- Səhabələr - https://sehabe.meneviyyat.az -

Vəfalı həyat yoldaşı Xədicə bintu Huveylid (r.a.)

Göylərin ən xeyirli qadını İmranın qızı Məryəm, yer üzünün ən xeyirli qadını isə Huveylidin qızı Xədicədir.

Cahiliyyə dövrünün çirkabına batmamış nadir insanlardan idi. İffət, nəzakəti və paklığı o dövrdə dillər əzbəri idi: “tərtəmiz” mənasında “Tahirə” ünvanını almışdı.

Nadir də olsa, İbrahimi bir ənənənin içində dindar mühitdə böyümüş, o abı-havada yetişmişdi. Xüsusilə, əmisi Vəraqa ibn Nəvfəl yəhudilik və xristianlığı çox yaxşı bilirdi. Həmişə bir Nəbinin gələcəyindən bəhs edirdi. Çünki hər peyğəmbər Onun gələcəyini müjdə vermişdi, Tövrat və İncil də Ondan bəhs edirdi. Onun təşrifini son olaraq İsa Peyğəmbər müjdələmişdi. Elə İncilin biri mənası da “Müjdə” idi! O gün təkcə Vəraqa deyil, bütün Hicaz və Ərəbistan yarımadası Onun təşrifindən, əlamətlərindən bəhs etməkdə  yarışırdı. Onun vəsflərini elə təsvir edirdilər ki, sanki, görmüşdülər.

Bu müjdələr Xədicənin də qulağına çatmışdı, o da Nəbinin gələcəyini ümidlə gözləyirdi. Boyundan qamətinə, xasiyyətindən soyuna qədər, demək olar, bütün xüsusiyyətlərini bir layla kimi dinləmiş, yuxuya Onun xəyalı ilə getmişdi. Kahinlər Ondan bəhs edir, alimlər Ondan danışırdı. Bir də nəql edilənlərin bir-bir müşahidə edilməsi “Müjdələnən Nəbi”nin kölgəsini hiss etdirir, gəlişini xəbərini verirdi.

Son Nəbinin sorağında

Gördüyü yuxularda gələcək Nəbinin izlərini açıq-aydın müşahidə edirdi. Bir dəfə göydən enən bir ayın sinəsinə girdiyini və sonra yenidən zühur edərək bütün aləmi aydınlatdığını görmüşdü. Qaça-qaça piri-mürşidi və əmisi ola Vəraqanın yanına getmiş və gördüklərini ona danışmışdı. Vəraqanın baxışı və yozumu həmişəki kimi idi:

– Axırzaman Peyğəmbəri yer üzündədir. Sən onun ailəsi olacaqsan. Sənin vaxtında Ona vəhy gələcək və Onun dini bütün aləmə yayılacaq. Ona ilk iman edən sən olacaqsan. Həmin peyğəmbər Qureyş qəbiləsinin Haşimoğulları oymağından olacaq.”

***

Bir bayram günü Məkkə qadınları oturub bayramı qeyd edirdilər. Birdən elə orada yad bir adam peyda oldu. Yaxınlaşıb avazla dedi:

– Ey Məkkə qadınları! Şübhəsiz ki, tezliklə sizin şəhərinizdə bir Nəbi zühur edəcək. Onun adı Əhməddir. Hansınızın Onunla ailə qurmağa iqtidarı çatsa, heç fikirləşmədən “hə” desin.

Hər şey Ondan danışırdı. Vaxta daralmışdı və zaman onları birləşdirmək üçün tələsirdi sanki. “İnsanlar da mədənlər kimidir”  mahiyyətində bir dəyər varsa, o mütləq nəzərə çarpır və vaxtı gələndə öz qiymətini alır. Ruhlar da nizam-intizam içində təlim ke­çən ordulara bənzəyir, uyğun olanlar bir-birini cəlb edir, gün gəlir, eyni yolda görüşürlər.

***

O günə qədər eşitdikləri Onu gözləməyə və axtarmağa sövq etmişdi.  Elə hey düşünür və danışılan əlamətlərin libasını tapmağa çalışırdı. Əslində, fikirləşməyə ehtiyac yox idi, çünki insani dəyərlərin yerlə-yeksan olduğu belə bir dövrdə üstün keyfiyyətli insanlar barmaqla sayılacaq qədər az idi. Elə axtardığını tapmaq o qədər çətin olmadı. O gün Məkkədə bir insan vardı: Onun xüsusiyyətləri deyilənlərlə tam üst-üstə düşürdü. O gün cəmiyyətdə “etibar” ən qiymətli dəyər idi və bu dəyəri də layiqincə  Abdullahın oğlu Məhəmməd təmsil edirdi. Artıq Onu gözdən qoymur, hər addımını izləyirdi.

Karvana Bələdçi

Xədicənin mal-mülkünün sayı-hesabı yox idi, şərəf və soyuna da çatan olmazdı. Qadına yuxarıdan aşağı baxan bu cahil mühitdə belə, karvanlar hazırlayıb ölkələrarası ticarətlə məşğul olurdu. Elə gözlənilən müjdəni tanıma fürsətini də evlənmədən əvvəl bu vasitə ilə əldə etmişdi.

Şam tərəfə hazırladığı karvan üçün məvacibə işləyən işçilər lazım idi və karvanla gedib öz adından ticarət etmək üçün bir nəfər axtarırdı. Artıq vüslət çox yaxınlaşmışdı. Allah Rəsulunun əmisi Əbu Talib bunu eşidən kimi, qardaşı oğlunun yanına gəldi:

– Ey qardaşım oğlu! Mənim mal-mülküm yoxdur. Gördüyün kimi, vaxt bizim əleyhimizə işlədi və pis illər keçirdik. Nə malımız, nə də ticarətimiz qalıb. Bax burada Şama getməyə hazırlaşan qövmünün karvanı dayanıb. Xədicə karvanı aparıb ticarət etmək üçün adamlar axtarır. Mən sənin Şama getməyini istəməsəm də, oradakı paxıl insanların sənə pislik etməsindən qorxsam da, çarəsizəm. Onun yanına getsən, güman ki, etibarlı və təmiz olduğuna görə səni seçəcək…

Əbu Talib razılığı alan kimi Xədicənin yanına getdi. Çünki­ Xədicəyə qardaşı oğlu haqqında danışmaq istəyirdi. Belə ki, O,­ Məkkənin ən etibarlı, ən təmiz insanı idi. Ona görə də onun məvacibi başqalarından fərqli olmalıydı. Xədicənin belə bir iş üçün başqalarına nə qədər haqq verdiyini bilirdi və onun iki qatı­nı istədi.

