- Səhabələr - https://sehabe.meneviyyat.az -

Təslimiyyət qəhrəmanı Həzrəti Səid ibn Zeyd (r.a.)

“Aşərəi Mübəşşərə” – Cənnətlə müjdələnənlərdən biri də Həzrəti Səid ibn Zeyddir. Həzrəti Ömərlə bir neçə nöqtədən qohumluq əlaqəsi vardı. Hz. Ömərin həm əmisi oğlu, həm də bacısı Fatimənin əri idi. İslama ilk daxil olanlardandı. Bir rəvayətə görə müslüman olanların on beşincisidir. Müslüman olandan sonra o vaxt hələ imanla şərəflənməmiş, qəlb gözü İslam nuru ilə işıqlanmamış Hz. Ömərin qəzəbinə tuş gəlmişdi.

Hz. Səid saf bir ailəyə mənsubdur. Atası Zeyd Əfəndimizə (s.a.s.) risalət nuru gəlmədən əvvəl tövhid inancını qəbul edən haniflərdən olmuşdur. Özündən əvvəl atası haqqında  danışıb tanıtmağımız lazımdır. Anası, Fatıma binti Bacədir.

Bir nəfərlik ümmət

Allah Rəsulunun (s.a.s.) onun haqqında “təkbaşına bir ümmət” adını layiq gördüyü bu adam kimdir? Əvvəlcə onu tanıyaq. Beləcə Hz. Səidin necə bir evdə böyüyüb boya-başa çatdığını, doğulan gündən haqq adamı olduğunu daha asan dərk edə bilərik.

Hz. Səidin atası Zeyd b. Amr b. Nüfeyl təmiz bir fitrətə sahib insan idi. Qövmünün batil inancına heç qarışmamış, bütlərə etiqad etməmişdi. Hətta  bütlərin adına kəsilmiş qurban ətindən yemir və bu fikrini ətrafına  təlqin etməkdən çəkinmirdi.

Həyatı haqqında çox məlumatımız olmasa da, əldə olan bilgiyə görə maraqlı bir insan olmuşdur. Qövmünün dini yaşayışını bəyənməmiş, həmişə Haqq dini axtarmışdır. Davamını Hz. Ömərin böyük oğlu Hz. Abdullahdan dinləyək: “Zeyd, cavanlığında dinləri araşdırmağa çıxmış, Şamda rast gəldiyi musəvilər öz dinlərini ona öyrətməyə başlamışlar. Zeydin onların inancı ilə bağlı verdiyi suallara: “Bizim dinimizi qəbul edərsən, bizim üzərimizdəki qəzəbdən sən də öz payını alarsan”, – şəklində cavab vermişlər. Zeyd isə buna cavab olaraq: “Mən Allahın qəzəbindən qaçıram”, – deyərək musəviliyi qəbul etməmişdir. Xristianlar da onun sorğularına eyni ilə musəvilər kimi cavab vermiş və ona Allahın lənəti və qəzəbindən payına düşəni götürmək lazım gəldiyini bildirmişlər. Hal belə olduqda O da hər iki dini qəbul etmək fikrindən də əl çəkir”. Dönə-dönə soruşub təkid edəndən sonra o dinlərin alimləri Hz. İbrahimin dini olan hənifliyi tövsiyə edirlər. Xeyli sonra Zeyd Kəbəyə söykənəcək, küfr və cahilliq içində üzən qövmünə baxaraq belə deyəcəkdir: “İçinizdə tək muvahhid (Allahın təkliyini qəbul edən) mənəm”.

Zeydin muvahhidliyi təkcə sözdən ibarət deyildi. Çünki bunu əməllərində göstərmişdir. Məsələn, heç vaxt içki içməmişdir. Qız uşaqlarının diri-diri basdırıldığı cahiliyyə dövründə rast gəldikcə qızları atalarından almış, böyütdükdən sonra da: “İstəsən, qızını ala bilərsən”, – demişdir.

Belə bir  mühitdə böyümüşdür Hz. Səid. “Allahım! Sənə necə ibadət etmək lazım gəldiyini bilmirəm. Bilsəydim, elə ibadət edərdim”, – deyə yalvara-yalvara dua edən bir atanın iniltilərinə şahid olmuşdur. Qulaqlarında Haqqın səsi ilə böyüyən Hz. Səid Rəsuli-Əkrəmi (s.a.s.) görüncə o saat iman etmiş, atasının axtarsa da, əldə edə bilmədiyi məqamı qazanmışdır. İman etdikdən sonra Allah Rəsulunun (s.a.s.) yanına gəlib atası haqqında danışmışdır. Onun dediklərini Allah Rəsuluna (s.a.s.) nəql edən Hz. Səid atası üçün dua etməsini istəmişdir. Əfəndimiz də dua etmiş və “Onun təkbaşına bir ümmət olaraq diriləcəyi”, müjdəsi ilə Hz. Səidi sevindirmişdir.

