- Səhabələr - https://sehabe.meneviyyat.az -

Rəsulullahın ikinci anası

Peyğəmbərimiz (s.a.s.) dünyaya gəlməmişdən atasını, altı yaşında isə anasını itirmişdi. Həzrət Əminə (r.a.) Əbvada xəstələnəndə Hz. Məhəmmədi Ümmi Eymənə əmanət edib Ona baxmağı tapşırmış, çox keçmədən də vəfat etmişdi. Vəfat edəndə otuz yaşı var imiş. Allah Rəsulu isə altı yaşında idi.

Peyğəmbərimizi Ümmi Eymənə əmanət idi. Ümmi Eymən hıçqıra-hıçqıra ağlamaq istəsə də, Peyğəmbər üzülməsin deyə özünü saxlayırdı. Öz-özünə söz verdi ki, ona doğma anası kimi baxacaq. Buna görə də hər cür fədakarlığa hazır idi. Allah Rəsulunu öz oğlu kimi bağrına basıb təsəlli verirdi. Həzrət Əminəni dəfn etdilər. Artıq Rəsulullahı Məkkəyə aparmaq Ümmi Eymənin vəzifəsi idi. Ümmi Eymən Peyğəmbərlə birlikdə yola düşdü. Beş gün çəkən əzab-əziyyətli yoldan sonra Məkkəyə çatdılar. Ümmi Eymən Onu ağlaya-ağlaya babasına verdi. Ancaq Həzrət Ümmi Eymən harada olur-olsun şəfqətini Ondan əsirgəmədi. Çünki Həzrət Məhəmmədə (s.a.s.) xidmət etməyi özünə şərəf sayırdı. Rəsulullah (s.a.s.) bir gün səhabələrinə buyurdu: “Cənnətlik bir qadınla evlənmək istəyən Ümmi Eymənlə nikah bağlasın”.

Allah Rəsulunun övladlığı Həzrət Zeyd Ümmü Eymənlə evlənmək istədiyini bildirdi. O vaxtlar Zeyd ibn Harisə (r.a.) çox gənc idi. Özündən yaşca böyük bir qadınla sırf Rəsulullahı məmnun etmək üçün evlənmək istəyirdi. Onu məmnun etmək dünyanın bütün zövqlərindən üstün idi. Rəsulullah Həzrət Zeyd ilə dayəsi Ümmi Eyməni evləndirdi. Onların nikahından gələcəyin müsəlman sərkərdələrindən Üsamə bin Zeyd dünyaya gəldi. Xeyli yaşlanmış Ümmi Eymən Həzrət Osmanın xəlifəliyi dövründə ruhunu Rəhmana tapşırdı.

Yetim və kimsəsiz böyüyən Rəsulullah Ümmü-Eymənin (r.a.) fədakarlığını unutmamış, “Anamdan sonra anam” deyə ona olan sevgisini dilə gətirmişdi.