Digər tərəfdən, Xədicə hələ karvanı yola salmadan ən böyük qazancı əldə etdiyi üçün sevinirdi. Həyatında “ən gəlirli ticarəti” edirdi. İllər boyu həsrət və həyəcanla gözlədiyi an çatmışdı, sevincdən uçurdu. Bəlkə də, malının hamısını da istəsə, verməyə tərəddüd etməzdi. Əbu Talibin sözünə cavab verdi:

– Ey Əbu Talib! Sən çox məqbul haqq istəyirsən. Bundan daha çox istəsəydin belə, vallah, mən yenə də qəbul edərdim.

Bir də ən qabiliyyətli xidmətçisi Meysərəni onunla göndərmişdi. Ona Rəsulullahın hər istəyini nöqsansız yerinə yetirməyi və bir sözünü iki etməməyi dönə-dönə tapşırmışdı. Bu qədər yaxınlaşmasını yaxşı dəyərləndirməli idi və bu işdə Meysərəyə rolunun nə qədər vacib olduğunu xatırladaraq yol boyu nə olsa, hamısını yadda saxlamağı, qayıdarkən danışmağı bərk-bərk tapşırmışdı.

***

Nəhayət, karvan hərəkət etmiş və üç aylıq bir səfər başlamışdı. Şama girmədən bir yerdə dayanıb bir müddət istirahət etdilər. Onu uzaqdan seyr edən məşhur rahib Nastura qaça-qaça Meysərənin yanına gəldi və ağacın altında oturan adamın kim olduğunu soruşdu. Meysərənin cavabından sonra da:

– Vallah, bu ağacın altında oturan Peyğəmbərdir, – dedi. Daha sonra da bütün əlamətlərini öyrənib istədiyi cavabları aldıqda əminliklə:

– O peyğəmbərdir. Həm də peyğəmbərlərin sonuncusu, – söy­lədi.

Yolboyu baş verən hadisələr

Gətirdikləri malı Şamda satıb, alınası malları da karvana yükləyərək yenidən Məkkənin yolunu tutdular. Hava çox isti idi və Meysərə yolda iki mələyin bulud şəklində Rəsulullaha kölgə saldığını görüb heyrətə gəldi. O isə heç halını pozmadan yoluna davam etdi.

Meysərə üçün bu səfər əvvəlkilərdən fərqli idi, nə bir haqsızlıq görmüş, nə də bir çətinliklə üzləşmişdi. Yükü Şamda sərfəli qiymətə dəyərləndirmiş və gətirdikləri mallar da Məkkədə çox yaxşı qiymətə satılmışdı. Xədicə axtardığı insanı axır ki tapmışdı. Hərçənd çox insanla ticarət etmişdi, amma əlbəttə, “Bəşəriyyətin Əmin”i bir başqa idi.

***

Əslində, Xədicənin dərdi çoxlu gəlir gətirən malları deyildi. O, həyəcanla Meysərənin gəlməsini gözləyirdi və gələn kimi də yol boyu şahid olduqlarını soruşmağa başladı. Meysərə əvvəlcə rahibin sözlərini dedi. Gələndə gördüyü iki mələkdən danışdı. Yol boyu olanları dəfələrlə nəql edir, mətanət və güvənini tərifləyib qurtara bilmirdi.

Xədicə dərhal qalxıb Meysərənin danışdıqlarını əmisi və mürşidi Vəraqa ibn Nəvfəllə bölüşməyə getdi. Vəraqa da həyəcanlanmışdı. O da artıq gözlədiyi Nəbinin gəlişinə  əmin idi. Və:

– Ey Xədicə, əgər dediklərin düzdürsə, şübhəsiz, Məhəmməd bu ümmətin peyğəmbəridir. Mən də bilirdim ki, bu ümmətə bir Peyğəmbər gələcək. Dövr Onun dövrüdür, – dedi. Çünki Vəraqa daima ümid və intizarla Onun gəlişini gözləyir, “Nə vaxt?” deyə gözlərini yollara dikirdi. Bu haqda şeirlər yazır, hər dəfə də kədəri ilə həsrətini dilə gətirirdi.

Hər şey Ondan xəbər verirdi, o günə qədər eşitdikləri, Məkkənin şahidlik etməsi və Meysərənin danışdıqları yolların birləşdiyi yeri, əsl ünvanı göstərirdi. Artıq zərrə qədər tərəddüdü qalmamışdı. İllərlə gözlədiyi, müjdələnən Nəbi çox yaxında idi. Ailə qurmağı düşünmürdü, amma Ona daha yaxın olmağın başqa yolu da yox idi.

Evliliyə gedən yol

O vaxta qədər iki dəfə ailə qurmuşdu və artıq heç bir təklifi qə­bul etmirdi. O, yaşda deyildi ki, kiminsə dəstəyinə ehtiyacı duysun. Varlı, işini möhkəm tutan, ağıllı, gözəl, yetkin və rəğbətlə qarşı­la­nan şərəfli-izzətli bir qadın idi. Belə bir dürr yolunda canından keçməyə hazır olan az deyildi. Qövmündən imkanı çatan onunla evlənməyə can atırdı. O günə qədər çox adam qapısına gəlib-getmiş,  amma heç birini qəbul etməmişdi.

Ancaq bu dəfə vəziyyət fərqli idi və həmişə Onunla bir yerdə olmaq üçün evlilikdən başqa yol görünmürdü. O günə qədər ev­lən­məyi düşünməyən Xədicə artıq qərarını vermişdi və yaxın rəfiqəsi Nəfisə vasitəsilə Allah Rəsulunun fikirlərini öyrənməyə çalışacaqdı. Əvvəlcə vəziyyəti can dostu Nəfisəyə danışdı. Qərara gəldilər, Nəfisə Onun fikrini öyrənəcəkdi. Allah Rəsulunun yanına gəldi və sözü evliliyə gətirdi. Sonra da soruşdu:

– Əgər qarşına gözəl, zəngin, şərəfli və özünə tay bir insan çıxsa, müsbət cavab verməzsən?

Rəsulullahın evlənmək üçün maddi imkan yox idi. Əvvəlcə bu­nu dedi. Ancaq Nəfisə bunun problem olmadığını deyirdi..! Məqsədini başa düşmüşdü. Kəbənin Rəbbinə and olsun ki, Məkkədə bu xüsusiyyətlər Xədicədən başqa heç kimdə yoxdu..!

Nəfisənin gətirdiyi xəbərlə rahat nəfəs almışdı Hz. Xədicə  və evliliyə müsbət yanaşdığını öyrənən kimi Ona qarşı rəğbətini və evlilik tələbinin səbəblərini çatdırdı. Göndərdiyi xəbərdə Ona qohum olmasından, qövmü içində şərəfindən və etibarından bəhs edir və Ona olan heyranlığını dilə gətirirdi.