Şəmail və əxlaqı:
* Uzun boylu, əsmər bədənli idi. Bədəni tüklü idi.
* Həyatında bir çox dəyişikliklər və inqilablar görmüş, lakin heç bir vaxt zühd və təqvadan ayrılmamış və düzgünlükdən sapmamıştı. Abid, zahid, mələk sifətli bir şəxs idi. idarəçiliyə yanaşmamıştır

İşgəncəyə doğru

Allah Rəsulu (s.a.s.) Məkkədə iman nurunu yaymağa başlamışdı. Amma küfrün qarşılığı da gəlməkdə gecikməmişdi. Gözləri və könülləri şölə saçan iman nurundan məhrum kimsələr də elə o dəqiqə əks hücumla möminlərə əziyyət verməyə başlamışdılar. Məkkə dövründə iman edən hər kəs bu işgəncədən nəsibini almışdır. Hz. Səid də bunlardan biridir. Həyatının o dövrü haqqında çox məlumat yoxdur. Yalnız özünün nəql etdiyi bir hekayə başına gələnlər barədə bizə bir işarət verir. İman etdiyi üçün Hz. Ömər tərəfindən çox kötəklənmişdir. O Ömər ki, iman edən cariyəsini yorulana qədər döydükdən sonra sərbəst buraxırdı. Deyəsən, Ömərə qohum olmaq elə də asan məsələ deyildi. Hz. Səid işgəncələrə dözmüş, səbir etmiş və öyrəndiklərini həyatına tətbiq etməyə çalışmışdır. Haqq işdə səbat etmənin meyvəsindən hələ dünyada ikən dadmışdır: Hz. Ömər onun evində müsəlman olmuşdur. Hadisə belə baş verir:

Hz. Habbab ibn Ərət Səid b. Zeydin evində yeni nazil olan “Taha” surəsinin ilk ayələrini oxuyurdu. Birlikdə Quran öyrənirdilər. Bu vaxt həyətdən ayaq səsləri eşidilir. Birdən qapı taybatay açılır və bütün heybəti ilə Ömər qapıda görünür. Yaxşı ki, əvvəldən tədbir görmüş, ayaq səslərini eşidən kimi Habbabı gizlətmişdilər. Hz. Ömər kürəkən və bacısından nə oxuduqlarını soruşur. Oxuduqlarını inkar edirlər. Ancaq inkar etsələr də, bir faydası olmur. Yeznəsinin üzərinə hücum edən Ömər bir zərbə ilə onu yerə sərir. Ərini qorumaq üçün araya girən bacısını da kötəkləyir. Ancaq Fatimə də Ömərin bacısıdır. Birdən qeyzlənir. Kötək də yeyincə aradakı pərdə qalxır. Artıq böyük qardaşının üzünə ağ olub qışqırır: “Bəli, iman etdik. Əlindən gələni ardına qoyma!” O günə qədər bacısından belə hərəkət görməyən Ömər birdən yumşalır. Mülayim səslə: “Oxuduqlarınızı görmək istəyirəm”, – deyir. Nəticədə o böyük şəxsiyyət imana gedən yola ilk addımını Hz. Səidin evində atır. Bu xoşbəxtliyin ən böyüyüdür. Demək, Ömər o günə qədər Quranla üz-üzə gəlməmiş, heç onu dinləməmişdir. Əgər dinləsəydi, onun kimi bir adam qəlbini Qurana açmaqda, İslama təslim olmaqda bu qədər gecikməyəcəkdi. Demək, yaşadığı həyatın hay-küyü onun özü ilə bir an da olsa Quran həqiqətləri ilə üz-üzə qalmağa imkan verməmişdi.

