Səhabələr

Qalacağı yeni yurd – Mədinə

Əshabi-Suffə

Yeni məskən Mədinə başqa bir yeniliyə də səhnə olurdu. Rəsulullah (sallallahu əleyhi və səlləm) gələn ayələri bölüşməyə, Allahın razı olduğu məsələləri müzakirə etməyə münasib adamları Məscidi-Nəbəviyə toplamağa başlayır.

Başqaları bazarda ticarətlə, bağ-bostanlarda əkin-biçinlə məşğul ikən bu adamların yeganə məqsədi dini məsələlərin hədər olmasının qarşısını almaq və Rəsulullahdan öyrəndikləri kültürü başqalarına da çatdırıb təbliğ mərhələsini doğru və daimi bir keyfiyyətlə sürətləndirmək idi. Bunları edərkən aclığın ağrısını hiss etməmək üçün qarınlarına daş bağlayır, çox vaxt da acından huşlarını itirib yerə yıxılırdılar. Amma onlar üçün dinə aid bir məsələnin inkişafı hər şeydən vacib idi. Buna görə də, Allah Rəsulu (s.ə.s.) başqa səhabələrlə söhbətində bu adamlara göz-qulaq olmağı tövsiyə edir, bəzən də onları səhabələri arasında bölüşdürüb ehtiyaclarını təmin etməyə çalışır və özü də ailəsindən çox bu adamları düşünürdü.[45]

Əbu Hureyrə kimi bir səhabənin də içində olduğu Əshabi-Suffənin sayı dəyişkən olmaqla yanaşı, bəzən otuza çatırdı və bu səhabələr Məscidi-Nəbəvidən həm də ev kimi istifadə edirdilər. Çünki onların nə daldalanmağa bir evləri vardı, nə də əl tutacaq yaxınları... Amma onlar heç kimdən heç nə ummaz və şəraitdən asılı olmayaraq, hallarından razılıq edərək Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ilə müştərək bir həyat yaşamağı hər şeydən üstün tutardılar. Quran onlardan bəhs edərkən bu ifadələri işlədəcəkdi:

− Özlərini Allah yoluna həsr edib yer üzündə hərəkət etmək imkanı olmayan yoxsullar var ha, onlar insanlardan bir şey istəməkdən çəkindiklərinə görə, başqa adamlar onları dövlətli zənn edərlər. Ya Rəsulum! Sən isə onları üzlərindən tanıyırsan. Onlar həya edib heç kəsdən bir şey istəməzlər. Mallarınızdan onlara xeyir adına nə verdiyinizi, şübhəsiz ki, Allah bilir![46]

Bu səhabələr hansı ayənin harada və necə nazil olduğunu, Peyğəmbərimizin şərəfli bəyalarının hansı şəraitdə və harada söyləndiyini ən yaxşı bilən adamlar idi. Çünki  onlar yalnız elmlə məşğul olur və ibadətlə dolu bir həyat yaşayırdılar. Dinlə bağlı haradansa bir tələb gələndə bu səhabələrdən biri seçilir və tələb edənlərə dini öyrətmək üçün müəllim kimi göndərilirdi. Xülasə, bu şəxslər elm baxımından Peyğəmbərimizin (s.ə.s.) varisləri məqamında idilər.

Əshabi-suffənin çoxlu hədis rəvayət etməsinə dair şikayətlər çoxalanda bu səhabələrdən biri olan Hz. Əbu Hureyrə (r.a.) irəli atılır:

− Rəsulullah (sallallahu əleyhi və səlləm) yatsı namazında hansı surələri oxumuşdu?− deyə soruşur. Şikayətçi:

− Yadıma düşmür, − cavabını verir.

Əbu Hureyrə (r.a.):

− Yoxsa sən namazda yox idin? − deyə təkrar soruşur. Adam:

−Xeyr, var idim, − deyir.

Bundan sonra Əbu Hureyrə:

− Amma mən xatırlayıram, filan surələri oxudu, − deyərək Peyğəmbərimizin oxuduğu surələri bir-bir söyləyir.[47] Bu, əməli bir dərs vermək idi və Əbu Hureyrə (r.a.) əlavə edir:

− Mühacir qardaşlarımız bazarda alış−verişlə, ənsar qardaşlarımız da bağ-bostanlarında əkin-biçinlə məşğul olarkən Əbu Hureyrə bir qarın çörəyə Allah Rəsulunun ardınca düşmüş, başqalarının eşitmədiyini eşidir, onların yadda saxlaya bilmədiyini əzbərləyirdi.[48]

Hər adam  bu qədər məşəqqət və əziyyətə, əlbəttə, belə asanlıqla qatlana bilməzdi. Bir tərəfdə qarşılarında Qureyza və Nadroğulları dayanır və onların din adamlarının əlindəki imkanlar da nəzərə çarpırdı. Bir insan olaraq Suffə əhlindən də olsa, bəzi adamlar daha yaxşı imkanlar əldə edib rahat yaşamaq arzusuna düşə, firavanlıq həsrətini çəkə bilərdilər. Eyni zamanda bu, təkcə onları maraqlandıran bir məsələ deyildi. Qarunun sərvəti qarşısında gözü qamaşıb bu cür imkanlar arzusuna düşənlər olduğu kimi,[49] o gün də buna bənzər tələblər meydana gələ, sosial statusdakı  məqamından narahatlıq keçirən adamlar ortaya çıxa bilərdi.

Cəbrail bütün bunlara son nöqtəni qoymaq üçün yenə gəlirdi. Gətirdiyi ayədə Uca Allah bəndələrinin qulağında sırğa olacaq bu ifadələri buyururdu:

− Əgər Allah bütün bəndələrinə bol ruzi versəydi, bəzi adamlar yer üzünün keçici rənginə aldanar və dünyaya dalar, müvazinəti itirib yoldan azardılar (həddi aşardılar). Lakin O, ruzisini istədiyi ölçüdə verir. Allah Öz bəndələrindən xəbərdardır, onların bütün etdiklərini və edəcəklərini də görür![50]