Səhabələr

Ümrə səfəri və Hudeybiyyə

Hicri altıncı ilin zilqədə ayı, yenə bir bazar ertəsi idi. Evinə girib dəstəmaz alan Allah Rəsulu iki qat libas geyərək bayıra çıxır və qapısı önündəki Qasvaya minib yola düzəlir. Artıq yer üzünün mərkəzinə – Kəbəyə doğru səfər başlamışdı. Bu dəfə yanında Ümmü Sələmə validəmiz gedirdi.

Mədinədə yenə İbn Ümmi Məktumu təyin etmişdi.[1] Onunla birlikdə iki yüzü atlı olmaqla min dörd yüz ənsar və mühacir irəliləyirdi.[2] Az da olsa, ətraf ərəb qəbilələrindən gələnlər də bu xoşbəxt karvana qoşulmuşdular. Onların arasında Ümmü Ümüra, Ümmü Məni Əsma binti Amr və Ümmü Amr əş-Əşhəliyyə kimi xanım sahabələr də vardı. Yuxusu görülmüşdü, Kəbəyə girib onu təvaf edəcəklərindən şübhə etmirdilər.

Zül-Xuleyfəyə çatdıqda orada günorta namazını qılırlar. Sonra Allah Rəsulu (s.ə.s.) qurban kəsmək üçün ayrılmış yetmişə qədər dəvənin üzünü qibləyə çevirir, sağ tərəfinə nişan qoymağa başlayır. Bu işin bir qismini özü etdikdən sonra, qalanını Naciyə ibn Cündəbə həvalə edir.

Bu əsnada yenicə Müsəlman olmuş Büsr ibn Sufyanı hüzuruna çağıraraq ona gözətçi kimi irəlidə getməyi əmr edir. Bundan başqa Abbad ibn Bişrin başçılığı altında iyirmi nəfərlik silahlı dəstəni[3] də hər ehtimala qarşı öncül qüvvə kimi göndərir.

Bu zaman Hz.Ömər və Sad ibn Ubadə Allah Rəsulunun hüzuruna gəlir, özləri ilə daha çox silah götürmək məsələsində Onunla danışmaq istəyirlər. Narahatlıqları vardı; Qureyşdən hər şeyi gözləmək olardı. İbadət məqsədi ilə yola çıxsalar da, onların qaydalara hörmət edəcəyinə etibar yox idi. Buna görə də tədbirli tərpənmək istəyirdilər. Ancaq bütün israrlara baxmayaraq, Allah Rəsulu (s.ə.s.) ov silahlarından başqa silah götürməklə razılaşmayacaq və heç bir halda ibadət niyyətindən vaz keçməyəcəkdi.

Ehram və ona aid hökmlər   

Burada iki rükət namaz qılır; hər halında bir ibadət nəşvəsi vardı. Əsas niyyət Kəbəni təvaf etmək idi və Allah Rəsulu da ehrama girir (Həccə (və ya ümrəyə) gedən bir insan ilk olaraq ehrama girməlidir. Həccin şərtlərindən biri olan ehram həcc ya da ümrəyə niyyət edən insanın başqa vaxtlarda mübah (işlənməsi nə günah, nə savab olan əməllər) olan bəzi fel və davranışları müəyyən müddətə özünə haram bilməsi, qadağan etməsidir. Buna "ehrama girmə" də deyilir. Ehrama "Niyyət" və "Təlbiyə" ilə girilir.). Niyyətini əshab ilə də bölüşmək, aydınlaşdırmaq istəyir. Buna görə də dəvəsinin üstünə çıxaraq:

– Ləbbeyk Allahümə ləbbeyk. Ləbbeykə lə şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nimətə lək; vəl-mülkə lə şərikə lək, – deyə təlbiyə gətirməyə başlayır. Ümmü Sələmə validəmiz də  ehram üçün niyyət etmişdi.

İlk dəfə qarşılaşırdılar; ehramla da ilk dəfə tanış olacaqdılar. Rəsulullahın addımlarını  yaxından izləyir və etdiyi hər şeyi təkrarlayırdılar. Addım-addım Onu izləyən səhabələrin çoxu orada ehrama girir. Burada girə bilməyənlər də Cuhfəyə çatan kimi ehrama girəcək və böyük bir sevinc içərisində irəliləyəcəkdilər. Çünki Cuhfəyə qədər ehram girməkdə məcburiyyət yox idi.