Kim bilir, bu gün nə qədər adam haqq yola rəhbərlik edəcək belə insanın yolunu gözləməkdədir…

Hicrət mövsümü

Hz. Səid Əfəndimizin (s.a.s.) tez-tez müxtəlif mərkəzlərə göndərdiyi möminlər arasındadır. Həbəşistana olmasa da, Mədinəyə ilk gedənlərdəndir. Mədinədə onlara qucaq açan ənsardan Rifaa b. Münzirin evində qonaq olur. Daha sonra Əfəndimiz (s.a.s.) Mədinəyə gəlib oranı mərkəz seçincə Hz. Səid bu dəfə Rafi b. Maliklə qardaş olacaq, bu qardaşlıq təsis edilincə bir-birinin mallarına şərik ola biləcəkləri səviyyəyə yüksələcəkdi.

Döyüşə icazə verildi

Əshabi-Kiramın Mədinəni yeni mərkəz seçməsi Qureyşi qəzəbləndirmişdi. Çünki Mədinə onların Şamla olan ticarət yolları üzərində yerləşirdi. Ticarətlərinə mane olacaqlarından qorxduqları üçün möminlərə qarşı bir hərəkət planlaşdırırdılar. Bu fürsət heç gözləmədikləri halda ələ düşdü. Müsəlmanların Məkkədə qalan mallarını qəsb edən müşriklər malları karvana yükləyib Suriyada satmışdılar. İndi həmin karvan Mədinə yaxınlığından keçərək Məkkəyə gedəcəkdi. Bundan xəbər tutan Əfəndimiz (s.a.s.) karvanı ələ keçirmək üçün bir səfər təşkil etdi. İlahi iradə isə küfrə unuda bilməyəcəyi bir zərbə vurmağı istəmişdi. Karvan üzərinə təşkil olunan səfər Qureyş ilə bir döyüşə çevrilmişdi. Bədirdə yaddaşlarda iz qoyan bir döyüş oldu. Möminlərdən səkkiz nəfərin şəhid olduğu halda, Qureyşin böyüklərindən yetmiş nəfər ölmüşdü.

Yuxarıda qeyd etdiyimiz kimi Hz. Səid və Hz. Talha xüsusi tapşırıq aldıqlarına görə bu səfərdə iştirak edə bilməmişdilər. Əfəndimiz də (s.a.s.) öz əmriylə kəşfiyyata gedən və bu səbəbdən döyüşdə iştirak edə bilməyən hər iki səhabəyə qənimətdən pay vermişdi.

Hz. Səidin sonrakı bütün döyüşlərdə iştirak etdiyini bilirik. Ancaq döyüşlərdə etdiklərinə dair bir məlumat yoxdur. Nə qədər doğru olduğunu bilmirik, amma döyüşlərdəki vəziyyəti haqqında qaynaqlarda məlumatın verilməməsi ilə bağlı bir fikir yürütmək istəyirik. Bədir döyüşündən əvvəl Əfəndimiz (s.a.s.) onu Qureyşin vəziyyətini öyrənmək üçün kəşfiyyata göndərmişdi. Bəlkə də, sonrakı həyatında da bu işə davam etmiş, Əfəndimiz (s.as.) bu sahədə ondan istifadə etmişdir. (Məlum olduğu kimi Hz. Abbas da Məkkədə bu tapşırıqla qalmışdı. Əfəndimizi (s.a.s.) hər şeydən vaxtında xəbərdar edən bir mənbənin olduğunu bu gün bilirik). Allah Rəsulu (s.a.s.) adamları seçməkdə və vəzifələndirmədə xüsusi üstünlüyə malik idi. Hər kəsə bacarıq və qabiliyyətinə görə iş tapşırırdı. Səhabələrin hər biri də verilən tapşırığı mükəmməl şəkildə yerinə yetirirdi.

Xəlifələr dövründə

Hz. Səidin Əfəndimizdən (s.a.s.) sonrakı həyatı haqqında çox məlumatımız yoxdur. Bildiyimizə görə, Hz. Ömər dövründə Şam mühasirəsində iştirak etmişdir. Burada Əbu Ubeydə ibn Cərrahla birlikdə vuruşmuşdur. Hz. Əbu Ubeydə onu Şama vali təyin etmək istəyəndə qəbul etməmiş, qalan həyatını sıravi adam kimi yaşamaq istəmişdi. Əbu Ubeydə onun bu seçiminə qarışmamış, Hz. Səid də sıravi bir şəxs kimi cihaddan cihada qoşmuşdu. Yərmuk müharibəsində də iştirak etmiş, burada da qəhrəmanlıqlar göstərmişdir. Sonrakı həyatını Mədinə yaxınlığındakı Aqiqdə keçirmişdir.