Və çox keçmədən bir gün Əbdülmüttəlibin iki oğlu Əbu Talib və Həmzə Xədicəni istəməyə gəldilər. Əvvəlcə Əbu Talib danışmağa başladı:

– Şübhəsiz ki, Məhəmmədin sərvəti az da olsa, heç bir Qureyş gənci Ona tay deyil, şərəf, fəzilət, igidlik və ağılda hamısından üstündür. Sərvət isə yox olan kölgə kimidir, əmanətdir və daimi deyil. Qardaşım oğlu Məhəmməd Xədicəni halallığa istəyir.

Ardınca Xədicənin əmisi Amr ibn Əsəd də qalxıb buna bənzər sözlər söylədi. Belə ki, Onun da atası yox idi, Ficar müharibələrində ölmüş və Xədicə də Rəsulullah kimi yetim böyümüşdü.

Sonra qoyunlar kəsildi və bir məclis quruldu. İyirmi dəvə mehrlə bir kəbin kəsildi. Zəngin və əsil-nəcabətli Xədicə artıq dünyanın ən xoşbəxt qadını idi. Təmkini nəşəsini gizlətməyə çalışsa da, sevinci yerə-göyə sığmırdı. Dost və yoldaşlarını, hətta Rəsulullahın süd anası Həliməni də dəvət etmiş, yetim böyüyən süd övladının xoşbəxtliyini onunla da bölüşmək istəmişdi. Sevinci səxavətinə kölgə salmamış və səhər yola salanda Həliməyə Hz. Məhəmmədin xətrinə qırx baş qoyun da hədiyyə etmişdi.

O gün Allah Rəsulu 25 yaşlarında idi və beləliklə, 25 illik  çətin, amma hüzur dolu bir ailə həyatı başlayırdı. Bir neçə gün Əbu Talibin evində qalandan sonra yenidən Xədicənin evinə gələcək və o xoşbəxt həyat başlayacaqdı.

Vüslətə doğru

Cəhalətin qaranlığı getdikcə qatılaşırdı. Kəbənin hər tərəfi bütlərlə dolmuşdu. İnsanlar Aləmlərin Rəbbini unutmuş, saxta və xəyali ilahlara sitayiş edirdilər. Aydındır ki, bu vəziyyət Onun pak ruhunu olduqca sıxırdı. Hüzur və səadət üçün inşa edilən yer üzünün ilk binası Kəbə o gün qəsvət mərkəzinin andırırdı. Buna görə də Allah Rəsulu o ab-havadan uzaqlaşmağa çalışsa da, heç cür Kə­bədən ayrıla bilmirdi.

Uzaqlara getməyə adət etmişdi. Saatlarla yol gedib Nur dağına çatır, birlikdə səmadan gələcək nuru gözləməyə başlayırdılar. Dağın Kəbəyə baxan mağarasında oturub uzaqdan Onu doyunca tamaşa edir, bəlkə də, iman dolu, təmiz və dupduru gələcək halını təsəvvür etməklə bir az təsəlli tapırdı. İlin müəyyən vaxtlarında bu dağa gəlməyə adət etmişdi. O, Kəbəyə doğru rüku edən Hirada özünəxas ibadət edirdi.

Hər gedişi Hz. Xədicə üçün hicrana dönürdü. Allah Rəsulu Hirada hüzura qərq olsa da,  Xədicənin ürəyi ağzına gəlir, başına bir şey gəlməsindən qorxurdu. Buna görə də arxasınca adam göndərir və sağ-salamat olub-olmadığını bilmək istəyirdi. Bəzən də özü gedir, illərlə gəlişini gözlədiyi müjdəyə öz əlləri ilə azuqə aparırdı.

Müjdələr olsun Sənə, ey əmim oğlu!

Və nəhayət bir gün… Nur dağında iki Nur qovuşmuş, səma ilə yer arasında qopmaz irtibat qurulmuşdu. Cəbrail gəlmiş və Allahdan ilk vəhyləri gətirərək əlamətləri çoxdan zühur edən peyğəmbərliyi təsdiq etmişdi.

Həyəcanla evə qayıtdı və vəfalı zövcəsinə üstünü örtməyi tapşırdı. Onun gəlişini görən Xədicə rahat olmuşdu. Çünki bu gediş daha çox çəkmiş, arxasınca göndərdiyi adamlar da əliboş qayıtmışdılar. Başına bir şey gəlməsindən qorxmuşdu, amma O qayıtmış, nigarançılığı da geridə qalmışdı. Ancaq bu gəliş əvvəlkilərə oxşamırdı.

Bir müddət sonra Allah Rəsulu başına gələnləri birinci ona danışdı. Təcrübəli, mətanətli və səbirli Hz. Xədicə Allaha təvəkkül edən bir insan idi. Başqalarının əminlik, etibar gözlədiyi  bir Əminin sahibsiz olmadığını yaxşı bilirdi. O da mətanətini göstərəcək və belə bir vaxtda Kainatın iftixarını  tək qoymayacaqdı.

– Müjdələr olsun Sənə, ey əmim oğlu! – deyə başladı sözlərinə. Ardınca:

– Yerində sabitqədəm ol! Xədicənin nəfsi əlində olana and olsun ki, mən Sənin bu ümmətin Peyğəmbəri olduğuna ümid edirəm, – dedi.

O qədər hazır idi ki, heç tərəddüd etmədi və elə oradaca Onu və Ona gələnləri təsdiq etdi..!

– Narahat olma, – deyə sözlərinə davam etdi – Allah Səni mütləq qoruyacaq. Çünki Sən qohumlarının haqqına riayət edirsən, möhtaclara əl uzadır, ehtiyacı olanları geyindirirsən, evindən qonaq əskik olmaz, daim Haqq yolundasan və özünü xeyrə həsr etmiş bir adamsan!

Belə ki, Kainatın Sahibi ictimai həyatda başqaları üçün yaşamağı şüar edənləri daim hifz edir və inayəti ilə qoruyurdu. Əlbəttə, Allah belə bir insanı hədər etməyəcəkdi. Çünki İlahi murad da bu istiqamətdə idi. Cəmiyyətdə meydana gələcək boşluqları doldurub nöqsanları aradan qaldırmağı özünə vəzifə bilən bir insanı bu işin Sahibi heç tək qoyardı?!

