- Səhabələr - https://sehabe.meneviyyat.az -

Ümmətin arifi və abidi

Səhabələr arasında ən çox fitva verən, “Bəhr”, Quran alimi, Quran tərcümanı, “Ümmətin arifi və abidi” həmçinin “Qəvvas” ünvanları ilə tanınan, yerişi ilə seçilən səhabə Abdullah ibn Abbasdır. O qədər heybətli idi ki, atası vəfat edəndə bir ay başsağlığı verməyə gələn olmamışdı.

Əhməd ibn Hənbəlin sözlərinə görə, ən çox fitva verən səhabə məhz Abdullah ibn Abbasdır. Belə ki, səhabələr fitva istəyənləri Abdullah ibn Abbasın yanına göndərirdilər.  Allah Rəsulu onun üçün müxtəlif vaxtlarda belə dualar etmişdir; “Allahım, ona kitabı öyrət”[1] və ya “Allahım, onu dində elm sahibi eylə, ona təvili (təfsiri) öyrət”.[2] Başqa bir rəvayətdə “Allahım ona hikməti və Quranın təvilini öyrət”,[3] digər bir rəvayətdə isə “Allahım, onu bərəkətli et və ondan insanlara yay” şəklində dua etmişdir. [4]

Abdullah ibn Ömər: “Peyğəmbərimizə nazil olanları hə­yat­da qalanlar arasında ən yaxşı bilən odur”. Əbu Bəkir isə belə deyir: “O, Bəsrədə yanımıza gəldi. Ərəblər arasında elm-zəka, nitq və gözəllikdə ona çatan olmaz!” Həzrət Aişə həcc ziyarətinin hökmlərini yaxşı bildiyinə görə “İnsanlar arasında həcci ən yaxşı o bilir”, – demişdi. Ona “Əl-bəhr” (dəniz) ləqəbinin verilməsi haqda məlumatlara Buxari və digər ailmlərin əsərlərində rast gəlirik. Ata: “Dəniz belə dedi”, “Dəniz belə etdi” [5] deyəndə İbn Abbası nəzərdə tuturdu.

Onu ümmətin alimi (Hibrül-ümmə), bəziləri ərəblərin alimi (Hibrül-Arab), Quran tərcümanı (Tərcümani-Quran), bəziləri isə ümmətin abidi və zahidi (Rəbbaniyyül-ümmə) adlandırırdılar.[6]

İbn Abbasa “Ərəblərin alimi” ləqəbini verən məğrib hökmdarı Qriqori olmuşdur. Bir gün İbn Abbas Abdullah ibn Əbu Şərh ilə birlikdə səfərə çıxmışdı. Onlar Qriqori ilə rastlaşıb söhbət etmişdilər. Qriqori ona “Sən ərəblərin alimi olmalısan,” – demişdi. [7]

Ömər ibn Xəttab İbn Abbası çox istəyirdi. Ona yaxınlıq­ gös­tərir və səhabələrin ağsaqqalları ilə birlikdə onunla da məsləhətləşərdi. Həzrət Ömər onun haqqında: “Yetkin gənc­dir, sual verən dili və hiss edən qəlbi var” – deyərdi. Həzrət Ömər bəzi çətin məsələlərdə onu çağırıb məsləhət alırdı. Bir dəfə bir məsələ ilə bağlı İbn Abbasın fikrini soruşmuş, yaşının azlığına baxmayaraq, onun qənaətini qəbul etmiş və belə demişdi: “Ey ibn Abbas! Kim sizin dənizinizə baş vurub  dibinə qədər sizinlə üzəcəyini zənn edirsə, bilsin ki, bunu bacarmaq mümkün deyildir”.

İbn Abbas rəvayət edir ki, “Bir gün Ömər İbn Xəttabın yanına getmişdim. Mənə Yala ibn Ümeyyənin ona yazdığı bir məsələ haqda sual verdi. Ona cavab verdim. O, mənə belə dedi: “Peyğəmbərlik evindən danışdığına şahidlik edirəm”.[8]

Həmişə İbn Abbasla məsləhətləşən Həzrət Ömər onu “qəvvas” adlandırardı. Həzrət Sad deyir: “Mən ibn Abbas kimi iti qavrayışlı, ağıllı, bilikli və həlim insan görmədim. Ömər çətin məsələlərdə onu çağırıb məsləhət alardı”.

Əli Əbu Talib Abdullah ibn Abbas haqqında belə demişdi: “O, iti qavrayış və ağlı ilə qeybə incə bir pərdənin arxasından baxır”. Həzrət Əli İbn Abbasa həcc işlərinin təşkili vəzifəsini    tapşırmışdı. O, bir gün elə bir xütbə oxudu ki, türklər və bizanslılar onu dinləsəydilər, müsəlman olardılar. Sonra da “Nur” surəsini oxuyub təfsirinə başladı. [9]

İbn Abbasın tələbəsi Tavus ibn Keysan müəllimi haqqında deyir: “Səhabələrin beş yüzünü gördüm. Onlar İbn Abbasın fikirlərini müzakirə edir, onun əksinə fikir söyləyir, amma axırda onun fikrinə qayıdırdılar”. Yezid İbn əl-Əsam isə onun çoxlu tələbəsi olduğunu deyir: “Müaviyə ibn Abbasla həcc səfərinə çıxmışdı. Orada Müaviyə və İbn Abbasın tələbələrindən ibarət iki qrup var idi”. Rəvayətə görə bir gün Müaviyə söhbət edən İbn Abbasa baxaraq, bu beytləri söyləmişdir:

Danışanda bir şey qoymadı qalsın.

