- Səhabələr - https://sehabe.meneviyyat.az -

Sevgilinin oğlu sevgili (əl-hibbü ibnül-hibb)

Üsamə ibn Zeyd Allah Rəsulunun azad etdiyi Həzrət Ha­ri­sənin oğlu idi. Allah Rəsulu (s.a.s.) onun atasını sevdiyi kimi, Üsaməni də çox istəyirdi. Ona görə də ona Sevgilinin oğlu sevgili mənasında “Əl-hibbü ibnül-hibb” deyirdilər. Peyğəmbərin (s.a.s.) Üsamənin xətrini çox istəməsi barədə belə bir rəvayət var: “Şübhəsiz ki, Üsamə ibn Zeyd mənim üçün insanların ən sevimlisidir. Yaxşılardan olmasını umuram. Onun haqqında yaxşılığı və xeyri tövsiyə edin”.[1]

Həzrət Aişədən rəvayət olunan bir hadis də Rəsulullahın Üsaməni uşaqlığında belə nə qədər istədiyini göstərir: “Bir gün Üsamənin ayağı qapıya ilişib yıxıldı, üzü yaralandı. Allah Rəsulu (s.a.s.)  mənə dedi ki, onun üzünü təmizlə. Mən də dediyini etdim. Sonra Rəsulullah (s.a.s.) onun üzünün yarasını sorub tüpürdü”[2].

Həzrət Ömər “Divan” təşkilatını qurub Rəsulullaha yaxınlıq dərəcəsinə və döyüşlərdə iştiraka görə Müsəlmanlara xə­zinədən pul ayırmış, Üsaməyə 4-5 min dirhəm verdiyi halda öz oğlu Abdullaha 2 min dirhəm ayırmışdı. Bunu görən Abdullah atasına belə demişdi: “Niyə mənə Üsamədən az verirsən? Halbuki mən onun iştirak etmədiyi döyüşlərdə olmuşam.” Həzrət Ömər belə cavab verdi: “Allah Rəsulu Üsaməni səndən çox istəyirdi. Üsamənin atasını da sənin atandan çox istəyirdi”[3].

Eyni zamanda Peyğəmbərimiz Miqdad ibn Amrı da çox istədiyi üçün ona bu ünvanı vermişdi[4]. Həzrət Miqdadın bir ləqəbi də “Əvvəlü-fürsanil-İslam”, yəni İslamın ilk süvarisi idi.



[1] İbn Əsir, Üsdül-ğabə, 1/79; İbn Əbdilbərr, a.ç.ə, 1/76

[2] İbn Əbdilbərr, a.ç.ə, 1/80

[3] İbn Əbdilbərr, a.ç.ə.; İbn Əsir, Üsdül-ğabə, 1/80; Əl-Əsqalani, a.ç.ə., 1/29;  İbn Sad, Təbəqat, 3/296, 297

[4] Fuad Saleh, Əlkab, 82