Hz. Xədicə yenə Vəraqa ibn Nəvfəlin yanına getdi..! Baş verənlərə təəccüb etməmiş, mətanətini ortaya qoymuşdu. Həyat yoldaşının danışdıqlarını bir-bir Vəraqaya nəql etdi. Hər söz Vəraqanın dünyasında fırtınalar qoparırdı və artıq dözə bilməyib:

– Quddus… Quddus..! – deyə hayqırmağa başladı. Sonra əlavə etdi:

– Vəraqanın nəfsi qüdrət əlində olana and olsun ki, əgər mənə dediklərin düzdürsə, bu gələn Musa və İsaya gələn Namusu-Ək­bərdir (Hz. Cəbraildir). Və şübhəsiz, O da bu ümmətin Nəbisidir. Get və bunu Ona söylə, sabitqədəm olsun.

Bəlli ki, qaranlığın qatılaşdığı bu məqamda vaxt-vədə çatmışdı, artıq Nur dağı aləmə nur saçırdı. Sanki, gecəni gündüzə çevirən məşəl yanırdı. Torpaqdakı toxum artıq çatlamış və cücərməyə başlamışdı. Gözlənilən an gəlib çatmışdı və bəşəriyyət uğursuz taleyi yeni bir dövrü salamlayırdı.

Bəşəriyyətin istiqamətini dəyişdirən bu hadisəni Onun dilindən dinləmək istəyirdi  Vəraqa. Yaş fərqi itaətə mane deyildi və Vəraqa əvvəlcə Allah Rəsulunun alnından öpdü. Sonra da başına gələnləri diqqətlə dinləməyə başladı.

Bu yaşlı insan qulaq asdıqca halı dəyişir, daha da həyəcanlanırdı. Çünki illərdir, həsrətlə gözlədiyi, haqqında kitablardan oxuduğu müjdə – Allahın Rəsulu yanında dayanan şəxs idi. Allah Rəsulu sözünü qurtaranda Vəraqa axtardığını tapmış qəlbin həyəcanlı çırpıntıları ilə  bu tarixi cümləni söylədi:

– Kaş mən o gün cavan olaydım, yaşayaydım, qövmün Səni yurdundan çıxardığı gün  Sənə dəstək olaydım…

Təbliğ

Beləcə dünyanın cəhalət məngənəsində əzildiyi bir dövrdə aləm­lərin üzünü güldürən “ilk hərəkat” başlamışdı və qaranlıq ruh­lar bunu həzm edə bilməzdilər. Yollar əzab-əziyyətli olacaqdı­ və bu yolda “ilk olmaq” təbii ki, çox çətin idi. Ancaq bu işin axırın­da “mağ­rəm nisbətində mağnəm” (əziyyətə müqabil mükafat) vardı.  Çəkilən əziyyətlər nə qədər çox olarsa, o qədər də mükafat veriləcəkdi. Allah sevdiyi qulunu imtahana çəkir və dişini dişinə sıxıb  səbir edənlərə xüsusi iltifatlar bəxş edərdi. Onun yolunda, Onun rizası üçün məşəqqət çəkmək  əbədi aləmi inşa etmək deməkdi. O ki qaldı, bu günə qədər Allah üçün yola çıxan, əzab və möhnətlərin məngənəsində çırpınan, əzm və mətanət göstərən insanların heç biri  mükafatsız qalmamışdır!

Bəla və müsibətlərə birinci düçar olanlar Allahın seçilmiş qulları olan peyğəmbərlərdir, sonra övliyalar və ardınca da səviyyəsinə görə digər qullar gəlir. Allah-Təala bununla sevgili bəndələrini imtahana çəkir və daha böyük işlərə, haqqı təmsil etməyə hazırlayırdı. Bəla və müsibətlər başlanğıcda mənfi görünsə də, günahları kökündən təmizlənyən əsas amillərdən biridir. Başqa sözlə, dünyada başa gələn müsibətlər Rəbbin quluna xeyir diləməsi mənasına gəlir.

Vəhy təzə gəlmişdi və Allah da, Rəsulu da müvəffəqiyyət vəd edirdi. Ancaq bunun üçün  zaman lazım idi və elə ilk gündən nəti­cəsini görmək mümkün deyildi. Buna inanmaq üçün qüvvətli iman və mütləq təslimiyyət lazım idi. Rəbbin inayəti  Rəsulunun yanında olsa da,  Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm) hadisələrin axarında zahirən tək idi.

Qureyş gündən-günə təzyiqlərini artırırdı. Onun qabağını kə­sir, yoluna tikan tökür, keçəndə də daşa tuturdular. Dolayısilə, əl­verişsiz və çətin şərait insanların ağıl və məntiqlə hərəkət etməsinə, qərar verməsinə imkan vermirdi, bəşəriyyəti aydınlığa səsləyən başqa insanlar kimi, Onu da təzyiq kölgəsində sıxmaq istəyirdilər. O gün “İnandım” demək bəla və müsibətlərin dolu kimi yağması demək idi. Nə səhər evdən çıxanda axşama, nə də axşam çıxanda səhərə sağ-salamat çıxmağa inam vardı. Qılınclar qeyzlə, qəzəblə itilənir, havada dövrə vururdu. Qapılara işarə qoyur və inananları cəmiyyətdən təcrid edirdilər.

Bu qədər çətin şəraitdə dinə sahib çıxmaq, arxa olmaq böyük cəsarət tələb edirdi. Bu qədər məşəqqətli bir dövrdə dinə dəstək verməyin bambaşqa mükafatı olmalıydı və vardı da..! Hətta bu fər­qi birbaşa Allah-Təala bəyan edirdi. Bu bir “riza” təsdiqi idi və “Gül” dövrünün gözəlliklərini görmədən malını və canını ortaya qoyanlarla sonralar gəlib eyni şeyləri edənlər qədir-qiymət və mükafat baxımından bir ola bilməzdi. Hərçənd ilk səhabələr dərəcə baxımından daim yüksəkdə olsalar da, Allah sonradan gəlib eyni gözəllikləri yaşayanlara da, xəzinəsindən bol-bol lütflər verəcəkdi. Ancaq Onun dərgahında ilk olmağın ayrı bir mənası, ayrı bir yeri vardı. Bunun üçün O, “fəth”i bir milad qəbul edəcək, ondan “əvvəl” və “sonra”nı meyar qoyacaq və nəticə etibarilə fəthdən əvvəlkilərin fəthdən sonrakılara nisbətən fərqli, üstün dəyərə malik olduğunu anladacaqdı.

