- Səhabələr - https://sehabe.meneviyyat.az -

Tövbə Qəhrəmanı Kab ibn Malik (r.a.)

Ruhumda nə zaman bir narahatlıq keçirsəm, həyat tarixçəni xatırlayır və bir az sıxıntılar məngənəsindən sıyrılıram. Axı qabım dardır və çox vaxt daşmasına əngəl ola bilmirəm. Bu səbəblə neçə-neçə qəlb qırmış, baş yarmışam sümüksüz dilimlə. Yenə həyat sərgüzəştin gəldi ağlıma və sətirlərin içinə dalıb tövbəmin qəbulu üçün səndə özümü axtarmağa başladım. Bunlar arasında yerlə göy qədər məsafə olsa da, aralı qapı tapa bilməsəm də, ”zülmət aydınlığın qapısıdır” deyə, məşəqqət dolu halını yad edib qara buludlardan sıyrılmaq, bahara yaxınlaşan günlərdə güllərlə söhbət etmək istədim.

Elə bir tövbən var ki, bütün yolunu azanlara örnəkdir. Bilirəm, tövbədə əlçatmaz bir zirvəyə çatmış misilsiz qəhrəmansan. Bir-birinin dalınca gələn bu qədər fəlakətdən necə xilas ola bildin? Hələ də anlamaqda çətinlik çəkirəm.

Ləng tərpənmiş, ordu ilə Təbükə gedə bilməmişdin. Yəni arxada qalmışdın. Bəli, sənə yaraşmayan bir hərəkət idi bu! Sənə yaraşmırdı əlindən tutanın, əlimizdən tutanın ardınca getməmək, bunu özün də bilirdin. Əslində, halın onu tez-tez tənha qoyan bizim kimi nadanlara bir ismarışdır. Bu gün arxada qalmamış olsaydıq, bəlkə də, müjdənlə həmhal olmuş bəşəriyyətə sürur, hüzur təqdim edəcəkdik. Arxada qalmamış olsaydıq, bu gün geridə qalardıqmı?

Bədrdən başqa heç bir döyüşdən qalmamışdın. O zaman hadisələr gözlənilməz şəkildə cərəyan etmiş və çata bilməyəni heç kim qınamamışdı. Buna baxmayaraq, həyatın boyu Bədrə getməməyin izdirabını yaşamışdın.

Belə ki, bir dəfə söz vermişdin; Aqabədə əlini sıxmış və hər cür şəraitdə Onun yanında olacağını söyləmişdin.

Uhudda göstərdiyin qəhrəmanlığa da söz yox idi, Allah Rəsulu ilə zirehlərinizi dəyişdirmiş, birlikdə vuruşurdunuz. Bir ara Musab şəhid ediləndə “Allah Rəsulu öldürüldü” şayiəsi yayılmışdı. O ana qədər imanı müdafiə etmə həyəcanı ilə damarlarında coşan qanın donmuşdu. Xeyr, xeyr, bu ola bilməzdi. Hələ peyğəmbərlik tamamlanmamış və vəzifə də bitməmişdi. Allah Rəsulunu qarşısında görəndə sevincindən yerə-göyə sığmamışdın. Gur səslə hayqırmışdın:

– Müjdələr olsun, ey möminlər! Rəsulullah yaşayır!

Sənin gur səsini eşidən Allah Rəsulu barmağını dodaqlarına aparacaq və susmağı işarə edəcəkdi. Təkcə Uhudda kürəyindən on bir yara almışdın, medal kimi gəzdirirdin.

…bir xəta işlədin

Bəli, daim sınaqlarla üz-üzə gəlirdin. Sədaqətin dərin olsa da, sən də bir bəşər övladı idin. Bəli, Təbük çətin və məşəqqətli idi. Bir tərəfdə yayın istisi yeri-göyü qovurur, digər tərəfdə bulaq başı suyun sərinliyinə cəzb edir, yetişən meyvələr nəfsə şirin təbəssüm saçırdı. Yəni dünya bütün cazibəsini meydana qoyaraq hər kəsə “gəl-gəl” deyirdi. Amma bütün bunlar dəvətə getməmək üçün bəhanə ola bilməzdi. İstidə “kölgələr” sənə qucaq açsa da, ondan daha qızmar başqa bir istinin varlığını (!) sən də bilirdin.

