Səhabələr

Qalacağı yeni yurd – Mədinə

Ənsarın fərqi

Göründüyü kimi, mühacirlər çiyinlərinə düşən vəzifələri yerinə yetirir, ənsar da daha artıq işlər görməyin, dəstək olmağın həyəcanını yaşayırdı. Məkkəni qoyub gələn qardaşları istəməsə də, Ənsar nəsə etmək istəyir və bu məsələdə israr edirdi.

Bir gün yığışıb öz aralarında söhbət edirdilər:

− Uca Allah bacımızın oğlunun (Allah Rəsulunun) vasitəsilə bizə hidayət verdi. O isə hamının işini, bütün sıxıntıları öz çiyinlərinə götürmüşdür. Halbuki, Onun əlində bütün bunları etməyə imkanı da yoxdur. Elə isə, biz əlimizdən gəldiyi qədər aramızda mal-mülk toplayaq və Ona verək ki, bu xeyir işlərində qoluna qüvvət olsun!

Bu fikir vəziyyəti düzgün şərh edirdi, əsl həqiqətin özü idi. Məhz bu, ənsarın fərqi idi və çox keçmədən məsələnin sadəcə söz kimi qalmadığını göstərəcək və zəruri mal-mülk toplayıb Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələcəkdilər. Hz. Məhəmmədə belə deyirdilər:

− Ey Allahın Rəsulu! Sən bizim bacımız oğlusan! Allah (cəllə cəlaluhu) bizə Sənin vasitənlə hidayət bəxş etdi. Sən isə bütün xeyir işlərini öz üzərinə götürmüş və hər cür çətinliyi, sıxıntını öz çiyinlərində daşıyırsan. Halbuki, Sənin əlində bunu etmək üçün imkan da yoxdur! Biz oturub öz aramızda məsləhətləşdik və bunları yığmaq qərarına gəldik. Ümid edirik ki, bununla az da olsa Sənə kömək etmiş, xeyir işlərində imkanlarını artırmış olarıq. Bunları bizdən qəbul et!

Bu nə diqqət, bu nə nəzakət idi? Ancaq xeyir iş naminə yollar aşan haqq yolçusu həm də gözütox olmalı və atdığı addımların əvəzində heç kimdən bir şey ummamalı idi. Şəxsən və əməli tərbiyə nümunəsi sərgilənirdi. Çox keçmədən Cəbrail gəlir və:

− Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən − əhli-beytə məhəbbətdən başqa bir şey istəmirəm,[32] − mənasındakı ayəni gətirir. Deməli, bütün bunlar əvəz ummadan yola davam etmək həssaslığını zəruri edirdi. Müxatəblər nəzdində  dəyər və qiymət qazanmağın yolu da buradan keçirdi. Bu, həm də zəif yer axtaran müşrik və kafir qruplarına əlverişli şərait hazırlamamaq mənasına gəlirdi. Çünki gözütoxluq nə qədər çox olur-olsun, dünya malından daha güclü bir güc mənbəyi demək idi.[33]

Peyğəmbər məscidinin inşası

Mədinəyə gəlmişdilər, amma hələ də öz həllini gözləyən bəzi məsələlər var idi. İlk növbədə möminləri bir yerə toplayan, Quran ayələrininin oxunduğu, müzakirə edildiyi, namazların qılınıb nəbəvi irşad və təbliğə qulaq verildiyi, gündəlik məsələlərin həll edildiyi, qısası, içində camaat şüurunun formalaşdığı bir məkana ehtiyac var idi və bu səbəbdən də dərhal bir məscid inşa etmək lazım idi. Artıq səmtinə sığınmağa Kəbə yox idi. Buna görə də, vaxt harada girirdisə, namazları elə oradaca da qılmağa çalışırdılar.