Allah Rəsulu da Əbu Bəkri Hz. Ömərdən, Xalid ibn Vəlidi Əb­dür­rəhman ibn Avfdan üstün tutub bağrına basarkən eyni meyarlarla hərəkət etmirdimi? Belə ki, hər kəsin qəbul etməyib hücum çəkdiyi bir vaxtda əlini sinəsinə vurub qəbul etmək və bununla ölümü gözə almaq unudulardımı heç..! Allah da, Rəsulu da ilk iman edənlərə sahib çıxır və haqlarının verilməsini istəyirdi.

İlk dost, ilk zövcə və ilk iman edən

Hz. Xədicə ilklərin də ilki idi. İlk dost, ilk zövcə və ilk iman edən idi, Cəbrailin öyrətdiyi ilk dəstəmazı Peyğəmbərimizdən öyrənib Onunla ilk dəfə namaz qılan da o idi. Xədicənin hərfi mənası da “erkən doğulan” deməkdi. Onun şəxsində isimlə təmsilin uyğunluğu o qədər aşkar idi ki, onun qədir-qiymətinə çatmaq mümkün deyildi. Çünki O, Səadət əsrində doğan ilk ulduz və ilk günlərin ilk gülü idi. Belə bir “ilk”lik fürsətini əlindən verən Afif ibn Ömər sonralar peşmançılığını belə dilə gətirəcəkdi:

“Cahiliyyə dövründə ticarətlə məşğul olurdum. Bir gün yola düşüb Minada Abbas ibn Əbdülmüttəlibin yanına getmişdim. O əsnada ora bir adam gəldi. Əvvəlcə günəşə baxdı və günəşin əyildiyini görüb namaz qılmağa başladı. Sonra bir qadın gəldi, o da arxasında namaza qoşuldu. Ardınca həddi-büluğ çağına hələ təzəcə girmiş bir uşaq gəldi və namaz qılmağa başladı. Abbas ibn Əbdülmüttəlibdən onların kim olduğunu soruşdum. Cavabı belə oldu:

– Bu, Əbdülmüttəlibin oğlu Abdullahın oğlu Məhəmməddir. Mənim də qardaşım oğludur. Nəbi olduğunu deyir. Ona bu qadın və uşaqdan başqa inanıb tabe olan yoxdur. Bu qadın xanımı Xədicə bintu Huveylid, uşaq da əmisinin oğlu Əli ibn Əbi Talibdir.

Kaş mən də o gün İslamı qəbul edib dördüncü olaydım”.

O fərqli idi

Məhz bu ilklərin təmsilçisi olan Hz. Xədicənin müstəsna vəfası vardı  meydanda..! Vəfa əhli bunu unudardımı? İllər keçəcək, başqa bir vəfa timsalı Aişə anamız ilklərin vəfasını bu sözlərlə dilə gətirəcəkdi:

“Rəsulullahla ailə quranda Xədicə vəfat etmiş olsa da, heç bir qa­dını Rəsulullaha onun qədər qısqanmamışam. Çünki Allah Rəsulu (sallallahu əleyhi və səlləm) həmişə ondan söz açır və Onu daim­ ehtiramla, gözəl sözlərlə anırdı. Nə vaxt bir qoyun kəsirdi, bir hissəsini də Xədicənin yoldaşlarına göndərirdi”.

Çünki sevən sevdiklərinin sevdiyini də sevir, onları da unutmurdu. Sevdiyinin yaxınlarına da ehtiram göstərir, otursun deyə altındakı döşəkçəni uzadırdı. Niyə belə etdiyini soruşanlara da:

– Mən onun sevdiklərini də sevirəm, – buyururdu.

Bir dəfə Hz. Xədicənin bacısı Halənin evə girmək üçün icazə istədiyini eşidir. Səsini və icazə istəməsini Hz. Xədicəyə o qədər oxşatmışdı ki, həyəcanla ayağa qalxıb:

– Aman, Allahım! Bu Huveylidin qızı Halədir! – demişdi. Onun bu həyəcanını görən  Aişə anamız isə qadın təbiətinə xas qısqanclıqla neçə il əvvəl vəfat etmiş bir insana bu qədər bağlılığın səbəbini soruşmuşdu. Bir mənada Allahın Ona daha xeyirli qadınları nəsib etdiyini dilə gətirir və bu qədər bağlılığı bir az çox görürdü.  Bəlkə də, bu, Xədicənin dəyərini, böyüklüyünü Allah­ Rə­sulunun dilindən aləmə elan etmək üçün şərait hazırlamaq idi..!

Allah Rəsulu isə bundan məmnun qalmadığını bildirmiş, “Onun tayı-bərabəri varmı?” sözləri ilə başladığı cümlələrini belə bitirmişdi:

– Allaha and olsun ki, Allah mənə ondan daha xeyirlisini verməmişdir. İnsanlar məni qəbul etməyəndə o, mənə inandı. İnsanlar məni təkzib edəndə, o təsdiq etdi. İnsanlar məni hər şeydən məhrum edəndə o, sərvəti ilə mənə dəstək oldu. Və Allah onun vasitəsilə mənə övlad nəsib etdi.

Məsələ aydınlaşmışdı; ağıllı və bəsirətli Hz. Aişə anamız da dərhal üzr istəmiş və Xədicə haqqında bir daha mənfi bir şey deməyəcəyinə söz vermişdi.

Mənə də xəbər gətir

O gündən etibarən Xədicə Allah Rəsuluna daha çox diqqət yetirir və pərvanə kimi başına dolanırdı. Rəsulullah dağların yolunu tutduğu günlərdə arxasınca düşür və Ona daim yaxın olmağı fəzilət bilirdi. Bir az gec gələndə dərhal əlinə bir şey götürür və uca Məkkə dağlarında Allah Rəsulunu axtarmağa gedirdi. Yenə belə günlərin birində insan surətində Cəbraillə qarşılaşır. Bu yad insan Xədicədən Son Nəbini soruşur. Narahatlıq keçirir, Ona pislik edəcəyindən qorxur. Bunu Allah Rəsuluna danışanda onun Cəb­rail olduğunu öyrənəcək və sakitləşəcəkdi.

Məkkə Allah Rəsulunu qəbul etməsə də, Ona qarşı cəbhə açsa da, Hz. Xədicə dəstək və köməyini Ondan əsirgəməmişdi. İnsanlar Onun hüzurunu əlindən almağa çalışır, O hüzurunu Xədicənin yanında tapırdı, insanlar həyatına qəsd etmək istəyir, O, Xədicənin yanında əmin-amanlıq tapırdı. Bir gün Peyğəmbərimizə demişdi:

– Ey əmim oğlu! Sahibin sənə xitab edəndə mənə də xəbər verərsən?