İmkanın yaxşı idi. Həm də əvvəlki illərdən daha yaxşı. İki miniyin vardı, bu, o dövr üçün varlılıq əlaməti idi.

Təbükə qədər bütün döyüş və səfərlərdə hədəf gizli saxlanıldığı halda, burada hədəf əvvəlcədən elan edilmişdi. Yol uzun, düşmən güclü idi. Buna uyğun da hazırlıq görülməli idi. Hər kəs də hazırlığa başlamışdı. Sən isə “bu gün, sabah” deyə-deyə hərəkət edən orduya gecikmişdin. Arxadan çata biləcəyini düşünürdün. Kaş ki arxadan çatıb onlara qoşula bilsəydin! Bu, bir sınaq idi. Halınla sonrakılara dərs verəcəkdin ki, buna da müvəffəq ola bilmədin.

Hər kəs getmiş, arxada bir üzrlülər, bir də münafiq damğalı iki­üzlülər qalmışdı.

Kab ibn Malik nə etdi?

Təbükə çatana qədər Rəsulullah səndən söz açmamışdı. Ora çatan kimi: “Kab ibn Malik nə etdi?” – demiş və səbəbini soruşaraq ordudan ayrı qala bilməyəcəyini gözləmişdi. Bu sualın cavabında başqa can dostun Muaz ibn Cəbəl sənə arxa durmuş və xeyirlə səni yad etmişdi. Onu unutmayacaqdın. Peyğəmbərimiz isə sükut etdi. Uzaqdan bir toz buludu gördüyü zaman gələnin Əbu Haysəmə olmasını istədi və doğrudan da, gələn Əbu Haysəmə idi. Aydın idi ki, yanında görməyi arzu etdiyi səhabələrin geridə qalması ilə könlü razı olmurdu… Gözü sonradan da olsa, gəlib orduya qoşulanlarda idi. Çünki nəyin bahasına olursa-olsun, qurdlara yem olmamaq üçün karvandan ayrı qalmamaq lazım idi.

Nəhayət, bir gün dönüş xəbərini almışdın. Necə xilas olmağı düşünürdün. Başqaları kimi bir bəhanə ilə işin içindən çıxa bilərdin. Axı yaxşı danışan, sözü dəyərli olan bir söz ustadı idin. Amma sən bir bəhanə gətirməyi heç düşünmədin. Sadiqlikdə doğruluqdan ayrılmamğa and içdin.

***

Mədinəyə hər dönüşündə olduğu kimi, bu dəfə də məscidə getdi. Namazını qılıb Rəbbinə həmdü-səna etdi.

Onunla getməyən hər kəs bir bəhanə gətirirdi. O da səndən əv­vəl­ səksənə qədər insanın zahiri halına görə bəhanələrini qəbul etmiş, aradakı pərdəni açmamışdı. Qəlblərində nə vardısa, hesabını on­suz da Allaha verəcəkdilər.

Mükafat olacaq cəza

Növbə sənə çatanda Ona yaxınlaşdın və salam verdin. Üzünün ifadəsi birdən dəyişmiş, üzünə acı təbəssüm hakim olmuşdu. Cə­lal­lanmışdı. Yanına yaxınlaşıb önünə oturdun. “Niyə gəlmədin? – dedi, – gəlmək üçün hazırlıq görməmişdinmi?”

 Boynunu bükərək:

– Vallah, ya Rəsulallah, Sənin hüzurunda deyil, başqa bir əhli-dünyanın yanında olsaydım, bir bəhanə ilə işin içindən çıxmağı ba­­ca­rardım. Axı məndə mübahisə qabiliyyəti var. Fəqət bilirəm ki, bu gün Səni bir yalan sözlə razı salıb qurtulsam da, çox çəkməz, Allah Səni xəbərdar edər və qəzəbindən əsla xilas ola bilmərəm. Bu gün mənə qəzəblənsən belə, doğrusunu desəm, ümid edirəm ki, sa­bah Allah və Rəsulunun rizasını qazanar və gözəl aqibətlə qarşılaşaram! Vallah, bir üzrüm yox idi, ya Rəsulallah! Və yenə vallah, gəlməyə imkanım həmişəkindən çox idi! – deyə bildin.