Əvvəlcə, inşaat işlərinin aparılacağı yer müəyyənləşdirilir. Bura dəvənin ilk çökdüyü yer idi və Nəccaroğullarının elçisi Əsad ibn Zürarənin himayəsində olan Səhl və Süheyl adlı iki cavana məxsus idi. Üzərində qoyun ağılları, köhnə tikililər və bir tərəfdə də bir neçə qəbir var idi.[34]

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ana tərəfindən qohumları olan Nəccaroğullarını hüzuruna çağıraraq həmin ərazini pulunu ödəmək şərtilə almaq istədiyini bildirir. Onlar isə:

− Allaha and olsun ki, biz bunun əvəzində heç nə istəmirik. Əvəzini yalnız Allahın verəcəyini düşünürük, − deyir və belə bir xeyirli işdə ilk bayraq qaldıranlardan olmaq istəyirdilər. Ancaq Rəsulullah (s.ə.s.) belə bir vacib məsələdə başqalarına yük olmaq istəmirdi. Buna görə də, Hz. Əbu Bəkirə səslənir və on dinar müqablində həmin ərazini satın  alır.[35]

Beləcə, ərazi məsələsi də həll edilmiş, növbə tikinti işlərinin başlamasına gəlmişdi. Hamıda böyük həvəs vardı, kimi kərpic kəsir, kimi daş daşıyır, kimi də hazır materilalları üst-üstə düzüb yeni bir mədəniyyət inşa edirdi. Daşınan daş və kərpicləri Əsad bin Zürarə üst-üstə qoyub divarları hörür, Peyğəmbər məscidində ustalıq edirdi.

Müsəlmanların bu halında da bir gözəllik vardı. Məşəqqətli inşaat işlərini də sevinclə yerinə yetirirdilər:

− Allahım! Sənin axirət yurdundan başqa bir xeyir bilmirik və yoxdur da! Sən ənsar və mühacir olaraq dininə sahib çıxanlara kömək et,[36] − deyə dualar edir, mənzumələr söyləyən ahəngdar səslər səmaya yüksəlir və bütün bunlar o mühiti sanki bayram havasına çevirirdi.

Allah Rəsulu da inşaat  işində çalışanlar arasında idi. Bütün təkidlərə baxmayaraq, daş və kərpic daşıyır, bununla da hər bir məsələdə camaatın arasında və önündə olduğunu göstərirdi. Ənsarla mühacirin coşqulu sözlərinə O (sallallahu əleyhi və səlləm) da qatılırdı:

− Allahım! Mükafat yurdu kimi təkcə axirət vardır! Sən ənsar və mühacirlərlə mərhəmətli davran, onları bağışla!

Ey Rəbbimiz! Bunları daşıyanlar Xeybər hambalları deyil, bunlar ən yaxşı və təmiz insanlardır, − deyirdi.[37]

Onun (s.ə.s.) çalışması ənsarı və mühaciri daha da coşdurmuşdu. Öz-özlərinə belə deyirdilər:

− Allah Rəsulu şəxsən işlədiyi halda, biz necə otura bilərik ki? Elə isə, bu işdə bizdən daha çox cəhd və daha çox əməl olmalıdır![38]

Bu vaxt Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) gözü Hz. Ammara sataşır: hər kəs kərpici və başqa avadanlıqları bir-bir daşıdığı halda, o, belində iki kərpic aparırdı. Allah Rəsulu (s.ə.s.) bu dinin yayılması uğrunda ilk şəhid olaraq doğma anasını qurban verən və müşriklərin amansız işgəncələrinə məruz qalan Hz. Ammara yaxınlaşır. Əvvəlcə başını sığallayaraq üstündəki toz-torpağı təmizləyir. Ammar isə dayanmaq bilmir, halını dəyişmədən işləməyə davam edirdi. Ardınca da Allah Rəsulu nəzərini bir istiqamətə cəmləyir. Aydın idi ki, qeybin pərdələri çəkilmiş, gələcəyə aid bəzi hadisələrə şahid olurdu. Çox keçmədən şəfqətli baxışları ilə bunları deyir:

−   Vay Sümeyyənin oğlu Ammarın halına! Çünki onu azğın və yolundan sapmış bir topluluq şəhid edəcək![39]

Az vaxtda divarları kərpic, tavanları xurma lifi, sütunları xurma ağacları, döşəməsi də torpaq və qumdan olan bir məscid tikilmiş, namazlar da burada qılınmağa başlanmışdı. Bu məscidin üç qapısı var idi. O, küncləri yüz zira[40] uzunluğunda, kvadrat formasında bir məscid idi.

Bu vaxt həmçinin o günədək iki rükət qılınan namazlar bundan sonra dörd rükət olaraq təsbit edilmiş, səfər zamanı yenə iki rükət qılına biləcəyi qeyd olunmuş, adi vaxtlarda (sülh şəraitində) dörd rükət namaz qılınmasının fərz olduğu sabitləşmişdir.[41]