Çünki bəzi nadanlar gələnin mələk deyil, şeytan olduğu­nu deyirdilər. Qəbul etmişdi və nəhayət, Cəbrail gələndə Peyğəmbərimiz Xədicəni yanına çağırıb dedi:

– Bax, bu, Cəbraildir, yanıma gəldi.

Ondan bir ricası var idi və: “Yanımda otur,” – dedi. Xədicə keçib Onun yanında oturdu Soruşdu Rəsulullah:

– Onu görürsənmi?

– Bəli,– deyə cavab verdi. Sonra da daha da yaxına çağırdı. Hər dəfə də soruşurdu:

– İndi görürsən?

– Bəli,– deyə cavab verdi. Nəhayət, örtüyünü çıxarıb Allah Rə­su­luna lap yaxınlaşdı və ondan soruşdu:

– İndi görürsənmi?

Bu dəfə vəziyyət fərqli idi və Allah Rəsulu:

– Xeyr, – dedi.

Bu sözdən sonra Xədicə:

– Sənə müjdələr olsun. Yolunda sabitqədəm ol! Allaha and içirəm ki, bu, mələkdir, əsla şeytan deyildir. Çünki şeytan olsaydı, həya edib getməzdi.

Yenə bir gün Allah Rəsuluna yemək-içmək aparmaq üçün yola düşür. Gəlişini görən Cəbrail üzünü Allah Rəsuluna tutub bir müjdə  verir:

– Bu gələn Xədicədir. Əlində azuqə var. Sənin yanına çatanda ona Rəbbindən və məndən salam de. Həmçinin ona nə səs-küy, nə də yorğunluq olan Cənnətdə, incidən bir sarayın müjdəsini ver.

Rəsulullahın yanına çatanda Onun dilindən Cəbrailin salamını eşidən Xədicə halını dəyişmədən vüqarlı duruşu ilə deyir:

– Salam Odur. Salam Ondandır! Allahın rəhmət və bərəkəti sənin üzərinə olsun, ya Rəsulullah! Şeytandan başqa salamı eşidən hər kəsə salam olsun. Və Cəbrailə da salam olsun.

Gənc Zeyd

Allah Rəsulunu addım-addım izləyir, hislərini hiss edib istəklərini yerinə yetirmə həyəcanı ilə yaşayırdı. Bir gün Rəsulullah və kölə Zeydin bir-birini daha yaxşı başa düşdüyünü  və Rəsulullahın onun təbiətindəki zənginliyi kəşf edib ona fərqli münasibət göstərdiyini gördü. Dərhal gənc Zeydi yanına çağırıb belə dedi:

– Bundan sonra Məhəmmədin əmrindəsən.

Artıq Zeyd Rəsulullahın əmrinə verilmişdi. O isə insanlarla insan kimi rəftar etmək üçün yaradılmışdı və orada da insanlığını nümayiş etdirdi və Zeydin köləlik buxovlarını qırıb yolu göstərir:

– Azadsan, istəsən yanımda qal, istəsən atanın yanına get.

Amma Zeyd Allah Rəsulunun yanında olmağı ata ocağının isti­sinə dəyişməyəcək və sadiq bir mömin kimi Onunla qalmağı seçəcəkdi.

Bütün var-dövlətini İslam yolunda xərclədi

Xədicə varlı idi, ancaq mücərrəd varlılıq insana nə hüzur verir, nə də onun duyğularını tətmin edirdi. Zənginlik məhz bir məqsəd naminə əldə olunanda və Onun yolunda sərf ediləndə dəyərlər fövqü dəyər kəsb edir və qəbirlə başlayan axirət həyatını nurlandıran sərvətə çevrilirdi. Buna görə də Hz. Xədicə malını və canını əbədiləşdirməkdə olduqca həssas davranır və bütün dəyərini Allah Rəsulu və məfkurəsi uğrunda səfərbər edirdi. Başqa möhtac qəlbləri də gözəlliklərlə süsləmək üçün neçə-neçə ziyafətlər vermiş, imkansızların əlindən tutmaq üçün necə misilsiz fədakarlıqlar göstərmişdi. Hirada başlayan vüsaldan bir neçə il keçməmişdi ki, bir vaxtlar ən varlı qadın olan Xədicənin əlində mal-mülkdən əsər-əlamət qalmamış, özü möhtac hala düşmüşdü. Çünki o qədər səxavətli idi ki, inandığı dəyərlər uğrunda canı ilə birlikdə əlində olan hər şeyini verməyə hazır idi.

Onun bu fədakarlığı onu yer üzü qadınları arasında əlçatmaz zirvəyə ucaldırdı. Əli ilə səma və yerə işarə edən Peyğəmbərimiz onun fəzilətini belə dilə gətirirdi:

– Göylərin ən xeyirli qadını İmranın qızı Məryəm, yer üzünün ən xeyirli qadını isə Huveylidin qızı Xədicədir.

İlk insandan bəri kişilərin bir çoxunun peyğəmbərlik və vəlayətin kölgəsi altında kamala çatdığını deyən Allah Rəsulu bir gün yalnız dörd qadının bu səviyyəyə yüksəldiyini bildirmiş, onların arasında Xədicənin də adını çəkmişdi.

Mihnətdə keçən illər

Beləcə inanan insanların sayı artdıqca Qureyşin kin və nifrəti də baş qaldırır, amansız düşmənçilik cövlan edirdi. Əllərindən gəlsə idi, inanan hər bir insanı havadan məhrum edərdilər. Addım-addım izləyir, ələ fürsət düşən kimi də məkrli əməllərini həyata keçirməyə ‒ onları məhv etməyə çalışırdılar.

Çox çətin günlər idi. Ən dərin məşəqqəti də Allahın sevgili qulu Allah Rəsulu çəkirdi. Düşmənçilik və kinləri o dərəcəyə çatmışdı ki, artıq onlarla bir şəhərdə yaşamağa belə dözə bilmirdilər. Məkkə bütün gücü ilə hücum çəkir və inananlara nəfəs almağı belə çox görürdülər.

Bu kin və düşmənçilik Məkkəni inananlara zindan etmişdi. Artıq bu şəhərdə yaşamaq mümkün görünmürdü. Allah Rəsulu ilə birlikdə bütün möminləri Məkkədən çıxarmaq qərarına gəlmişdilər. Bütün əlaqələri kəsəcək, hətta qohumların belə kömək etməsinə imkan verməyəcəkdilər. Beləliklə, hər bir Müsəlmanı ölümlə üz-üzə qoyacaqdılar. Onların açıq ərazidə, gündüzlərin səssizliyi və gecələrin tənhalığı içində bir-bir məhv olmasını gözləyəcəkdilər.