Doğrudan da, Rəsulullahın üç şairindən biri sən idin və İslam orduları sənin şeirlərinlə coşar, kafirlərin qəlbinə qorxu düşərdi. Dilindən və ədəbi qabiliyyətindən iman naminə istifadə etməyi çox gözəl bilirdin. Sırf sənin bu şeirlərindən təsirlənib iman edən qəbilələr vardı. Hicazın nüfuzlu qəbilələrindən biri olan Devs də­ İslamı sənin şeirinlə qəbul etmişdi. Həva və həvəsi elə şeir yazan şairləri və şeirlərini xoş qarşılamayan ayə nazil olanda Rəsulullahdan öz vəziyyətini soruşacaq, cihadın qılınc və dillə edildiyini, İslam şairlərinin dilləri ilə düşmənə ox atdıqlarını eşidib rahat nəfəs alacaqdın. İstəsəydin, bu qabiliyyətindən burada da­ istifadə edər, vəziyyətdən asanlıqla sıyrılardın. Amma sən doğrunun tərəfdarı idin və həqiqəti söylədin.

Həmsöhbətin də insan sərrafı idi, dəruna, batinə vaqif idi. “Bax, bunu doğru söylədi,” – buyurdu. Demək, əvvəlkilərin bəhanəsi süni idi. Demək, vəzifəsi insanları doğruya yönəltmək olan Peyğəmbərimiz (s.ə.s.) bunun fərqində idi. Bəli, yalanın yalan, doğ­ru­nun doğru olduğu gözlərdən qaçmırdı, qaçmazdı da. Hansı şam əbədi Günəş kimi görünə bilər ki?!

Ardınca da: “Qalx, haqqında Allahın hökmü gələnə qədər gözlə!” – buyurdu.

Məsləhət verənin çox idi, ancaq sən…

Belə vaxtlarda məsləhət verən çox olar. O vaxt sənin də ətrafına toplananlar oldu. Heç kəsə bir pislik etmədiyini deyir və bir bəhanə uydurub vəziyyətdən xilas olmağı tövsiyə edirdilər. Üstünə o qədər düşdülər ki, az qala gedib dediklərini edəcəkdin. Allah üçün başını qoymuşdun deyə, O da səni tək buraxmayacaq, yanlışa yönəlməyinə izin verməyəcəkdi. Birdən ağlında şimşəklər çaxdı və sənin vəziyyətində olan varmı deyə soruşdun öz-özünə. İki nəfər vardı, Hilal ibn Umeyyə, Mürarə ibn Rəbi. Hər ikisi də Bədrin qaziləri, saleh və fəzilətli şəxslər idi. Qərarından dönməməkdə israrlı oldun, ətrafdakılara və bəzəkli sözlərinə fikir vermədin… Təbükdə iştirak etməyənlərdən yalnız üçünüzə belə davranılmış və “danışmamaq cəzası” verilmişdi.

Mükafat kimi cəza da hər kəsə verilmirdi.

İnsanların arasında tənha qalmışdınız. Sanki, dünya tanıdığınız dünya, insanlar da tanıdığınız insanlar deyildi. Bütün genişliyinə baxmayaraq, dünya daralmış, qanlı süngər kimi beyninizi soran bir zindana çevrilmişdi. Və bu müddət az deyildi, sizə əlli il kimi görünən əlli gün davam edəcəkdi.

Yalnızlıq…

Digər iki dostun yaşca səndən böyük idilər, evlərinə qapanmış, günlərini ağlamaqla keçirirdilər. Sən isə gənc idin, gümrah idin və özünə sığmırdın. Məsciddən, camaatdan qopmadın. İnsanlar səninlə danışmasa da, çıxıb bazarda gəzdin. Gözün Allah Rəsulunun üzündə idi. Salam verir, “salamını alar” ümidi ilə gözucu dodaqlarının hərəkətini yoxlayardın. Namazını yaxınında qılmağa çalışır, nəzərlərindəki hərarəti tutmaq üçün gözlərini izləyirdin. Dodaqlarının hərəkətini görüb salamını aldığını, gözləri ilə səni süzdüyünü görəndə dünyalar sənin olmuş və rahat nəfəs almışdın.