Fitnələr qarşısındakı hərəkətləri

Hz. Səid ibn Zeydin fitnələr dövründə necə davrandığı barədə də dəqiq bir bilgimiz yoxdur. Amma onun kimi Rəsulullahın (s.a.s.) tərbiyəsində yetişmiş, Quranın “fitnəkarı qatildən təhlükəli” qəbul edən ayələrini oxuyan həssas bir ürəyə sahib insanın dərddən ikiqat olmasını təsəvvür etmək çətin deyildir. Aşağıda nəql edəcəyimiz hadisədən onun davranışları haqqında müəyyən bir fikrə gələ bilərik.

Həyatında gördüyü müxtəlif durumlar qarşısında heç dəyişməyən Hz. Səidə Hz. Osmanın şəhid olması çox pis təsir etmişdi. Bu hadisədən çox iztirab çəkmiş və bir gün Kufə məscidində ətrafındakı adamlara belə demişdi: “Allaha and olsun ki, sizin Hz. Osmana qarşı etdiyiniz bu hərəkət üzündən Uhud dağı yerindən oynasaydı, yerinə düşərdi!”

Bir dəfə də Kufə valisinin yanında olduğu vaxt bir nəfər gəlir. Vali ilə danışmadan əvvəl küfr edir. Hz. Səid söhbətin kimdən getdiyini bilmədiyindən validən soruşur: “Bu adam kimə küfr etdi?” Vali pis sözlərin Hz. Əli haqqında deyildiyini söyləyincə o cür yumşaq xasiyyətli adam birdən hiddətlənərək parlayır: “Demək, sənin yanında Allah Rəsulunun cənnətlə müjdələdiyi bir səhabə haqqında pis sözlər danışırlar, sən də heç bir etiraz etmirsən?” – deyərək valini danlayır. Həm də camaatın və valinin adamlarının yanında. Bu Hz. Səid aldığı tərbiyəyə uyğun hərəkət idi.

Şəxsi keyfiyyətləri

Hz. Səid Əfəndimizə (s.a.s.) ən yaxın dairədə olanlardandır. Böyük tabiin alimlərindən biri Aşərəi-mübəşşərədən danışarkən belə demişdi: “Onlar namaz qılanda Rəsulullahın arxasında, döyüşlərdə isə Əfəndimizin (s.a.s.) önündə dayanardılar”.

Bu müqəddəs şəxslərdən biri olan Səid b. Zeyd qəlbini hərislikdən, dünyanın bəsit istəklərindən qoruya bilmişdi. Ömrünü bu fani dünyanın sıxıcı şeyləri uğrunda tükətməmişdi. Ömrünün sonlarına doğru Aqiq məntəqəsində məskunlaşmış, son günlərini burada keçirmişdi. Hz. Osman dövründə paylanan qənimətlərdən ona İraq tərəflərində bir ərazi verilmişdi.

Səhabəyə sonsuz sayğısı vardı. Onlar haqqında ən kiçik hörmətsizliyin qarşısını almaq üçün əlindən gələni edirdi. Səhabənin başqa insanlardan üstünlüyünü göstərmək baxımından bu sözləri çox əhəmiyyətlidir: “Bir insanın Rəsulullahla bərabər bir məqamda üzünün toz-torpağa bulanması sizin hər hansı birinizin Hz. Nuh qədər ömür sürsə də, bu müddət ərzindəki əməllərindən daha xeyirlidir”. Səhabəyə ünvanlanan bu təriflər Hz. Səid b. Zeydin öz fikridir. Həbibi-Kibriyadan (s.a.s.) aldığı dərsə əsasən belə söyləyə bilər. Elə Aşərəyi Mübəşşərə ilə bağlı hədisi rəvayət edən də Hz. Səidin özüdür. Bir gün Kufə məscidində olarkən belə demişdi: “Mən Rəsuli-Əkrəmdən bunu eşitdim və əzbərlədim:”Əbu Bəkir, Ömər, Əli, Osman, Talha, Zübeyr, Abdurrahman, Əbu Ubeydə cənnətdədirlər. İstəsəm, doqquzuncunun adını da deyərəm”. Çox təkid edəndən və and verəndən sonra doqquzuncu adamın özü olduğunu deməyə məcbur olmuşdu.

Fəziləti

Hz. Səid duası qəbul olan şəxslərdən idi. Bununla bağlı belə bir hadisə nəql edilir: Aqiqdə yaşayarkən ərazi qonşusu Ərva adlı bir qadın Mədinənin valisi Mərvanın yanına gedib Səid b. Zeydin onun ərazisini qəsb etdiyini söyləyir. Mərvan da iki nəfəri məsələni araşdırmaq üçün təyin edir. Onlar  hər iki tərəfi dinlədikdən sonra kimin haqlı olduğunu valiyə bildirəcəkdilər.

