Dolayısilə onların hər birinin özünəxas üstün cəhərləri vardı. Bildiyiniz kimi, xüsusi fəzilətdə raceh (başqalarından üstün tutulan) mərcuha (başqaları ondan üstün tutulan) tərəccüh (üstün tutulur) edilə bilər. Bu baxımdan onların özünəxas xarakteri, mövqeyi, dəyəri və Allah qatındakı mahiyyətini diqqətə alaraq hər birinin Peyğəmbərimizin bir xüsusiyyətini yaşatdığına inanmaq daha məqsədəuyğun yanaşmadır. Məhz bu səbəbdən Həzrəti Əbu Bəkirə “Siddiq”, Həzrəti Ömərə haqqı batildən ayıran mənasında “Faruq”, Həzrəti Osmana “Zinnureyn” ünvanı verilmiş, Həzrəti Əli (radiyallahu anh) isə “Şahi-övliya”, “Heydəri-kərrar”, “Şahi-mərdan” və “Damadi-Nəbi” ləqəbləri ilə anılmışdır. Onların hər biri məxsusi fəzilətləri etibarilə əlçatmaz insanlardır. İnsan haqda “mütəal” sözünü işlətmək doğru olmasa da, əlçatmaz xüsusiyyətləri diqqətə alındıqda onların bambaşqa mahiyyətə malik şəxsiyyətlər olduğunu görürük. Məsələn, idarəçilikdə və rəşidlikdə (düzgün, sağlam, doğru), demək olar ki, onların tayı-bərabəri yoxdur. Burada qeyd etmədiyimiz daha bir çox xüsusiyyətləri baxımından da onların hər biri çox dəyərli insanlardır. Bildiyiniz kimi, Rəsuli-Əkrəm (aleyhissalatu vəssalam) əşəreyi-mübəşşərinin başında bu dörd xəlifənin adını çəkmişdir. Ona görə də Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əli (radıyallahu anhum əcmain) haqda danışanda onların cənnətlik insanlar olduğunu nəzərə almaq lazımdır.
Tutarsız iddialar, əsassız ittihamlar
Bütün bu məsələləri hərtərəfli götürəndə Həzrəti Əlini, xüsusilə Həzrəti Əbu Bəkir və Həzrəti Ömərin əleyhdarı saymaq, onu haqqın tərəfdarı kimi göstərib başqalarını haqsız göstərmək ilk növbədə Həzrəti Əliyə qarşı böyük həqarətdir. Çünki Həzrəti Əli kimi cəsur və şücaətli bir qəhrəmanın haqsız saydığı bir məsələdə Həzrəti Əbu Bəkir və Həzrəti Ömərə boyun əyməsi mümkünsüzdür. O, mərd, cəsur insandır. Xeybərdəki kimi ölümün üstünə gülə-gülə gedən səhabədir. Peyğəmbərimizə isnad edilən bir sözdə deyilir: “Əli kimi igid, Zülfiqar kimi qılınc tapılmaz” (İbn Asakir, “Tarixu-Dəməşq” 39\201). Belə bir insanın Həzrəti Əbu Bəkir və Həzrəti Öməri yola verdiyini, müdara (İstəmədiyi adamla birtəhər keçinmək, ürəyində olan kin və küdurəti gizlədib üzdə dostluq göstərmək, yola vermək) və mümaşa (Yalandan öymək) etdiyini irəli sürmək onun ruhuna hörmətsizlik və həqarətdir. Dolayısilə, bu cür iddialar öz-özlüyündə tutarsız və əsassızdır. Digər tərəfdən Peyğəmbərimizin həyatı boyu Həzrəti Əbu Bəkir, Həzrəti Ömər və Həzrəti Osmanı (radiyallahu anhum əcməin) yanından ayırmadığını nəzərə alanda bu şəxslər haqda ortaya atılan mənfi fikirlər Peyğəmbərimizə qarşı da bir həqarət sayılır. Çünki bu iddialardan belə çıxır ki, Peyğəmbərimiz gizli planları olan, haşa və kəlla, səhabələrini (aleyhi əlfu əlfi salatin və salam) heç tanımamış və nə oyundan çıxdıqlarını bilməmişdir. Bu da Ona qarşı böyük bir hörmətsizlikdir. Halbuki Onun fətanətinin əsas xüsusiyyətlərindən biri də ətrafındakı insanları yaxşı tanıması və onlara qabiliyyətlərinə uyğun vəzifələr tapşırmasıdır. O, adamın üzünə bir dəfə baxmaqla üstün fətanəti sayəsində onun harda nə iş görə biləcəyini dərhal müəyyənləşdirir və bu çərçivədə tapşırıq verirdi. Bəli, vəhylə dəstəklənən Rəsuli-Əkrəmin (aleyhissalatu vəssalam) vəhyin başlanğıcından ruhunu Allaha tapşırdığı anadək oturub-durduğu insanları yaxşı tanıya, onların hərəkət və davranışlarını düzgün qiymətləndirə bilmədiyini irəli sürmək böyük bir məntiq xətasının nəticəsidir. Bu məsələdə məntiq və müstəqim düşüncə tələb edir ki, Peyğəmbərimizin qəbul etdiyi bütün insanları qəbul edək və onlara ehtiramla yanaşaq. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir çox hədisində səhabənin fəzilətindən danışmışdır. Hədis kitablarında da səhabələrin fəzilətindən bəhs edən ayrıca fəsillər vardır. Məsələn, İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisdə: “Mənim səhabələrim ulduzlara bənzər. Hansına tabe olsanız, hidayət taparsınız” (Əliyülqari, “əl-Əsrarül-mərfua”, s.388) sözləri ilə səhabənin əlçatmaz dərəcəsini diqqətə çatdırmışdır.
