- Səhabələr - https://sehabe.meneviyyat.az -

İnsanların hidayətinə vəsilə olan gözəl əxlaq və davranışlar

Amr ibn Cəmuhun müsəlman olması üçün oğlu ilə Muazın etdikləri

İbn İshaq rəvayət edir: “Aqabədə Peyğəmbərimizə (s.ə.s.) beyət edən ənsarın Mədinəyə gəlməsi ilə İslam burada daha da gücləndi. Amma yenə də onların arasında iman gətirməmiş kimsələr vardı. Bunlardan biri də Amr ibn Cəmuh idi. Oğlu Muaz Aqabədə olmuş, Peyğəmbəri beyət etmişdi. Amr Sələmə oğullarının nüfuzlu zadəganlarından biri idi. Digər zadəganlar kimi evdə “Mənat” adlı naxışla bəzədilmiş ağacdan bir büt qoymuşdu. Hər gün onu silib-təmizləyirdi. Sələmə oğullarının gənclərindən Muaz b. Cəbəl ilə Amr b. Cəmuhun oğlu Muaz və bir qrup gənc müsəlman olunca gecə Amrın bu bütünü götürüb başı üstə Sələmə oğullarının zibilliyinə atırlar. Səhər olunca bütünü yerində görməyən Amr: “Vay halınıza! Bu gecə tanrımıza kim təcavüz etdi?” – deyir, bütü axtarmağa başlayır. Tapınca yuyub paklayır, ətirləyir: “Allaha and içirəm ki, bunu edəni bilsəm, onu peşman edərəm,” – deyir. Axşam olub Amr yatınca gənclər yenə eyni şeyi edirlər. Bu hadisə bir neçə dəfə təkrar olunur Amr yenə bir gün bütünü zibillikdən çıxarıb yuyur, paklayır, üstünə ətir vurur. Sonra qılıncını gətirib bütün boynuna asır və: “Vallah, bunu sənə kim edir, bilmirəm, bir hünərin varsa, bu da qılınc! Onu yanında qoyuram,” – deyir.

Gecə olunca Amr yatır. Gənclər yenə gəlirlər, bütün boynundan qılıncı götürür, bütün ölü bir itlə birlikdə Sələmə oğullarının tualet çuxurlarından birinə atdılar. Səhər yuxudan oyanan Amr bütünü yerində görməyincə axtarmağa başlayır. Bütü tualet çuxurunda ölü bir itlə yan-yana və təpəsi üstə görüncə qəbiləsindən müsəlman olanlarla danışıb İslamı qəbul edir, yaxşı da müsəlman olur”.[1]

Əbud-Dərdanın (r.a.) müsəlman olması və bunun üçün İbn Rəvahanın (r.a.) etdikləri

Vaqididə belə rəvayət edilir: “Əbud-Dərda (r.a.) ailə üzvləri arasında müsəlman olan sonuncu adamdır. Bütünə bağlı idi. Onun üzünü bir dəsmalla örtmüşdü. Abdullah b. Rəvaha onu İslama çağırır, lakin heç cür qəbul etmirdi. O İbn Rəvaha ki İslamdan əvvəl Əbud-Dərdanın qardaşlığı idi. Bir gün İbn Rəvaha Əbud-Dərdaya sarı gələrkən baxdı ki, Əbud-Dərda evindən çıxıb başqa bir istiqamətə gedir. Dərhal onun evinə girdi, xanımı başını darayırdı. “Əbud-Dərda haradadır?” – deyə soruşdu. “Bir az əvvəl çıxdı,” – dedi xanımı.

İbn Rəvaha əlində bir külüng büt olan yerə girdi, şeytanların adlarını sayaraq və: “Diqqət yetirin, Allahla yanaşı “tanrı,” – deyə çağırılan hər şey əsassızdır,” – misrasını tərənnüm edərək bütü parça-parça etdi. Külüngün səsini eşidən evin sahibəsi: “İbn Rəvaha, məni məhv etdin!” – dedi. İbn Rəvaha heç bir şey olmamış kimi çıxıb getdi. Əbud-Dərda evinə qayıdınca baxdı ki, xanımı oturub ağlayır. “Bu nə haldır?” deyə soruşdu xanımından. “Qardaşın İbn Rəvaha gəldi, bütü parça-parça etdi,” – dedi.

Əbud-Dərda buna çox hirslənsə də, öz-özünə: “Bütün əlindən bir xeyir gəlsə idi, özünü qoruyardı,” – dedi. İbn Rəvahanı taparaq onunla Peyğəmbərimizin (s.ə.s.) hüzuruna getdi və müsəlman oldu”.[2]

Həzrəti Ömərin Amr ibn Asa göndərdiyi cizyə və əsirlərlə əlaqədar məktubu

Ziyad b. Cəz əz-Zübeydi rəvayət edir: “Həzrəti Ömərin (r.a.) xəlifəliyi dövründə İskəndəriyyəni fəth etdikdən sonra Bəlhibdə Həzrəti Ömərin məktubunu gözləməyə başladıq. Bir müddət sonra məktub gəldi. Amr b. As məktubu bizə oxudu. Yazırdı:

“Məktubunu aldım. Yazmısan ki, İskəndəriyyə hökmdarı əsirləri qaytarmaq şərtilə cizyə verməyi təklif edir. And olsun ki, bizə və bizdən sonrakı müsəlmanlara daimi gəlir qaynağı olan bir cizyə bölüşdürüb tükənən və daimi olmayan feydən (sülh yolu ilə alınan qənimət) daha yaxşıdır. Buna görə də əlinizdə olan əsirlərə İslamı və ya öz dinlərini seçməkdə sərbəstlik verərək İskəndəriyyə hökmdarına cizyə ödəməyi təklif edin. İslamı seçən əsir artıq müsəlmanlar arasına qatılmış sayılır. Müsəlmanların lehinə və əleyhinə olan məsələlər onun da lehinə və əleyhinədir.

