- Səhabələr - https://sehabe.meneviyyat.az -

Səhabələrin sayı

Səhabələrin sayı haqqında qəti bir rəqəm heç kim deyə bilməyib. Öndə gələn hədis alimlərindən Əbu Züra ər-Razi Peyğəmbərimiz dünyasını dəyişdiyi əsnada Məkkədə, Mədinə və ətrafında  yüz on dörd min səhabənin olduğunu söyləmişdir. Bir başqa hədis alimi Əli b. Əl-Mədini “yüz mindən çox” deməklə yuxarıdakına yaxın bir rəqəm vermişdir. İmam Şafinin fikrincə isə, səhabələrin sayı altmış min olmuşdur. Qəbul edilən əsas fikrə isə, Vida Həccinə qatılan səhabələrin sayı yüz min civarındadır.

Səhabələrin hamısı haqqında qəti bilgimiz yoxdur. Mədinədə və ya Məkkə kimi mərkəzlərdə yaşayan məşhur səhabə adlarından bəzisi bilindiyi halda, onların çoxu haqqında qəti bilgiyə malik deyilik. Səhabələrdən bəhs edilən qaynaqlara baxdıqda, təsbit edilən ad sayının on mindən bir qədər çox olduğunu görürük. Kitabında ən çox səhabə adını çəkən İbn Hacər əl-İsabəsində bir qisminin səhabə olması şübhə doğuran 12 minə yaxın ad yazmışdır. Adları bilinməyən digərləri  isə ya məşhur olmamış, ya  da onlara tapşırılan vəzifəni yerinə yetirmək üçün getdikləri yerlərdə qalmışlar. Muhamməd Hamidullah kimi araşdırmacı-alimlər Hindistana, Çinə qədər səhabələrin getdiyini deyirlər. Burası çox maraqlıdır ki, Cəmil Leenin araşdırmasına görə, hal hazırda Çində əllərində şəcərə sənədi olmaqla özlərinin Sad b. Əbu Vaqqasın nəslindən olduğunu söyləyənlər var.[1]



[1] Cəmil Lee, “İslam və Türk mədəniyyətinin Uzaq Şərqə yayılması”, TVD yayınları. Ankara.