Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Rəsulullahın qohumlarını İslama dəvəti

Tarix: 08.05.2013 | Bu məqalə 362 dəfə oxunub.

“Təbliğə əvvəlcə ən yaxın qohumlarını xəbərdar etməklə başla,” – məalındakı “Şüəra” surəsinin 214-cü ayəsi nazil olunca Nəbilər Nəbisi Mərvə, ya da Səfa təpəsinə çıxıb, qohumlarına: “Ey Fihr oymağı!” – deyə səslənir. Qureyşlilər gəlir. Əbu Ləhəb: “Bu da Fihr oymağı! Di nə deyəcəksənsə, de!” – deyir. Rəsulullah davam edir: “Ey Qalib oymağı!” – Fihr oymağından Bəni-Muharib və Bəni-Haris gəlir. “Ey Lüeyy b. Qalib oymağı!” – deyə səslənir. Bəni-Teym gəlir. “Ey Kab b. Lüeyy oymağı” deyə səslənincə Bəni-Amr b. Lüeyy gəlir.

Bunun kimi Bəni-Adi, Bəni-Səhm, Bəni-Cumah b. Amr, Kilab b. Mürrə oymağından Bəni-Məhzum, Bəni-Teym b. Mürrə, Qusay oymağından Bəni-Vənəra b. Kilab, Abdi-mənaf oymağından Bəni-Abdiddar b. Qusay, Bəni-Abdiləsəd b. Abdiluzza və Bəni-Abd b. Qusay da dəvət edilənlər arasında idi.

Əbu Ləhəb üzünü Allah Rəsuluna tutub: “Bu da Abdimənaf oğulları, yanındadır. Nə deyəcəksənsə, bunlara de,” – dedi.

Peyğəmbərimiz: “Allah mənə əmr etdi ki, təbliği yaxın qohumlarımdan başlayım. Siz də Qureyşdənsiniz və yaxın qohumlarımsınız. “Lə iləhə illəllah” – deməsəniz, nə burada, nə də axirətdə sizə verəcəyim bir şey yoxdur. Əgər desəniz, mən də Allahın hüzurunda buna şahidlik edərəm. Dünyada ikən bütün ərəblər sizə boyun əyib itaət edər, bu şəhadətlə bütün qeyri-ərəblər də önünüzdə diz çökər,” – buyurur.

Əbu Ləhəb: “Təəssüflər olsun sənə də, dəvət etdiyin şeyə də…” – dedi. Bunun müqabilində “Əbu Ləhəbin əlləri qurusun” ayəsi ilə başlayan “Təbbət” surəsi nazil olur.[1]

Bir başqa rəvayətə görə Allah Rəsulu bütün Qureyş boylarını qrup-qrup çağırmağa başlayır. Onlar da Səfa və ya Mərvə təpə­sinə toplaşırlar. Çağrılan boylardan gələ bilməyənlərin yanına da bir elçi göndərirlər. Əbu Ləhəb də onların arasında idi.

Allah Rəsulu: “Sizə düşmən basqınından daha əhəmiyyətli bir şeyi xəbər verəcəyəm. Nə deyirsiniz? Sizə desəm ki, bu dağın o tayında bir atlı quldur dəstəsi var və sizə basqın etmək istəyir, inanarsınızmı?” – deyə soruşur.

Onlar: “Bəli, inanarıq. Bizim hər çətin işlərimizdə sən doğru sözlü olduğunu sübut etdin,” – deyirlər.

Allah Rəsulu: “Elə isə mən sizi irəlidə qarşınıza çıxacaq şiddətli bir əzab haqqında xəbərdar edirəm,” – buyurdu.

Bu zaman Əbu Ləhəb yuxarıda keçən sözləri deyib oranı tərk edir.[2]

Yenə başqa bir rəvayətdə hadisə belə nəql olunur: Yuxarıda verilən “Şuəra” surəsinin 214-cü ayəsi nazil olunca Nəbilər Nəbisi ayağa qalxıb belə deyir: “Ey Qureyş camaatı! Nəfslərinizi Allahdan satın alın. Çünki mən ən kiçik bir şeyə görə də Allahın əzabından sizi qurtara bilmərəm. Ey Abdimənaf oğulları! Siz də nəfslərinizi Allahdan satın alın, çünki iman etmədiyiniz təqdirdə sizin üçün də bir şey edə bilmərəm. Ey Abbas! Əmican! Səni də Allahın əzabından qurtara bilmərəm. Ey Safiyyə! Bibican! Səni də Allahın əzabından qurtara bilmərəm. Ey Fatimə! Övladım! Malımdan nə diləsən istə, verərəm, lakin İlahi əzabın bir parçasını belə səndən sovuşdura bilmərəm”.[3]

Rəsulullah bunu demək istəyirdi: “Bu dünyada təbliğ edirəm. Bu dinə inanmaqla Allahın əzabından qorunarsınız. Yoxsa mənimlə olan qohumluğunuza güvənməyin”.



[1]. İbn Kəsir, əl-Bidayə, 3/ 39.

[2]. Buxari, Səhih, 1/470(1330)

 [3]. əl-Hindi, Kənzul-Ummal, 7/427 (18852)