səy göstərir və qarınlarını Rəsulullahın süfrəsindən qalanlarla doyurmağı ən böyük bəxtiyarlıq hesab edirdilər.

Bir gün içində çoxlu soğan və sarımsaq olan yemək bişirmiş və Allah Rəsuluna göndərmişdilər. Yenə gözləyirdilər: Rəsulullah yeməyini yeyəcək və onlardan artıq qalanlarla qarınlarını doyuran Əyyub ailəsi Allahdan bərəkət istəyəcəkdi. Ancaq həmin gün həmişəki kimi olmadı. Süfrə geri qayıtmışdı, amma yeməyə əl də vurulmamışdı. Ailə “Peyğəmbərimizə yanlış bir yemək göndərdik” deyə narahatçılıq keçirirdi. Əbu Əyyub dərhal Hz.Məhəmmədin (s.ə.s.) hüzuruna qalxır:

− Ey Allahın Rəsulu! Atam-anam Sənə fəda olsun! Yeməyə heç əl vurmadan geri göndərmisiniz! Yoxsa bu, haramdır? − deyə soruşur. Cavabı eşidən ailə rahat nəfəs alacaqdı:

− Xeyr! Amma Mən bu yeməyi xoş görmürəm. Çünki içində soğan (və ya sarımsaq) qoxusunu hiss etdim. Bilirsən ki, Mən həmişə Rəbbimlə irtibat içindəyəm!

Əbu Əyyub dərhal belə reaksiya verir:

− Sənin xoşlamadığını mən də xoşlamaram, − deyir.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir addım da atır və məsələnin yanlış başa düşülməsinin qarşısını almaq istəyirdi. Buna görə də belə buyurur:

− Amma siz onu yeyin!

Allah Rəsulundan belə bir cavab alsalar da, onlar heç vaxt bu yeməkdən bişirmədilər.[20]

Məhz bu, bir səhabə həssaslığı, səhabə diqqəti idi: Allah Rəsulunu nəinki əmr və tövsiyələrində, hətta  arzu və istəklərində belə təqib edir, üzündəki xoşnudsuzluqdan da hökm çıxarıb Allahın ən sevgili qulunu  məmnun  etməyə çalışırdılar.