Allah Rəsulu bir gün Həzrəti Əbu Bəkir və Həzrəti Ömərin əlindən tutub: “Biz axirətdə belə həşr olunacağıq” demiş, başqa bir vaxt da dünyadakı vəzirlərinin Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, səmadakı vəzirlərinin isə Cəbrail və Mikail olduğunu bildirmişdir (əl-Hakim, “əl-Müstədrək”, 2\290). İndi bu ulu səhabələr haqqında mənfi fikirlər səsləndirmək həm o insanları, həm də Allah Rəsulunu tanımamaqdan qaynaqlanmırmı?! Üstəlik Peyğəmbərimiz onları cənnətlə müjdələməklə yanaşı, Həzrəti Əbu Bəkrin və Həzrəti Ömərin qızları ilə evlənmiş, Həzrəti Osmana iki, Həzrəti Əliyə də bir qızını vermiş və onlarla yaxın qohumluq münasibəti qurmuşdur. Məhyəddin ibn Ərəbinin (“Füsus əl-hikəm” əsərində) fikirləri çərçivəsində məsələyə baxsaq, hadisələrin gedişatı baxımından qız alıb-vermənin fərqli mənalara gəldiyini görərik. Ancaq biz məna aləmindən bixəbər insanlar olduğumuza görə məsələni sadə şəkildə izah etməyə çalışacağam və o yerlərə girməyəcəyəm.
Mərkəzdən kənarlara doğru böyüyən bucaq
Bütün bunlara rəğmən müəyyən dövrlərdə bu şəxsiyyətlərə qarşı yanlış münasibət formalaşmışdır. Belə şeylər mərkəzdə çox gözə çarpmadığından başlanğıcda meydana gələn əyintini hiss etməmişlər. Ancaq mərkəzdəki bu kiçik əyri dairənin sektorunda böyük bir bucaq əmələ gətirmişdir. Və get-gedə böyüyən bu bucaq elə bir səviyyəyə gəlmişdir ki, -haşa – kimisi Həzrəti Əliyə kafir demiş, kimisi Həzrəti Əliyə məhəbbət iddiası ilə ortaya atılmış, amma ömrünü Həzrəti Əbu Bəkir və Həzrəti Ömərə düşmənçiliklə keçirmişdir. Onlar düşmənçiliklərini əsaslandırmaq üçün Həzrəti Əlinin adından istifadə etmiş, hətta ona elə ifrat “vəsf libasları” geyindirmişlər ki, özü belə razı olmazdı. Nəticədə hülul və ittiahada qədər gedib çıxan bir çox batini məzhəblər ortaya çıxmışdır. İlk dövrlərdə ortaya çıxan Həsən Sabbah, Qərmətilik, İsmaililik və Nüseyrilik kimi bir çox batil məzhəbin və dünyanın müxtəlif yerlərində zühur edən “mehdilərin” kökündə Həzrəti Əli haqda uydurulan bu cür iddialar dayanır. Hədis meyarları baxımından tənqid olunsa da, Həzrəti Ustadın da əsərində yer verdiyi bir hədisdə Allah Rəsulu (aleyhissalatu vəssalam) Həzrəti Əliyə görə iki zümrənin həlak olacağını bildirir. Bu zümrələrdən biri, haşa, onu üluhiyyət taxtına çıxaracaq, o biri zümrə də, haşa, xırda bir məsələ ucbatından ona kafir gözü ilə baxacaq, ona düşmənçilik bəsləyəcək və onu öldürməyə cəhd edəcəkdi. Və gün gəldi, farslar müsəlmanlığa fitnə salmaq üçün Həzrəti Əbu Bəkir və Həzrəti Öməri inkar etdilər, hətta düşmənçilikdə bir az da irəli gedərək onlara iki bütün – cibt və tağutun adını verdilər. Həzrəti Aişə anamıza da iftira atdılar.
Ardı var…