- Səhabələr - https://sehabe.meneviyyat.az -

Rəsulullahın şairləri

Şeirləri “Qureyş qəbiləsinə ox yağdırmaqdan daha təsirli” olan səhabə: Abdullah ibn Rəvaha Əqabədə müsəlman olan Abdullah ibn Rəvahanın məşhur ləqəbi “Şairu-Rəsulullah”dır. Abdullah ibn Rəvaha həm natiq, həm də istedadlı şair idi. Düşmənlərin Peyğəmbərimizin və İslamın əleyhinə qoşduqları şeirlərə şeirlə cavab vermişdir.

Üç səhabə – Abdullah ibn Rəvaha, Kab ibn Malik və Həssən ibn Sabit müsəlmanların şairi idi. Onlar haqqında Şüəra surəsində buyurulur: “(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) Və onlar etmədikləri şeyləri deyirlər! Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) necə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!” (“Şüəra” surəsi, 26/224-227)

Ayədəki “Allahı çox zikir edənlər” ifadəsi bu üç səhabədən bəhs edir. Abdullah müşriklərin inkarını onların üzünə çırpan şeirlər söyləyirdi. Peyğəmbərimiz (s.a.s.) onun şeirləri ilə bağlı belə buyurmuşdur: “(Onun şeirləri) Qureyş müşriklərinə ox yağdırmaqdan daha təsirlidir”.

Abdullah ibn Rəvaha hicrətin yeddinci ilində Rəsulullahla (s.a.s) birlikdə Məkkəyə ümrə ziyarətinə gəlmişdi. Orada şeir söyləyirdi. Bunu görən Həzrət Ömər (r.a.) ona: “Ey Abdullah, Allahın Rəsulunun hüzurunda da düşmənləri döyüşə təhrik edən şeirlər söyləyirsən?” – dedi. Bunu eşidən Rəsulullah belə buyurdu: “Qoy söyləsin, ey Ömər, vallah Abdullahın sözləri kafirlər üçün ox yarasından betərdir”.