- Səhabələr - https://sehabe.meneviyyat.az -

Səhabələr dövrünün hadisələrinə bir baxış-1

Sual: Həzrəti Əlinin (radiyallahu anh) digər üç xəlifəyə qarşı münasibəti necə idi? Bəzi kəsimlər Həzrəti Əlinin (radiyallahu anh) əvvəlki üç xəlifə ilə aralarında ciddi ixtilaflar olduğunu iddia edirlər. Bəs, həqiqət nədir, izah edə bilərsinizmi?

Cavab: Sözügedən mövzu haqda düzgün fikir yürütmək üçün ilk növbədə Həzrəti Əlini (radiyallahu anh) və digər üç böyük xəlifəni yaxşı tanımaq lazımdır. Çünki o böyük şəxsiyyətləri yaxından tanımadan ortaya atılan fikirlər fərqli düşüncələrə zəmin hazırlayar ki, bu düşüncələrdən də yanlış nəticələr doğar. İndi isə gəlin Rəşid xəlifələrin o işıqlı həyat salnamələrindən çıxış edərək onların bariz xüsusiyyətlərini daha yaxından tanımağa çalışaq.

Qızıl silsilənin sərtacı

Həzrəti Əli (radiyallahu anh) istər nübüvvətdən əvvəl, istərsə də sonra Peyğəmbərimizdən (sallallahu aleyhi vəsəlləm) uzun müddət təlim-tərbiyə alan səhabələrdəndir. O, Allah Rəsulunun barəsində: “Fatimə mənim bir parçamdır. Onu üzən Məni üzmüş olar.” (Buxari, “Fəzailül-əshab”, 12) buyurduğu Həzrəti Fatimə ilə evlənmiş və beləcə Peyğəmbərimizə (aleyhissalatu vəsəlləm) daha yaxın olmaqla şərəflənmişdir. Rəsuli-Əkrəm Peyğəmbərimiz tez-tez onlara baş çəkmiş, gecə-gündüz demədən evlərinə gedib yanlarında əyləşmiş, nəvələrini qucağına götürüb əzizləmişdir. Dolayısilə, Həzrəti Əli (radiyallahu anh) Peyğəmbərimizin ən məhrəm hislərinin, duyğu və düşncələrinin canlı şahidlərindəndir.
Üstəlik Allah Rəsulunun (aleyhi salavatullahi və salamuh) əziz nəvələri bu qüdsi evdə dünyaya göz açmış və Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) nəsli onlarla davam etmişdir. Həzrəti Həsən şəriflərin, Həzrəti Hüseyn də seyidlərin atası olmuşdur. O baxımdan Həzrəti Əli (radiyallahu anh) Əbül-Həsən əş-Şazəli, Əhməd Rüfayi, Əbdülqadir Geylani və Məhəmməd Bahaüddin Nəqşibənd kimi böyük şəxsiyyətlərin cəddi olmaqla özünməxsus yerə malikdir.

“Əbu Bəkir olmasaydı, müsəlmanlıq olmazdı!”

Digər xəlifələr də özünəməxsus üstün fəzilətlərə sahib olmuşlar. Məsələn, Həzrəti Əbu Bəkir (radiyallahu anh) müəyyən məqamlarda pərdədarlıq vəzifəsi yerinə yetirmişdir. İlk dəfə Allah Rəsuluna arxa çıxması, hicrət yolunda təhlükələrə sinə gərməsi, müşriklərin hücumları qarşısında özünü dəfələrlə Ona sipər edib mömini-ali-firon kimi: ““Rəbbim Allahdır!” dediyinə görə onu öldürəcəksiniz?!” (“Ğafir” surəsi, 40\28) hayqırması mühim hadisələrdir (Bax.: Buxari, “Fəzailüs-səhabə” 5). Zər qədrini zərgər olmayan bilməz. O baxımdan Həzrəti Əli: “Şayəd Əbu Bəkir olmasaydı, müsəlmanlıq olmazdı” (Deyləmi, “əl-Müsnəd”, 3\358) sözləri ilə onu təqdir edənlərin başında dayanır. Həzrəti Əli (radiyallahu anh) onun böyüklüyünü belə təsvir edir: “Əbu Bəkrin bir gecəsi bizim ömrümüzə bərabərdir”.

Haqqı batildən ayıran aşılmaz qala

Həzrəti Ömərin də özünəxas üstün cəhətləri vardır. O, xəlifəliyi dövründə İslam birliyini təhdid edən bütün nifaq axınları qarşısında sarsılmaz bir qala kimi mətin dayanmışdır. Üstəlik o, öz dövründə dünyanın iki hegemon dövlətini − Bizans və Sasani imperiyalarını diz çökdürmüş və bir çox insanın İslamla şərəflənməsinə vəsilə olmuşdur. Qadisiyyə döyüşündə məğlub olan və tamailə fəth edilən İran Həzrəti Ömərə qarşı kin bəsləməyə başlamışdır. Bədiüzzaman onların məqsədini: “Həzrəti Əli sevgisi deyil, Həzrəti Ömərə qarşı kin” şəklində izah etmişdir “ (“Ləmalar” s. 29-30) şəklində təsvir etmişdir. Həzrəti Əli (radiyallahu anh) bu iki xəlifəni yaxşı tanıdığına görə onların dövründə − adını biz sonra qoymuşuq − şeyxülislamlıq vəzifəsini yerinə yetirmişdir. Yəni bu iki xəlifə fitva veriləsi məsələlərdə əksərən ona müraciət edir, onunla məsləhətləşirdilər. Xüsusilə, Həzrəti Ömər ondan bir çox məsələ haqda soruşmuş və fitvalar almışdır. Hədis kitablarında rəvayət edilən aşağıdakı hadisə də Həzrəti Əlinin Həzrəti Ömərə olan münasibətini göstərməsi baxımından olduqca əhəmiyyətlidir. Həzrəti Ömər Həcərül-əsvədi öpərkən “Bilirəm ki, sən adi bir daşsan. Nə faydan var, nə də zərərin. Allah Rəsulunun səni öpdüyünü görməsəydim, mən də öpməzdim”, − söyləmiş, Həzrəti Əli (radiyallahu anh) çəkinmədən: “Sən o daşın sirrini bilsəydin, ya Ömər, belə danışmazdın”, − demişdir. Həzrəti Ömər isə Ona: “Əli olmasaydı, Ömər həlak olardı” (əl-Hakim, “əl-Müstədrək”, 1\628) şəklində cavab vermişdir. Gördüyünüz kimi, onlar həm bir-birini yaxşı tanıyan, həm də bir-birini təqdir edən insanlardı.

“Bir qızım olsaydı, onu da verərdim!”

Həzrəti Osmanın (radiyallahu anh) da özünəxas mənəvi dərinliyi, ayrı bir zərifliyi vardı. Allah Rəsulu (aleyhi əkməlüttəhaya) ona qızını vermiş, həmin qızının vəfatından sonra o biri qızını da ona gəlin köçürmüşdür. Hətta “Bir qızım olsaydı, onu da verərdim” – deyə buyurmuşdur. Həzrəti Osmanın xaricilik fikirlərinin İslam coğrafiyasında yayıldığı bir dövrdə dövlətin əmin-amanlığını qoruması da onun böyüklüyündən xəbər verir.

Ardı var…