- Səhabələr - https://sehabe.meneviyyat.az -

Rəsulullaha (s.ə.s) katiblik edən səhabələr

Peyğəmbərimiz (s.ə.s) özü oxuma-yazma bilmədiyinə görə bu işi Onun (s.ə.s) yanındakı səhabələri görərdilər. Hz. Peyğəmbərin (s.ə.s) təqribən qırx nəfərə yaxın katibi olmuşdur. Əsas katibləri bunlardır: Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman.

 Hz. Aişə rəvayət edir ki, Rəsulullaha (s.ə.s) vəhy gələndə Hz. Osmana xitabən “Ey Useym! Yaz!” – deyirdi.

Rəsulullah (s.ə.s) sülh müqavilələrini və sözləşmələri Hz. Əliyə yazdırardı. Məsələn, Qureyş qəbiləsi ilə Hüdeybiyyədə gerçəkləşən əhdləşməni Hz. Əli yazmışdır. Hz. Əli bundan əlavə şəxslərlə və mülkiyyətlə əlaqəli fərmanları da yazırdı.

Rəsulullahın (s.ə.s) Mədinəyə hicrət edəndən sonra yazılarını Übey ibn Kab yazırdı. Yazdığı yazıların aşağısında yazının kim tərəfindən yazıldığını bildirən “filankəs oğlu filankəs” yazdı kəlməsindən ilk istifadə edən və Rəsulullaha (s.ə.s) nazil olan vəhyləri Onun hüzurunda ilk dəfə yazan səhabə Übey ibn Kab idi.

Übey ibn Kab olmayanda Rəsulullah (s.ə.s) yazılarını Zeyd ibn sabitə yazdırardı. Zeyd vəhyləri yazmaqda mahir idi. Peyğəmbərimiz (s.ə.s) Zeyddən ibrani dilini öyrənməsini istəmiş, o da on beş gün ərzində həmin dili mükəmməl öyrənmişdi. Bununla yanaşı Rəsulullahın (s.ə.s) məsləhəti ilə on yeddi günə süryani dilini də mənimsəmişdi.

Abdullah ibn Ərkam Rəsulullahın (s.ə.s) ana tərəfdən qohumu idi. Hz. Əminə Abdullahın atası Ərkamın xalası idi. Hz. Peyğəmbərə (s.ə.s) hər hansı yazı gələndə “buna kim cavab yaza bilər” – deyə soruşar, məclisdə Hz. Əbu Bəkir və Hz. Ömər kimi səhabələr olduğu təqdirdə Abdullah ibn Ərkam “mən yaza bilərəm” – deyə önə çıxardı. Rəsulullah (s.ə.s) da yazını ona yazdıraraq möhürlətdirərdi. Bundan əlavə etibarlı və əmin insan olduğuna görə hökmdarlardan gələn yazıları özündə saxlamağı tapşırmışdı.

Xalid ibn Səid ilk dəfə “bəsmələ”ni yazan səhabədir.

Xalid ibn Vəlid, Ukbə, Talha ibn Übeydullah, Xalid ibn Zeyd, Əbu Süfyan ibn Hərb, Büreydə ibn Husayb, Zübeyr ibn Avvam kimi səhabələr də Rəsulullahın (s.ə.s) katiblərindəndir.