Cəmiyyətdə tanınan və sevilən insanlar olsanız da, əmr uca məqamdan gəldiyinə görə hər kəs ona riayət edirdi, bunda istisna da yox idi. Can-ciyər dostların, yaxın yoldaşların da. Müddətin uzanması məşəqqətini çoxaltmışdı. Bir təsəlli ümidi ilə əmin oğlu  və ən sevdiyin can dostun Əbu Qatadənin bağına girib ona salam verdin. Bu necə itaət idi ki, salamını belə almadı. And verərək salamını təkrarladın, yenə səs yox idi. “Ey Əbu Qatadə! Mənim Allah və Rəsulunu nə qədər çox sevdiyimi bilmirsənmi?!” – dedin, Yavaş səslə: “Allah və Rəsulu daha yaxşı bilir” cümləsini eşidə bildin. Bu, sənin üçün ayrı bir zərbə idi. Ağlamaqdan gözlərin qan çanağına dönmüşdü. Çarəsiz və hüznlü geri qayıtdın.

Bu da ayrı bir sınaq

Bazarda gəzərkən izdiham içində birinin səni soruşduğunu eşitdin. Camaat soruşana səni işarə etmişdilər. Gələn Şam tərəfdən Nəbatlı bir tacir idi. Əlində bir məktub vardı və sənə uzatdı. Qassan məlikindən salam gətirmişdi. Məktubu açdın və oxumağa başladın:

– Eşitdim ki, sahibin sənə cəfa edir, zülm edir. Allah səni hədər getmək, təhqir edilmək üçün yaratmadı. Bizim yanımıza gəl, bütün imkanlarımızı sənin üçün səfərbər edək, – deyir, dünyanı vəd edirdi Qassan məliki.

– Bu da ayrı bir sınaq və bəla, – dedin və tərəddüd etmədən mək­­tubu cırıb oda atdın. Haqlı idin. Belə ki, xeyirli işlərin çox zə­rər­­li maneələri olur. Şeytan xeyir iş görənlərlə çox məşğul olur. Belə vəziyyətlərdə hədər yerə ova çıxan neçə-neçə fürsət ovçusu var­dı. Tənha və kimsəsiz nəhrlərdə yırtıcı balıqlar kimidirlər. Onların rüzgarına aldanmamaq lazımdır!

Zövcəndən də ayrıl

Qırx gün keçmişdi ki, Rəsulullahın elçisi yanına gəlib zövcəndən də ayrılmalı olduğunu söylədi. O qədər itaətkar idin ki, “Boşayım? Nə edim?” dedin. Sadəcə ayrı qalmalı, yaxınlaşmamalı idin. Tərəddüd etmədin və neçə illik həyat yoldaşına “Allah haqqında hökm verənə qədər atası evinə getsin” söylədin.

On gün də keçmiş, müddət əlli günü olmuşdu. Və əllinci günün səhərində namazını qılmış, evinin həyətində peşman və kədərli oturmuşdun. Birdən gözünə bir toz buludu sataşdı. Sel dağı tərəfdən bir atlı toz-duman içində gəlir, atını çapa-çapa gur səsi ilə:  “Müjdələr olsun sənə, ey Kab ibn Malik! Müjdələr olsun!” – deyə qışqırırdı. Əlbəttə, səs sənə müjdəçidən əvvəl çatmışdı. Aydın idi ki, nəsə xoş bir şey baş verib.

Ən xeyirli gün

Sənin və digər iki yoldaşın haqqında ayə nazil olmuşdu. Qəlbən peşman olmuş, tövbə etmişdiniz, tövbənizin sədası Uca Məqamdan gəlir və ürəklərinizə su səpirdi:

– Allah döyüşdən geri qalan o üç nəfərin də tövbəsini qəbul etdi. Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) sıxılmışdı.

Dərhal səcdəyə qapandın. Səni əzabdan qurtaran Rəbbinə şükür etdin.

