- Səhabələr - https://sehabe.meneviyyat.az -

Rubəyyi binti Muavviz (r.anhə)

“Uhud döyüşündə Rəsulullah ilə bərabər döyüşdü”

Rubəyyi (r.anhə) Mədinədə yaşayan Xəzrəc qəbiləsindən Muavviz İbni Afranın qızıdır. Rubəyyinin əmisi Muaz hac mövsümündə Məkkəyə getdiyi zaman Peyğəmbərimiz (s.a.s) İslamı təbliğ etməyə başlamışdı. Allah Rəsulu onların yanına gəlib, başqa qəbilələrə etdiyi dəvəti bu qəbiləyə də etdi.  Onlara İslamı başa saldı. Onlar da bu dəvəti qəbul edərək, Əqəbədə Rəsulullaha beyət etdilər. Mədinəyə qayıtdıqdan sonra Rubəyyi (r.anhə) atası ilə birlikdə əmisinin yanına gedib, Məkkədəki vəziyyəti ondan xəbər aldılar. Əmisi onlara Rəsulullahın dəvətindən danışdı və onlara müsəlman olduğunu söylədi. Bundan sonra Rubəyyi və atası da şəhadət gətirərək müsəlman oldular. Rəsulullah (s.ə.s.) Mədinəyə hicrət etdiyi zaman isə Rubəyyi ona beyət etdi.

Əsma binti Məhrəmə adında  bir xanım Mədinyə ətir satmaq üçün gəlmişdi. Rubəyyini gördüyü zaman ona:

-Sən əfəndisini öldürənin qızısan? dedi və onu danlamağa başladı (Rubəyyinin atası Bədirdə Əbu Cəhli öldürmüşdü).  Əsmanın bu sualına görə Rubəyyi əsəbləşərək:

-Əksinə mən köləsini öldürənin qızıyam dediyi zaman Əsma:

-Sənə bu ətirdən satmaq mənə haram olsun, dedi.

Hz.Rubəyyi:

-Mənədə o ətirdən almaq haram olsun deyərək oradan uzaqlaşmışdır.

Rubəyyi (r.anhə) İyas İbni bukeyr ilə evləndi. Evliliklərinin ilk günü Peyğəmbər (s.a.s) onları ziyarət etdi. İçəri girib oturdu. Orada olan cariyələr dəf çalıb şeir oxudular.

Rəsulullah başqa vaxtlarda da onların evinə gələr, orada dəstəmaz alardı. Bir gün yenə onlarda dəstəmaz aldığı zaman dedi:

– Kim mənim dəstəmaz aldığım kimi dəstəmaz alıb, xuşu içində iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar. Daha sonra Rubəyyi (r.anhə) Rəsulullaha (s.a.s) bir qabda xurma və üzüm gətirdi. Rəsulullahda ona qızıl bir ziynət verdi.

Bir gün Abdullah İbn Məhəmməd Rubəyyinin yanına gələrək ondan Rəsulullahın necə dəstəmaz aldığını soruşdu. Rubəyyi (r.anhə) :

– Peyğəmbər (s.ə.s.) bizə gələrdi. Bir qabın içində dəstəmaz alardı. Əllərini qabın içinə salmadan yuyar, dəstəmaza başlardı. Üç dəfə ağzına və burnuna su alar, üç dəfə üzünü, üç dəfə qollarını yuyar; daha sonra başını, qulaqlarının içini və arxasını məsh edər, üç dəfə də ayaqlarını yuyardı. Bu mübarək xanım səhabə Rəsulullah (a.s) ilə birlikdə Uhud döyüşündə oldu. Ümmü Ümamə və Hz.Aişə ilə birlikdə Hudeybiyədə ağacın aldında Rəsulullaha Ridvan beyətində də iştirak etmişdir.

Ona:

– Mənə Rəsulullahı təsvir et deyən Əbu Ubeydəyə xitabən:

– Əgər Onu görsəydin zənn edərdin ki, günəş doğdu. O, bu sözü ilə Rəsulullaha necə heyran olduğunu bildirdi.

Hz. Rubəyyi (r.anha), Allah Rəsulu (əleyhis-səlatu vəssalam) ilə birlikdə 7 qəzvəyə iştirak etmişdir. O, mücahidlərə yemək bişirər, yaralıların sarğısi ilə məşğul olar, şəhid düşmüş cəsədləri toplayardı.

Hz. Peyğəmbər (əleyhissalatu vəssalam), bir çox dəfə Hz. Rübeyyi’nin evinə təşrif edib, istirahət etmişdir.

Hz. Rubeyyi Allah Rəsulundan 21 hədis rəvayət etmişdir.

Elmi dərəcəsi yüksək idi. Hz. İbni Abbas (r.h.) ilə Hz. İmam Zeynəl-Abidin (r.h.) özünə gəlib elmi və fiqhi məsələləri soruşardılar.