- Səhabələr - https://sehabe.meneviyyat.az -

Təmsilçilərin təmsilçisi

Əsad ibn Zürarə Allah Rəsulu (s.a.s.) ilə Əqabədə qarşılaşıb ilk müsəlman olan mədinəlilərdəndir. Birinci Əkabə beyətində gecə baş tutan görüşdə Əsad və digər müsəlmanlar Rəsulullaha beyət etdilər.

Əsad ibn Zürarə və digər müsəlmanlar Mədinəyə qayıdandan sonra İslam yolunda daha səylə çalışmağa başladılar. Ancaq İslamın təbliğində, xüsusilə Quranı öyrətməkdə çətinliklərlə qarşılaşdılar. Buna görə də Rəsulullaha bir məktub yazaraq müəllim istədilər. Peyğəmbərimiz də Musab ibn Ümeyri Mədinəyə göndərdi. Həzrət Əsad Musabı evində qonaq etdi və birlikdə İslamı təbliğ etməyə başladılar. Onlar ev-ev gəzib insanları İslama çağırırdılar.

Bir il sonra Əsad və digər mədinəli müsəlmanlar yenidən Əqabədə Peyğəmbərimizlə görüşdülər. Yenə də gecəyarı və gizli baş tutan görüşdə Allah Rəsulunun və məkkəli mü­səl­manların Mədinəyə hicrətinə qərar verildi. Mədinəli mü­səl­manlar Rəsulullahı və səhabələrini öz canları kimi qorumağa və onlara hər cür kömək etməyə and içib beyət etdilər. Bu hadisə “İkinci Əqabə beyəti” adını aldı. Beyətdən əvvəl Pey­ğəmbərimizin əmisi Həzrət Abbas beyətin ciddiliyindən danışdı. Onun ardınca Əsad ibn Zürarə də beyətin mənasını bir daha dilə gətirdi. Rəsulullah mədinəli müsəlmanlardan on iki təmsilçi seçmələrini istədi. Hər bir təmsilçi öz qəbiləsini təmsil etməli idi. Sonra Rəsulullah (s.a.s.) Həzrət Əsadı təm­siçilərin təmsilçisi təyin etdi. Növbə beyətə gələndə ilk beyət edən Əsad oldu: “Mən Allaha beyət edirəm, Allah Rəsuluna da beyət edirəm. Əhdimi yerinə yetirməyə, Sənə verdiyim sözü əməlimlə gerçəkləşdirməyə…”. Sonra qadınlardan başqa bütün Müsəlmanlar Rəsulullahın əlini tutaraq beyət etdi. İkinci Əqabə beyəti adlanan bu hadisə hicrətin qapısını və İslamın zəfər yolunu açdı.

Əsad ibn Zürarə vəfat etdikdən sonra Nəccar qəbiləsi Pey­ğəmbərimizin hüzuruna gəlib təmsilçilərinin öldüyünü demiş, onun əvəzinə başqa bir təmsilçi təyin etməyi xahiş etmişdilər. Allah Rəsulu da: “Sizin təmsilçiniz mənəm,” – demişdir. [1]



[1] İbn Əsir, Üsdül-ğabə, 1/72