Abdurrahman b. Amr adlı bir məmurun başçılığı ilə heyət Aqiqə Hz. Səidlə görüşməyə gəlir. Onları qarşılayan Hz. Səid niyə gəldiklərini başa düşür və belə deyir: “Mən Rəsuli-Əkrəmdən bunu eşitdim: Kim ki, özünə aid olmayan bir torpaq parçasını qəsb edərsə, yerin yeddinci qatında da olsa, qiyamət günündə o torpaq onun boynuna dolanacaqdır”. Bu hədisi rəvayət etdikdən sonra öz ərazisindən kənara çıxmadığına dair and içmiş və əllərini qaldıraraq o qadın haqqında belə dua etmişdi: “Allahım, bu qadın yalan deyirsə, gözü kor, quyusu ona məzar olsun”. Bir müddət keçdikdən sonra qadının gözləri kor olmuşdu. Sonra həyətdə gəzərkən  bağçadakı quyuya düşmüş və orada ölmüşdü. Bəlkə də, o dövrdə Əməvilərin səhabələri təzyiq altında saxlamaq üçün əmələ gətirdiyi şəraitdə qadın nə isə almaq istəmişdi. (Doğruyu ancaq Allah bilir.)

Zövcələri və uşaqları

Hz. Səid bir neçə dəfə evlənmiş, xeyli uşaq sahibi olmuşdu. Oğlan uşaqlarından bəzilərinin adları belədir: Abdurrahman Əkbər, Ömər, Abdullah, Əsgər, Məhəmməd, Əsvəd, İbrahim, Talha.

Qızlardan da bəzilərinin adı belədir: Atiqə, Ümmü Həsən, Ümmü Səlma, Ümmü Səid, Ümmü Həbibi Kübra, Aişə, Zeynəb.

Vəfatı

Ömrünün sonlarını Aqiqdə yaşadığını demişdik. Burada sakit bir həyat yaşayırdı. Hicri təqvimin 50-ci ilində vəfat etmişdir. Ölüm xəbərini alan kimi İbn Ömər və Sad b. Əbu Vaqqas gəlmişlər. Cənazəni yumaq və kəfənləmək işlərini Hz. Sad həll etmiş, namazını İbn Ömər qıldırmışdı. Cənazəsi Mədinəyə gətirilərək orada dəfn edilmişdi. Məzara da yenə ikisi endirmişdi (Rahmətullahi aleyhi rahmətən vasia).

Rəvayət etdiyi hədislərdən

Hədislə bağlı bəzi mənbələrində onun heç hədis nəql etmədiyi haqqında yanlış məlumatlar verilir.[1] Ancaq bu doğru deyildir.

Təkcə Əhməd b. Hanbəlin “Müsnəd” əsərində rəvayət etdiyi hədislərin sayının 29 olduğu barədə bilgi verilir.[2] Bunlardan bəziləri təkrardır. Yuxarıda verdiklərimizdən başqa daha iki hədis nəql edək:

“Əfəndimizlə (s.a.s.) Hira  dağının üstündə idik. Bu vaxt dağ silkələnməyə başladı. Rəsulullah belə dedi: Hira, yerində dur! Sənin üzərindəkilər ya sıddıqdırlar, ya da şəhiddirlər. Əfəndimiz axırda yuxarıda adları çəkilən cənnətlikləri saydı”.

Rəvayət etdiyi hədislərdən biri də belədir: “Kim ki malı uğrunda ölsə, şəhiddir. Bir qarış torpağı qəsb edən yerin yeddinci qatına ensə də, o torpaq onun boynuna  dolanır”. [3]


[1] Misal olaraq bax. Mehmet Görməz, “Sünnə və hədisin anlaşılması və yorumlanmasında metodoloji problem”, TDV. Ankara, 2-ci nəşr 2000, s. 191

[2] Darul-Fikrin 1991-də nəşr etdiyi “əl-Müsnəd”də, 1;396-403. səhifələr arasında, 1625-dən 1654-ə qədər Hz. Səid b. Zeydin hədisləri yerləşir.

[3] Digər mənbələrdən başqa Nədvinin “Əsri Səadət”, 2-19 və davamından istifadə edilmişdir.