Vəraqanın dedikləri bir-bir gerçəkləşirdi. Bu dərəcədə kin-nifrət olardı?! Amma o günün Məkkəsində bu, baş verirdi. Müqavimət göstərmək mümkün deyildi və məcburən Məkkə və məkkəlilərdən ayrıldılar! Yenə Əbu Talib himayə qanadlarını açmışdı. Məkkədən kənarda, Şibi Əbi Talib adlı yerdə çadır qurdular. Bu, üç il davam edən möhnət dövrünün başlanğıcı idi.  Aclıq, susuzluq və xəstəliklərin iniltisi ilə keçən üç il..! Bu amansız zülm idi: qadın-qoca, xəstə-uşaq fərqi qoymurdular.

Bir vaxtlar ən zəngin qadın olan Xədicə də Onunla birlikdə eyni çətinliklərə qatlanırdı. Bir-birinin qəmini, dərdini bölüşsələr də, əllərindən heç nə gəlmirdi. O gün Qureyş bütün yolları kəsmiş və heç kimin onlara yaxınlaşmasına imkan vermirdi.

Hakim ibn Hizam bibisi Xədicəyə bir ovuc buğda aparmaq üçün gizlicə yola düşür. Bu, Əbu Cəhlin gözündən yayınmır, yolunu kəsir Hakim ibn Hizamın. Təkbaşına, arxasız və köməksiz Cə­halət əleyhinə necə qarşı çıxa bilərdi? Əbu Cəhl qardaşı belə olsa, buna imkan verməzdi və sərt bir ifadə ilə deyir:

‒ Haşimoğullarına yemək aparmaq?! And olsun ki, nə mənim əlim­dən qurtula bilərsən, nə də onlara yemək apara. Səni Məkkədə rəzil-rüsvay edərəm.

Bu vaxt Əbul-Bahtəri ora gəldi. O da Haşimoğulları qəbiləsinə mənsub idi. İman gətirməmişdi, amma insaflı adam idi. Əvvəlcə nə baş verdiyini öyrəndi:

– Nə olub? – deyə soruşdu.

Əbu Cəhl:

– Haşimoğullarına yemək aparmaq istəyir, – dedi.

Əbul-Bahtəri də:

– O, bibisinə azuqə aparmaq istəyir, sənsə ona mane olursan, eləmi? Çəkil bu adamın qabağından!” – deyincə Əbu Cəhllə aralarında dava düşdü. Hətta Əbul-Bahtəri əlinə keçən bir sümüyü Əbu Cəhlin başına vurub yarsa da, zülm davam edəcək, heç nə də­yiş­məyəcəkdi.

Övlad ayrılığı

Çox əziyyətli günlər idi. Hz. Xədicəni təkcə öz başına gələnlər deyil, Allah Rəsulunun çəkdiyi çətinliklər də dərindən yaralayırdı. Allahın sevgili qulundan ikisi oğlan olmaqla altı uşaq dünyaya gətirmişdi. Əvvəlcə Qasım vəfat etdi. Qəlb hüznlü, gözlər yaşlı… Ancaq onun səbir gücü hər cür çətinliyə dözürdü. Rəsulullahın yanına gəldi. Çünki onun da təsəlliyə ehtiyacı olurdu.

– Ya Rəsulallah! Qasımın südü daşdı. Kaş Allah süd dövrünü tamamlayana qədər ömür verəydi.

Allah Rəsulu buyurdu:

– O, süd dövrünü Cənnətdə tamamlayacaq.

Mətanətli insan çox sevindi:

– Əgər bunu bilsəydim, ya Rəsulallah, onun ölümü mənə daha asan gələrdi.

Rəsulullah da:

– İstəyirsən, Allaha dua edim, onun səsini sənə eşitdirsin, – buyurduqda səbir kimi, təvəkkülün də zirvəsi olan Hz. Xədicə belə dedi:

– Xeyr, ya Rəsulallah, Allah və Rəsulunu təsdiq edirəm.

***

Allah və Rəsuluna iman gətirib Onu təsdiq edən ilk insan Xə­dicə idi. Ondan əvvəl nə bir qadın, nə də bir kişi müsəlman olmuşdu. Bununla Allah (cəllə cəlaluhu) Rəsulunun yükünü yüngülləşdirmiş olurdu. Rəsulullah nə vaxt biri təkziblə, təhdidlə, təcridlə üz­ləşirdi, o zaman Xədicənin yanına gəlir və ondan aldığı dəstəklə yükünün yüngülləşdiyini, sıxıntıları bir-bir unutduğunu və daha da şövqləndiyini hiss edirdi. Heç bir hərəkəti ilə Rəsulullahı üzməmişdi. Əksinə, onun yanına gələndə təsəlli tapırdı, buludlar dağılırdı çöhrəsindən təbəssümün gəlişi ilə…

Ayrılıq vaxtı yaxınlaşır

Xədicən illər kədərlə yoğrulmuşdu elə bil. Qasımın ardınca körpə Abdullah da dünyanın bütün sıxıntılarından qurtulub iməkləmə çağında əbədi gözəlliklərə pərvazlanmışdı. Bir tərəfdə qıtlıq, yoxluq içində keçən ağrılı-acılı illər, digər tərəfdən də arda-arda dəyən ayrılıq zərbələri vardı. Əbu Talibin vaxtı çatmışdı; gün gəldi, o da getdi. Allah Rəsulu üçün şəfqətli bir ata, etibarlı arxa və ürəyigeniş bir əmi artıq həyatda yox idi. Xədicə Rəsulullahın dərdinə həmdəm ola bilmədi, çünki özü də artıq ölüm döşəyində fani aləmə əlvida deyirdi. Ondan ayrılmaq çətin olsa da, malı və canını davası uğrunda fəda etdiyi həyat yoldaşının qolları arasında əbədi həyata köçmə vaxtı çox uzaqda deyildi.

Əbu Talibin vəfatından üç gün keçmişdi. Allah Rəsulu (s.ə.s.) xəstə yatan Xədicəyə baş çəkdi. Çox kədərliydi, ən böyük arxası və hamisi Əbu Talibi iman gətirmədən torpağa tapşırmışdı. Düzdür, onun inanması üçün çox çalışmışdı, amma dilindən heç cür təsdiqedici söz eşidə bilməmişdi. Digər tərəfdən, ən yaxın dayağı da onunla vidalaşırdı artıq. Həm də bir vaxtlar Məkkənin ən zəngin qadını ola-ola bu gün aclıq və sıxıntıdan iki büklüm olmuş, sürgün həyatının məşəqqətləri ilə çarpışa-çarpışa gedirdi.

