Vüslətə doğru
Cəhalətin qaranlığı getdikcə qatılaşırdı. Kəbənin hər tərəfi bütlərlə dolmuşdu. İnsanlar Aləmlərin Rəbbini unutmuş, saxta və xəyali ilahlara sitayiş edirdilər. Aydındır ki, bu vəziyyət Onun pak ruhunu olduqca sıxırdı. Hüzur və səadət üçün inşa edilən yer üzünün ilk binası Kəbə o gün qəsvət mərkəzinin andırırdı. Buna görə də Allah Rəsulu o ab-havadan uzaqlaşmağa çalışsa da, heç cür Kəbədən ayrıla bilmirdi.
Uzaqlara getməyə adət etmişdi. Saatlarla yol gedib Nur dağına çatır, birlikdə səmadan gələcək nuru gözləməyə başlayırdılar. Dağın Kəbəyə baxan mağarasında oturub uzaqdan Onu doyunca tamaşa edir, bəlkə də, iman dolu, təmiz və dupduru gələcək halını təsəvvür etməklə bir az təsəlli tapırdı. İlin müəyyən vaxtlarında bu dağa gəlməyə adət etmişdi. O, Kəbəyə doğru rüku edən Hirada özünəxas ibadət edirdi.
Hər gedişi Hz. Xədicə üçün hicrana dönürdü. Allah Rəsulu Hirada hüzura qərq olsa da, Xədicənin ürəyi ağzına gəlir, başına bir şey gəlməsindən qorxurdu. Buna görə də arxasınca adam göndərir və sağ-salamat olub-olmadığını bilmək istəyirdi. Bəzən də özü gedir, illərlə gəlişini gözlədiyi müjdəyə öz əlləri ilə azuqə aparırdı.