Səhabələr

Qalacağı yeni yurd – Mədinə

Qardaşlıq telləri

Rəsulullah (sallallahu əleyhi və səlləm) artıq Mədinəyə gəlmişdi, amma bu gəlişi ilə yanaşı həllini gözləyən bir çox problemlər vardı. Gələnlərin sayı üç-beş nəfərlə məhdudlaşmırdı. Müsəlman olduğu halda Məkkədə qalanlar barmaqla sayılacaq qədər idi və digərləri Mədinəyə hicrət etmişdi. Üstəlik hər bir insan ailəsi ilə birgə buraya gəlir, yaxud ailəsini sonradan gətirirdi. Başqa yol da yox idi və ola da bilməzdi... Cəmi yüz səksən altı ailə idi. Ailələr də heç də iki nəfərdən ibarət deyildi. Söhbət oğul-uşaq etibarilə böyük külfətdən gedirdi. Bəs bu qədər adam harada qonaq qalacaq və məişətlərini necə təmin edəcəkdi? Bir neçə günlük çarə tapmaq olardı, amma bu hicrət üç-dörd günlük bir səfər deyildi.

Məhz bütün bu suallara cavab tapmaq üçün Rəsulullahın (s.ə.s.) ilk işlərindən biri, Məkkədən gələn mühacirlərlə mədinəli müsəlmanlar − Ənsar arasında qardaşlıq əlaqələri qurmaq olur. Müasir mənada bir növ qardaş ailəyə bənzər bir metodla ilk mərhələdə qırx beş ailənin məskunlaşma və başqa sosial problemləri yoluna qoyulur. Ənəs ibn Malikin evində səhabələri ilə bir araya gələn Allah Rəsulu[21] onlara belə deyirdi:

− Allah üçün iki-iki qardaş olun!

Müsəlman camaatın bir-biri ilə qaynayıb-qarışması üçün Allah Rəsulunun bu gün ortaya qoyduğu qardaşlıq anlayışı sadəcə hicrətdən sonra tətbiq olunan bir üsul deyildi. Hz. Məhəmməd (s.ə.s.) hələ Məkkə illərində Zübeyr ibn Avvamla Abdullah ibn Məsudu qardaş elan etmiş və bununla da keşməkeşli Məkkə dönəmində qardaşlıqdan da möhkəm həmrəyliklə hər cür çətinliyə sinə gərməyi qarşıya məqsəd qoymuşdu.

Bu qardaşlığı ilk öncə Allah Rəsulu özü həyata keçirir. Bu məqsədlə əmisi oğlu Hz. Əlinin əlini qaldırır və:

− Budur, bu, mənim qardaşım, − buyurur.

Allah Rəsulu uşaqlıqdan yanında qalan və Peyğəmbər tərbiyəsi ilə yetişən əmisi oğlu Hz. Əlini heç kimə buraxmır, Özünə qardaş elan edirdi. Sonra da “aslan ovçusu” əmisi Hz. Həmzə[22] ilə cahil cəmiyyətin səhvinə qurban gedib qula çevrilən, amma taleyin üzünə gülməsi ilə Peyğəmbərimizə (s.ə.s.) xidmət etmək şərəfinə nail olan və  azad  edilən Zeyd ibn Harisəni qardaş elan edir və görünür, Rəsulullah (sallallahu əleyhi və səlləm) bu iki qəhrəmanın xüsusilə yaxında olmasını istəyirdi.

Bir anda Mədinəni bürüyən bu həyəcanlı qardaşlaşmada artıq hər bir ənsar onun üçün adı çəkiləcək mühaciri gözləyirdi. Çox gözləməli olmadılar: Hz. Əbu Bəkirlə Haricə ibn Züheyr, Hz. Ömərlə İtban ibn Malik, Əbu Ubeydə ilə Sad ibn Muaz, Abdurrahman ibn Avfla Sad ibn Rəbi, Zübeyr ibn Avvamla[23]  Səlamə ibn Səlamə, Hz. Osmanla Əvs ibn Sabit, Talha ibn Ubeydullahla Kab ibn Malik, Sad ibn Zeydlə Ubey ibn Kab, Cəfər ibn Əbi Taliblə[24] Muaz ibn Cəbəl, Musab ibn Umeyrlə Əbu Əyyub Xalid ibn Zeyd, Əbu Hüzeyfə ilə Abbad ibn Bişr, Ammar ibn Yasirlə Huzeyfə ibnul-Yəman və Bilali Həbəşi ilə Əbu Ruveyha[25] qardaş olacaq, ardınca bu miqdar əvvəlcə yüz əlli,[26] sonra da yüz səksən altı ailəni əhatə edəcək və qardaş tapmayan bir mühacir belə qalmayacaqdı.