***

Sədaqətinizə söz ola bilməzdi, sadiq idiniz. Allah və Rəsuluna bir dəfə söz vermişdiniz və sözünüzün ağası idiniz. Yolunuzu tapdıqdan sonra digər yolların – nə qədər bəzəkli olsalar da – sizi sahilə salamat çıxarmayacağına əmin idiniz. Ona görə də zərrə qədər də azmamışdınız. Məhz bu böyük sədaqətiniz uca səmaları hərəkətə gətirmiş, haqqınızda hökmü Allah vermişdi. Və bu hökmü də Allahın Rəsulu bəyan edirdi.

Böyük müjdə

Sübh namazını qılan kimi Allah Rəsulu haqqınızdakı fərmanı insanlara bildirmiş və onlar da sizə müjdə vermək üçün yola düşmüşdülər. Müjdəni alanda sevincindən uçmuşdun. Əynindəki paltarı şükür üçün bağışladın, geyməyə başqa libasın da yox idi. Əma­nət paltar tapıb məscidə gəldin. Dan yeri sökülüb ətraf aydınlanmışdı… hər kəs tövbənin qəbuluna görə səni təbrik edirdi.

Buludlar dağılmış, üzündəki acı təbəssüm sevincdən şimşək kimi parıltıya çevrilmişdi. Ay parçası kimi parlayırdı. Salam verdin. Salamını aldı. O da həyəcanlı idi. Axı yanılmamışdı, adamını tanıyırdı, mətin olmuşdunuz. Sevinclə: “Müjdələr olsun sənə! Doğulduğun gündən bu tərəfə ən xeyirli günün bu gündür,” – buyurdu. “Sənin tərəfindən, yoxsa Allah qatından, ya Rəsulallah?” – dediyin zaman “Əksinə, Allah tərəfindən” cavabını vermişdi. Əlbəttə, bu, sənin üçün bambaşqa sevinc idi. Varının hamısını Allah və Rəsulu üçün bağışlamaq istədin, bir qismini saxlamağın daha xeyirli olacağını tövsiyə etdi.

Hərəkətini isbat etmişdin, bunu bir də sözlərinlə vurğuladın:

– Ya Rəsulallah! Allah-Təala məni düzlüyümlə xilas etdi. Yenə mənim tövbəmin bir parçası olsun ki, nə qədər ömrüm var, doğruluqdan ayrılmayacaq, yalanın zərrəsinə də tənəzzül etməyəcəyəm.

Sözünün ağası idin. Elə keçən günlər də bunu göstərmişdi!

Gözəl nümunə

Bu gün doğruluğu şüar edənlərə nə gözəl nümunəsən. Vaxtında atmalı olduğumuz addımları ata bilməyib yolları dalana aparan bizlərə nə incə ismarışların var! Zəmanə dəyişsə də, əsrlər başqalaşsa da, hər dövrün bir səfəri, hər əyyamın bir nəfəri vardır; elə isə bugünkü addımlardan geri durmaq nə böyük fəlakət! Arxadan da olsa, çatıb karvana qoşulmaq bir səadət deyilmi?! Bu gün nazil olmaqda davam edən nə vəhy var, nə də məsləhətləri ilə doğru yol göstərən Nəbi. Yollarda əbədi qalmamaq üçün yolunu rəhbər tutub sabitqədəm olmaq lazımdır.

Bəzən qəbul edilməsək də, iltifat əvəzinə qapılardan qovulsaq da,­ həlimliyimizə baxmayaraq, sərtliklə qarşılıq görüb döyülsək də,­ o yolda sabitqədəm olmaqdır əsas məsələ! Bu yola baş qoymaq bunu istəyir bizdən..

Tövbə qəhrəmanı Kab kimi könül genişliyi və qəlb ənginliyi ilə elə bir tövbə etməlisən ki, o gün dil açan Səma sənə də dərman olsun! Gözəl aqibətə qovuşmaq üçün hər cür xoşagəlməz hadisələrə dözmək bambaşqa səbir, Haqq xatirinə ilan-çayanla yaşamağı bacarmaq da ayrı bir keyfiyyət deyilmi?!

“Səadət əsrində doğan ulduzlar” əsərindən iqtibas edilmişdir