- Səhabələr - https://sehabe.meneviyyat.az -

Rəsulullahın xatibi

Gur səsi və səlis nitqi ilə seçilən səhabə Sabit ibn Qeys “Xatibü-Rəsulullah” ünvanı ilə tanınırdı. Ona “Xatibül-Ənsar” da deyirdilər. Gözəl danışığı ilə insanları heyran edən bu səhabə döyüş meydanlarında da qorxubilməz cəngavərə dönürdü.

O, iki Cahan Günəşi Peyğəmbərimizi (s.a.s.) Mədinəyə hicrət edəndə böyük bir süvari dəstəsi ilə qarşılaşmış və Onun qabağında dayanıb gözəl bir nitq söyləmişdi:

– Ya Rəsulullah, biz canımızı, övladlarımızı və qadınlarımızı qoruduğumuz kimi səni qorumağa söz veririk. Bunun əvəzində nə əldə edəcəyik. Bizə nəyi vəd edirsən?

Kainatın Fəxri Peyğəmbərimiz (s.a.s.)  bu səmimi suala bircə sözlə cavab vermişdi:

– Cənnəti!

Onlar bu cavabdan çox məmnun olmuş və hamısı birlikdə sevinə-sevinə: “Qəbul etdik, ya Rəsulullah! Razıyıq, ya Pey­ğəmbər! ” demişdilər.

Allah Rəsulu ziyarətinə ərəb şairləri və xatibləri gələndə xatiblərin qabağına Sabit ibn Qeysi, şairlərin önünə isə Həssən ibn Sabiti çıxarırdı. 

Miladi 630-cu ildə Təmim qəbiləsindən bir heyət gəlmişdi. Öyünmə yarışı keçirmək üçün Rəsulullahdan icazə istədilər.  Peyğəmbərimiz (s.a.s.) onların xatibinə icazə verdi. Ütarid­ adlı bir xatib ayağa qalxaraq danışmağa başladı. İki Cahan­ Sərvəri Sabit ibn Qeysə qalxıb ona cavab  verməyi əmr etdi. Həzrət Sabit ayağa qalxıb Ütaridə mükəmməl cavab ve­rərək hamını heyran qoydu. Deyişmənin axırında Təmim qə­bi­lə­si­nin rəisi Aqra ibn Habis Peyğəmbərin xatib və şairinin öz xatiblərindən daha güclü, səsinin, nitqinin və sözlərinin mə­nasının daha gözəl olduğunu etiraf etdi, kəlmeyi-şəhadət gə­tirib müsəlman oldu. Allah Rəsulu ona: “Keçmiş əməllərin sənə zərər verməz” buyurdu. Çox keçmədən bütün Təmim əhalisi İslamı qəbul etdi.

Həzrət Sabit: “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar”. (“Hücurat” surəsi, 49/2) ayəsi nazil olanda əməllərinin boşa getdiyini düşünüb bir qədər evinə çəkildi. Bir müd­dət məscidə gəlmədi. Bundan xəbər tutan Rəsulullah (s.a.s.) onun arxasınca bir səhabə göndərdi və buyurdu: “Get, ona de ki, sən cəhənnəmlik deyilsən. Cənnətliksən.”

Sabit ibn Qeys Həzrət Əbu Bəkrin xəlifəliyi dövründə Yə­mamə döyüşündə şəhid oldu.