Şübhəsiz ki, bu qardaşlıq təsisatında qarşılıqlı fədakarlıq ön plana çıxacaq, Məkkədən gələn mühacirlər Ənsarın bütün təkidlərinə baxmayaraq, öz alın təri ilə yaşamaq yarışına girəcəkdi. Sad ibn Rəbi ona qardaş elan edilən Abdurrahman ibn Avfı evinə aparmışdı. Evinə Hz. Məhəmməd gəlmiş kimi sevinir və onun üçün daha çox şey etmək istəyirdi. Buna görə də, əvvəlcə Abdurrahmana belə deyir:

− Ey qardaşım! Mən var-dövlətcə Mədinənin ən imkanlı adamlarından biriyəm. Mal-dövlətimin yarısı sənə halal olsun, götür onu! Bundan başqa nikahım altında iki arvadım var. Onlardan hansını bəyənirsənsə, bax, mən onu boşayım, şəriətin buyurduğu müddəti  gözləsin və sonra da sən onunla evlən!

Bunlar Abdurrahman ibn Avfın qanını donduran təkliflər idi. Bir yandan Məkkədə başlarına gələnləri fikirləşir, digər tərəfdən də Mədinənin onlara necə qucaq açmasına baxırdı. Az qala dünən müsəlman olan Ənsarın bu fədakarlığı qarşısında utanırdı. Bu vaxt mühacirlərə qapılarını açan ənsarla bağlı Quran ayələri keçdi beynindən! Əlbəttə, Allah (cəllə cəlaluhu) onların qəlbində olanlardan xəbərdar idi və olanı nazil edirdi:

− Mühacirlərdən əvvəl Mədinədə yurd salmış və iman gətirmiş kimsələr (ənsar) öz yanlarına hicrət edənləri sevər, onlara verilən maddi paylara görə qəlblərində həsəd (qəzəb) duymadıqları kimi, özləri hədsiz ehtiyac içində qıvrılsalar belə, onları öz nəfslərindən üstün tutarlar.[27]

Amma Məkkədən gələn müsəlmanlar da Mədinəyə dünya mənfəəti əldə etmək üçün gəlməmişdilər. Buna görə də Abdurrahman (r.a.):

− Malın da, həyat yoldaşların da sənin üçün mübarək olsun, − deyir əvvəlcə. Sonra da: “Sən mənə bazarın yolunu göstər,” − deyə əlavə edir. Mömin bir adam üçün gözütox olmaq çox vacib prinsip idi və o, öz qazancını alın təri ilə qazanmalı, məişət ehtiyaclarını da öz zəhməti ilə təmin etməli idi.

Hz. Sadın təkliflərini qəbul etməyən Hz. Abdurrahman səhərisi günü Bəni Qaynuqa bazarında idi. Bundan sonra da həmişə bazarlarda olacaqdı. Onun öz ifadəsi ilə desək, əlini hansı daşa toxundursa, sanki qızıl-gümüşə çevrilirdi.[28] Deməli, Allah hadisələri yaxşı qavrayanların və Onun rizasını qazanmaqda qərarlı olanların yolunu hər işdə açırdı.

Bir gün Rəsulullahın (s.ə.s.) hüzuruna gəlmişdilər.  Birdən Rəsulullah (sallallahu əleyhi və səlləm):

− Bu nə işdir? − deyə soruşur. Çünki Abdurrahman ibn Avf zəfəran ətri vurub məclisə gəlmişdi.

− Ənsardan bir qadınla evləndim, ey Allahın Rəsulu! − deyə cavab verir Hz. Abdurrahman.

Peyğəmbərimiz dərhal soruşur:

− Mehirini də verdinmi?

− Bəli, beş dirhəm ağırlığında qızıl verdim, − deyir. Deməli, Abdurrahman işlərini yoluna qoymuş və ticarətdə müəyyən uğurlar qazanmışdı. Belə bir nailiyyətin başqa insanlarla da paylaşılması və eyni yolda gedənlərə dəstək verilməsi lazım idi. Elə isə, növbə bu nikahı elan etməyə gəlmişdi. Peyğəmbərimiz (s.ə.s.):

− Bir qoyun da olsa, toy yeməyi ver! − deyə buyurur.[29]

Sad ibn Rəbi ilə Abdurrahman ibn Avf arasında olduğu kimi, bəzi insanlar mühacirlərlə ənsar arasında qurulan bu qardaşlığın varislik haqqını da doğuracağı qənaətinə gəlmişdilər. Buna görə də, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna  gələrək:

− Ey Allahın Peyğəmbəri! Xurmalıqları mühacir qardaşlarımızla bizim aramızda böl, − deyə təklif edirdilər. İşin təəccüblü tərəfi o idi ki, bu təklifi məhz ənsar irəli sürürdü.

− Xeyr, − deyir əvvəlcə. Sonra da:

− Çalışıb alın təri tökməkdə müştərək hərəkət edin və əldə edilən meyvələri də aranızda bölüşdürün,− buyurur.[30] Bunun mənası   açıq-aşkar idi: hər kəs bundan sonra əlindən gələni əsirgəməyəcək və məkkəli mühacirlərlə mədinəli ənsar ailələri əldə etdikləri məhsulu bir-biri ilə bölüşəcək və beləcə, qarşılıqlı yardımlaşma mühitində bir həyat yaşayacaqdılar. Səhabəni səhabə edən cavab gecikmir:

− Eşitdik və itaət etdik![31]

Bu vaxt “Nisa” surəsinin 33-cü ayəsi də nazil olmuşdu və qohumluq bağları xaricində belə bir varislik anlayışının qeyri-mümkünlüyünü bildirirdi.