“Fərisu Rəsulullah” – “Rəsulullahın süvarisi” ünvanı ilə məşhur səhabə Əbu Qatadədir. Peyğəmbər bu ləqəbi ona Zü Qarad qəzvəsində vermişdi.
Əbu Qatadə II Əqabə beyətində müsəlman olmuş, Bədirdən başqa bütün döyüşlərdə iştirak etmişdi. Zü Qarad döyüşündə müşriklərin başçısı Məşadə ilə qarşı-qarşıya gəlmiş, onu öldürmüşdü.
Rəvayətə görə, Əbu Qatadə Mədinədə bir at almışdı. Məşadə bu atı görüb niyə aldığını soruşmuşdu. O da belə demişdi: “İstədim ki, Rəsulullahın yanında bir döyüş atı olsun”. Məşadə Əbu Qatadəyə: “Sizi öldürmək heç də asan olmayacaq” demişdi. Əbu Qatadənin cavabı gecikməmişdi: “Allah mənə bu atın üstündə səninlə vuruşmağı nəsib eləsin!”
Müsəlmanlar Zü Qarad adlı yerdə müşriklərə hücum etdilər. Bu vaxt düşmənin atdığı ox Əbu Qatadənin üzünə girdi. O da oxu üzündən çıxarıb düşmənə sarı atıldı. Bu vaxt irəlidən bir süvari gəldi və dəbilqəsini çıxarıb üzünü göstərdi. Bu, müşriklərin başçısı Məşadə idi. “Ey Qatadə, budur qarşılaşdıq. Döyüşmək istəyirsən, yoxsa güləşmək?” deyə soruşdu. Əbu Qatadə “Sən seç,” – dedi. Qılınclarını bir ağaca asıb güləşməyə başladılar. Nəhayət, Əbu Qatadə Allahın köməyi ilə Məşadənin kürəyini yerə gətirib sinəsində oturdu. Bu vaxt Məşadənin ağacdan asılmış qılıncı Əbu Qatadənin başına toxundu. O da qılıncı götürdü, qınından sıyırıb: “Ey Məşaadə, səni öldürəcəyəm,” – dedi. Məşaadə: “Nə olar məni öldürmə” – deyib yalvarmağa başladı. Amma Əbu Qatadə fikrindən dönmədi, onu öldürüb atını da mindi. Elə bu vaxt Məşadənin qardaşı oğlunun üstünə gəldiyini gördü. Bir həmlədə onu da mizraqla vurub yerə sərdi.
İslam süvariləri geri dönəndə Peyğəmbərimiz (s.a.s.) də Zü Qarada gəlmişdi. Əbu Qatadəni görən kimi ona dua etdi və soruşdu: “Məşadəni sənmi öldürdün?”
O da:
– Bəli, – dedi.
– Bəs üzünə nə oldu?
– Ya Rəsulullah, ox batdı.
Peyğəmbərimiz “Yaxına gəl” dedi və ağzının suyundan Əbu Qatadənin yarasına çəkdi. Onun ağrısı qalmadı. Üstəlik Məşadənin atını və qılıncını da ona qənimət verdi.
Peyğəmbər (s.a.s.) bir gün bir gecə Zü Qaradda qaldı. Səhər açılanda üzünü camaata tutub belə buyurdu: “Bu gün süvarilərin ən yaxşısı Əbu Qatadə, piyadalarımızın ən yaxşısı isə Əbu Sələmə oldu”.
Əbu Qatadə bu hadisədən sonra “Rəsulullahın süvarisi” ünvanını aldı.[1]
[1] Bu hadisə “Altınoluk” dərgisinin 1997-ci ildə işıq üzü görən bir sayından götürülmüşdür.