Düzgün qərarlar verdi, dilini məsxərəyə sərf etmədi.

Hər sözü çək-çevir eylədi.

Dili sözü çevirir çəkindiyində o.

Əmin baxışları Günəşin baxışı kimi. [10]

Atadan gələn bu məlumatlar onun dərin elmindən xəbər verir: “Kimisi İbn Abbasdan şeir, kimi tarixi hadisələr, kimi elm və fiqh öyrənmək üçün gəlirdi. Onlar bütün suallarına cavab alırdılar.”[11]

Ümmətin alimi, Quran tərcümanı olan Abdullah ibn Abbas birbaşa Rəsulullahdan 20-yə yaxın hədis eşitmiş və ya şəxsən görmüşdür. O, hədislərin çoxunu səhabələrdən eşidib öyrənmiş, iti zəkası və ictihad qabiliyyəti ilə ad çıxarmışdır.

İbn Hazım onun dərin elmi haqqında belə deyir: “Onun fitvaları 7 iri kitabda toplanıb. Bu da ancaq tərtibçinin toplaya bildiyi məlumatlardır. İbn Abbasın elmi dəniz kimidir. Fiqhə bələdliyinə, hökm verməsinə və Quranı qavramasına görə digər insanlardan üstün idi. O da başqaları kimi dinlədi, başqaları kimi Quran oxudu, fəqət onun “torpağı” ən zəngin və yararlı torpaq idi. Ora “nəss fidanlarını” əkdi, gözəl “meyvələr” yetişdi. Bu, Allahın ona bir lütfü idi. Allah böyük lütfün sahibidir”.

Həzrət İkrimədən rəvayət olunur: “İbn Abbas yoldan keçəndə qadınlar: “Müşk keçdi, yoxsa İbn Abbas,” deyərdi”.

Məsruk isə ona heyranlığını bu sözlərlə ifadə edir: “Mən İbn Abbası görəndə “O, ən gözəl insandır”, sözlərini dinləyəndə “O, ən fəsih natiqdir”, bir məsələni izah edəndə “O, ən bilikli insandır”, – deyirdim.

Rəvayətə görə, Abbas ibn Əbdülmüttəllibin vəfatı oğlu Abdullahı çox üzmüşdü. İnsanlar Abdullah İbn Abbasa hör­mət edirdilər, çünki o, Quran tərcümanı, son dərəcə ağıllı, gözəl xarakterli bir insan idi. İnsanlar onun heybətindən çəkinib ona başsağlığı verməyə ürək eləməmişdilər. Abbas Pey­ğəmbərimizin (s.a.s.) əmisi idi. “Ən cəsur insan kimdir?” soruşsaydınız, “Abbas”, “Ən comərd insan kimdir?” desəydiniz, “Abbas”, “Ən bilikli insan kimdir?” deyə sual etsəydiniz, yenə də “Abbas” cavabını alardınız.

Camaat bir ay başsağlığına gəlməkdən çəkindi. Bir ay sonra bir bədəvi gələrək Abdullah ibn Abbasın evini soruşdu. Səhabələr nə üçün axtardığını  soruşdular. O da başsağlığına gəldiyini dedi. Bunu eşidən camaat da bədəvinin arxasınca Abdullah ibn Abbasın evinə getdi. Bədəvi onu görəndə “Sənə Allahın salamı olsun, ey Əbül-Fazil”, – dedi. O da onun salamını aldı. Bədəvi bu şeiri oxudu:

Səbir et, biz də səninlə səbir edək.

Çünki rəiyyətin səbri rəhbərin səbri ilədir.

Abbasdan bir xeyirdir, ondan soruş sənin mükafatın

And olsun ki, səndən də Abbasa bir xeyirdir.

Şeir Abdullahın kədərini dağıtdı, insanlar da başsağlığı verdilər. Hicri ilk əsrin fiqhi görüşlərini  yazıya alan Həsəni Bəsri onun fiqhə dair fikirlərini yeddi cilddə toplamışdır, Zührinin fiqhi fikirlərini  tərtib etmişdir. [12]

 


[1] Kənzül-Ümmal, 13/458 (37190)

[2] Kənzül-Ümmal, 13/459 (37193); Heysəmi, Məcməüz-zəvaid, 9/276

 

[3] Kənzül-Ümmal, 11/731 (33586)

[4] Kənzül-Ümmal, 11/731 (33585)

[5] İbn Sad, 2/366

[6] Səhavi, Fəthül-muğis, 3/117-118. İbn Abbasla bağlı rəvayətlər üçün bax: İbn Əbdülbərr, əl-İstiab, 2/352; İbn Həcər, Fəthül-bari, 14/249, 250

[7] əl-İsabə, 2/330

[8] İbn Sad, 2/369

[9] Təzkirətül-huffaz, 1/40-41

[10] Əl-İstiab, 2/352-355

[11] Əl-İstiab, 2/357

[12] Kəttani, Təratibül-idariyyə, 3/214