Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Şeybə bin Osman (r.a.)

Tarix: 01.08.2013 | Bu məqalə 518 dəfə oxunub.

Sizdən kimsə bir məclisə girəndə boş yer taparsa, orada otursun. Yoxdursa, uyğun yer axtarsın.

Hədisi-Şərif

Şeybə intiqam hissi ilə yanıb-alışırdı. Ən sevdiyi varlığı‒atası Osman bin Əbu Talha Uhud döyüşündə müsəlmanlar tərəfindən öldürülmüşdü. Həm də öldürən Rəsulullahın ən yaxın qohumlarından idi…

Şeybə atasının intiqamını almaq üçün fürsət axtarırdı. Tədbirlər tökür, hiylələr axtarırdı. O, ancaq Rəsulullahı öldürməklə intiqam hissini soyuda bilərdi. Bunu beyninə salmışdı. Məqsədini həyata keçirmək üçün yoldaş axtarırdı.

Huneyn döyüşünün qızğın anları idi. Müsəlmanlar çətinlik çəkirdilər. Şeybə axtara-axtara axırda Safvanı tapdı. Safvanın atası Ümeyyə də Bədir döyüşündə öldürülmüşdü. İkisi də atalarının intiqamını almaq istəyirdilər. Onların niyyətləri Huneyn döyüşündə müsəlmanlar məğlub olarsa, Kainatın Sultanına hücum etmək idi.

Döyüş əməlli-başlı qızışmışdı. Şeybə dayanmadan “Məhəmməddən bu gün intiqam alacağam!” ‒ deyirdi. O, daim Rəsulullahı izləyir, bir fürsət gözləyirdi. Rəsulullahın miniyindən düşdüyünü görüncə qılıncını sıyırdı, üstünə cumdu. Ancaq Hz. Abbası görüncə geri çəkildi. Sonra sol tərəfdən hücum etmək istədi, Rəsulullahın əmisi oğlu Əbu Süfyan bin Harisi gördü. Fürsət gözləyirdi. Rəsulullahı tək görüncə, gizli şəkildə arxadan yanına yaxınlaşdı. Qılıncını qaldırıb vurmaq istəyirdi ki, arxada ildırıma bənzər bir alov göründü. Alovun onu yandıracağından qorxdu, heç bir şey edə bilmədi.

Hadisəni Şeybə özü belə nəql edir edir:

“Rəsulullahı öldürmək üçün tələ qurdum. Qılıncımı qaldırdım, vurmaq istəyirdim ki, üstümə bir şey gəldi. Qəlbimi ovsunladı və mən qılıncımı qaldıra bilmədim. Başa düşdüm ki, onu öldürmək mümkün deyil”.[1]

Rəsuli-Əkrəm üzünü ona çevirdi və gülümsəyərək “Ey Şeybə! Mənə yaxınlaş”, ‒ dedi.

Kainatın Sultanını öldürməyə gələn Şeybə indi tir-tir titrəyirdi. Ürəyi qorxu içində döyünür, addım atmağa macal tapa bilmirdi. Sonra bir cəsarət tapıb Rəsulullaha yaxınlaşdı. Peyğəmbərimiz şəfa bəxş edən əllərini Şeybənin sinəsinə qoydu və “Allahım! Bundan şeytanın hiylələrini yox elə”, ‒ deyə dua etdi.

Bu duanın nəticəsində Şeybənin qəlbinə hidayət nuru doldu. Artıq müşrik Şeybə getmiş, yerinə mömin Şeybə gəlmişdi.

Hz. Şeybə (r.a) bu məsud anı belə nəql edir “Vallah, Rəsulullah (s.ə.s) əlini sinəmə qoyanda dünyada mənim üçün ondan daha sevimli bir insan yox idi”.

Kainat Sultanının bəzən bir baxışı, bir təbəssümü, mübarək əlləri ilə bir təması bu möcüzələr göstərir,  kömürü almaza çevirirdi. Bu həqiqət “Sözlər”də belə ifadə olunur “Bəzən bir nəzər kömürü almaz edir. Bəzən bir təmas (toxunuş) daşı iksir edir. Bir Peyğəmbər nəzəri birdən-birə bir bədəvi cahili, kamil bir arifə çevirir. Əgər nümunə istəyirsənsə, İslamdan əvvəl Ömərlə, İslamdan sonrakı Ömər. Bir çəyirdəyin bir ağac olub meyvə verməsi kimi, o Peyğəmbər nəzəri Ərəbistan yarımadasında kömürləşmiş qəlbləri almaza çevirdi…”[2]  

Şeybə artıq hidayətə çatdığına görə müşriklərə qarşı döyüşməli idi. Rəsulullah “Ey Şeybə! Haydı, artıq kafirlərlə döyüş!” ‒dedi. Hz. Şeybə qılıncı ilə bayaq tərəfində vuruşduğu Həvazin qəbiləsinə hücuma keçdi. Elə bir şövq və həyəcanla vuruşurdu ki, qarşısında heç kim dayana bilmirdi. Artıq Rəsulullahı qorumaq üçün döyüşürdü.

Hz. Şeybə bu anı belə dilə gətirər:

“Rəsulullahın qarşısında döyüşürdüm. Vallah, canımla və bütün varlığımla onu qorumaq istəyirdim. O anda atam sağ olsaydı, atamla da vuruşardım!”

O necə bir iman idi ki, bir az əvvəl intiqam almaq üçün öldürməyə gəldiyi Rəsulullahı  indi bütün varlığı ilə qorumağa çalışırdı…

Şeybə Cahiliyyə dövründəki anlarını xatırlayınca çox kədərlənir, Rəsulullahdan dua istəyirdi. “Mənim üçün Uca Allahdan bağışlama dilə, ya Rəsulallah!”‒deyərdi. Rəsulullah ona dua edər, müjdə verərdi. “İslamiyyət əvvəlki səhvləri, günahları silib atmışdır”, ‒buyurardı.

Hz. Şeybə İslam qaynaqlarında artıq “Hacibul-Kəbə” ləqəbi ilə xatırlanırdı. Çünki Kəbənin açarı onun əlində idi.[3] Bu müqəddəs vəzifəni ona Peyğəmbərimiz vermişdi.

Anası böyük səhabə Hz. Musab ibn Umeyrin qardaşı idi. Hz. Musab ömrü­nün sonuna qədər İslamiyyətə xidmət etdiyi kimi, Hz. Şeybə də dayısının yolu ilə gedərək hicrətin 59-cu ilində vəfat edənə qədər İslamın müqəddəs həqiqətlərini yaşadı və onlar üçün mübarizə apardı.

Onun rəvayət etdiyi hədislərdən biri belədir:

Rəsulullah belə buyurdu “Sizdən kimsə bir məclisə girəndə boş yer taparsa, orada otursun. Yoxdursa, uyğun yer axtarsın (başqalarını narahat etmə­sin)”.[4]

Allahın rəhməti onu üzərinə olsun!


[1] Sirə, IV, 87.

[2] Sözlər, s. 662-663.

[3] Sirə, II, 300.

[4] Üsdül-Ğabə, III, 7-8; İsabə, II, 161; Məktubat,  s. 147.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.