Öz xalqının dinini seçənlərə də dindaşları kimi cizyə öhdəçiliyi qoyulacaq. Ərəb torpaqlarına yayılıb Məkkə, Mədinə və Yəmənə gedən əsirləri geri qaytarmaq mümkün deyildir. Bu səbəbdən yerinə yetirə bilmədiyimiz bir məsələdə sülh bağlamaq istəmirik”.

Həzrəti Amr (r.a.) Xəlifənin yazdığı məktubun məzmununu bildirmək üçün İskəndəriyyə hökmdarına elçi göndərdi. O da: “Qəbul etdim,” – dedi.

Ravi deyir ki: “Razılaşmaya əsasən əlimizdəki əsirləri topladıq. Xristianlar da yığışdılar. Sonra bir-bir əlimizdəki əsirləri gətirir, İslamla xristianlıq arasında sərbəst seçim haqqı verirdik. Bir əsir İslamı seçincə İskəndəriyyə fəthində gətirdiyimiz təkbirlərdən daha canlı təkbir gətirir, onu öz aramıza qəbul edirdik. Xristianlığı seçəndə isə xristianlar qəribə səslər çıxarır, onu öz tərəflərinə götürürdülər. Biz də onun adına cizyə yazırdıq. Bununla yanaşı bizim birimiz onlara qoşulmuş kimi çox kədərlənirdik. Bu işi sonunacan davam etdirdik.

Gətirilən əsirlər arasında Əbu Məryəm Abdullah b. Abdurrahman adlı bir nəfər var idi. Zübeyd oğullarının alimi idi. Onu dayandırdıq və dedik ki, İslamla xristianlıq arasında bir seçim etsin. O adam atası, anası və bacıları xristian olmasına rəğmən İslamı seçdi. Biz də onu aramıza çəkdik. Atası, anası və bacıları üstünə atılıb onu əlimizdən almağa çalışdılar, hətta çəkərkən əynindəki paltarını parçaladılar. Gördüyünüz kimi, o, bu gün artıq bizim alimimizdir”.[3]

Həzrəti Əli ilə bir xristian arasında olan zireh hadisəsi və xristianın müsəlman olması

Hakimin Şabidən nəql etdiyi bir rəvayətə görə: “Cəməl döyüşündə Əlinin (r.a.) zirehi itdi. Bir nəfər zirehi tapıb satdı. Zirehi bir xristianda gördülər. Ona görə də Həzrəti Əli xristiandan Şüreyhə şikayət etdi. Şahidləri də oğlu Həsən və azadlısı (azad etdiyi köləsi) Qənbər idi. Şüreyh:

– Həsənin yerinə başqa şahid göstər, – dedi.

– Həsənin şahidliyini qəbul etmirsən?

Qazı Şüreyh:

– Bəli, bunu mən səndən öyrənmişdim: “Uşağın atası lehində şahidliyi caiz deyil,” – demişdiniz, – dedi.

Hakimin başqa bir rəvayətində də bu əlavələrə rast gəlirik: “Şüreyh Həzrəti Əliyə xitabən: “Azad etdiyin kölənin şahidliyini qəbul edərik. Amma oğlunun sənin lehində şahidliyini qəbul edə bilmərik,” – dedi. Həzrəti Əli: “Həzrəti Ömərin (r.a.) Peyğəmbərimizdən (s.ə.s.) “Həsənlə Hüseyn cənnət əhlindən olan gənclərin böyükləridir,” – deyə rəvayət etdiyini eşitmədinmi?” – dedi. Sonra Şüreyh xristiana: “Zirehi götür, sənindir,” – deyə hökm verdi.

Başqa bir rəvayətdə belə bir əlavə var:

Xristian dedi: “Möminlərin Əmiri mənimlə birlikdə müsəlmanların qazısının yanına gəldi. Qazı onun əleyhinə hökm verdi, o da hökmlə razılaşdı.

– Ey Möminlərin Əmiri, vallah, sən doğru söylədin, o, sənin zirehindir. Dəvəndən düşmüşdü, mən də götürmüşdüm. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq ilah yoxdur; Məhəmməd Allahın Rəsuludur, – dedim”.

Adam müsəlman olunca Həzrəti Əli zirehini ona bağışladığı kimi, yeddi yüz dirhəm də nəğd bəxşiş verdi. Bu şəxs Siffin döyüşündə şəhid olanadək Hz. Əlinin yanından ayrılmadı”.[4]



[1]. İbn Kəsir, əl-Bidayə, 3/166

[2]. Hakim, əl-Müstədrək, 3/380 (5449)

 [3]. Təbəri, Tarix, 4/227.

 [4]. Əl-Hindi, Kənzul-Ummal, 7/44 (17795)