Bir minnət duyğusu ilə yanına yaxınlaşdı. Allah Rəsulunun dilindən məna dolu cümlələr süzüldü:

– Ey Xədicə, mənə görə sən də bu sıxıntıları dözməyə məcbur oldun və özünə layiq həyatı yaşamadın.

“Əslində, sən bu zülmlərə layiq qadın deyildin. Kərəminin əvəzində kərəm deyil, əzablar gördün” demək istəyirdi. Və sonra əlavə etdi:

– Ancaq unutma ki, Allah hər sıxıntı və çətinliyin ardınca müt­ləq çoxlu xeyirlər verəcəyini  murad etmişdir…

Əbu Talibdən sonra ən önəmli dayağı da artıq həyatda deyildi. Hicrətdən üç il əvvəl bir mübarək gecədə, 65 yaşında ikən dünya və dünyanın bütün sıxıntılarına əlvida deyərək, səs-küy və yorğunluqdan uzaq, incilərdən hörülmüş əbədi məkanına köçdü. Beləliklə, o, Hirada doğan günəşin ardından bir Qədr gecəsi başladığı yeni həyatı yenə bir Qədr gecəsi tamamladı. Əbədi yurdun ilk qapısı olan Hacun qəbiristanındakı məzarına Allah Rəsulu öz əlləri ilə dəfn etdi.

O, övladlarımın anası, evimin də xanımı idi..

İki güclü arxa-dayaqdan məhrum olan Allah Rəsulu artıq­ iki­qat müsibətlərlə üzləşməyə başlamışdı. Qureyş daha da cəsarətlənmişdi. Uca Allah bu çətin günlərdə Onun sıxıntılarına təsəlli olur, inayəti ilə səmanın qapılarını taybatay açır və ard-arda gələn hüznlü hadisələrin mükafatı olaraq Merac iltifatı ilə neçə-neçə göz oxşayan, könül açan mənzərələri müşahidə etdirirdi..!

Ancaq onun yoxluğu bir hicran idi və bu ayrılıq Allah Rəsuluna çox təsir etmişdi. Müqəddəs köçə – Mədinəyə hicrətə qədər də bu hicranın közündə tək-tənha, Xədicənin xatirələri ilə yaşayacaqdı. Sanki, Xədicə ölməmiş, yan otaqda yaşayırdı. Bir gün yanına gələn səhabə:

– Ya Rəsulallah! Görürəm ki, Xədicənin ayrılıq kədərindən iki büklüm olmusan”, ‒ deyəcəkdi. Doğru sözə nə deyəsən? “Bəli,” ‒  dedi və ardınca da əlavə etdi:

– O, övladlarımın anası, evimin də xanımı idi…!

Onun arxasınca o qədər hüznlənirdi ki, uzaqdan müşahidə edən­lər Rəsulullahın başına bir iş gəlməsindən qorxurdular. Pey­ğəm­bərin bu kədərli halı Məkkə müqəddəs fəthlə qapılarını taybatay açana və Mədinədə Aişə anamızla yeni yuva qurana qədər davam edəcəkdi.

 ***

Əbul As Məkkə varlılarından biri idi. Əmanətə riayət və ticarət əxlaqı ilə də seçilirdi. Hz. Xədicənin də qohumu idi və Xədicə anamız onu doğma oğlu kimi görürdü. Qızı Zeynəbi ona vermək təklifi Xədicədən gəlmiş, Rəsulullah da onun sözünü yerə salmamışdı. Vəhy gəlməyə başlayanda Allah Rəsulunun qızları tərəd­düdsüz müsəlman olsa da, kürəkənləri köhnə inanclarından əl çək­məmişdilər. Hətta Qureyş Rəsulullahın qızlarını boşasınlar deyə onlara ciddi təzyiqlər göstərməyə başlamışdı. Ruqiyyə və Ümmü Gülsümün həyat yoldaşları “başqa qadınla evləndirilmə” şərti ilə boşanmağı qəbul etsələr də, Əbul As Zeynəbi boşamayacağını, onunla xoşbəxt olduğunu deyərək təzyiqlərə boyun əyməmişdi.

Lakin İslama görə müsəlman bir qadın müşrik ərlə birlikdə yaşaya bilməzdi, amma Əbul As bunu qəbul etməzsə, yolları ayırmaq da o qədər asan deyildi. Nəhayət, Hicrət başlamış, Bədr savaşı qapını kəsdirmişdi. Müşrik ordusunun tərkibində Bədrə gələn Əbul As əsir düşmüşdü. Qureyş əsirlərini azad etmək üçün fidyə göndərəndə Xədicənin əmanəti Zeynəb də müşrik belə olsa, həyat yoldaşını qurtarmaq istəmişdi. Fidyə əvəzinə anası Xədicənin toy hədiyyəsini ‒ boyunbağını göndərmişdi. Allah Rəsulu boyunbağını tanımış və Xədicəni xatırlayıb kədərlənmişdi. Tez yanındakılara tərəf dönüb:

– Gəlin Zeynəbin əsirini azad edin və malını da özünə qaytarın, – deyə rica etmişdi. Səhabə heç Onun istəyini yerə salardımı? Bunun əvəzində bir şərti vardı Allah Rəsulunun. Əbul As da Zeynəbi sərbəst buraxacaq və boşayıb atasının yanına göndərəcəkdi.

Aradan on üç il keçdi. O gün qapılarını imanın üzünə bağlayıb onları Şibi Əbu Talibdə ölümlə üz-üzə qoyan Məkkə artıq təslim olurdu. Məkkənin dağlarında Əzanı-Məhəmmədinin əks-səda verməsinə çox qalmamışdı. Mədinədən on minlik müsəlman ordusu müjdəsi verilmiş fəthi gerçəkləşdirmək üçün Məkkəyə gəlirdi. Yollar Məkkəyə yaxınlaşanda Hacunda vəfalı yoldaşının məzarını ziyarət etdi Allah Rəsulu..! Vəfa timsalı aləmə vəfa dərsi verirdi. Məzarı başında durdu və nə dualar, necə dualar etdi.!?

Gün gəlir, ondan qalan xatirələr bir-bir qeyb olurdu; hər biri bir təşrifatçı kimi tələsib öndən gedirdilər. İki körpə oğlundan sonra üç qızı da ayrılıb getmiş və əbədi aləmdə anaları ilə qovuşmağa tələsmişdilər. Rəsulullahın son günlərdə Xədicədən xatirə olaraq, bütün aqtab (qütblərin) və vəlilərin başlanğıcı, Əhli-Beytin dirəyi və Xədicənin anasının adını daşıyan bircə Fatimə qalmışdı. Allah Rəsulu ancaq onunla təsəlli tapırdı.