Səhabələr

Vəhy davam edir

− Bu, ibn Əbi Kəbşənin[1] sehrindən başqa bir şey deyildir. O, bununla sizin gözünüzü bağlamışdır. Həm də ətrafdakı adamlardan soruşun görək, onlar da bu hadisəni görmüşlərmi? Əgər sizin gördüklərinizi onlar da görmüşsə, deməli, Məhəmməd doğru danışır. Ancaq bu hadisəni başqaları görməmişsə, o halda Məhəmməd sizi sehrləmişdir, − deyir.

Bu, ən azı həmin an üçün bir çıxış yolu idi. Hər tərəfə xəbər salırlar, kənarda olan adamları təsbit etməyə çalışırlar və qarşılarına çıxanlardan bu hadisəni görüb-görmədiklərini soruşurlar. Cavab müşriklərin xoşuna gələsi şəkildə deyildi, sanki əvvəlcədən sözləşmiş kimi, hər kəs çox təəccüblü bir hadisəyə şahid olduğunu, Ayın iki yerə bölünərək iki müxtəlif dağın üstünə qədər getdiyini və sonra da yenidən əvvəlki vəziyyətinə qayıtdığını deyirdi. Müşriklərin ümidlə üz tutduğu hər qapı üzlərinə bağlanırdı. Öz gözləri ilə gördükləri və başqaları da şahid olduğu üçün bunu inkar da edə bilmirdilər. Bircə alternativ, daha doğrusu, bəhanə qalırdı; yenə əvvəlki böhtanlarından möhkəm yapışacaq, inadkarlıqlarına qurban getməyə davam edəcəkdilər:

− Bu, İbn Əbi Kəbşənin sehrindən başqa bir şey deyil![2]

Günəşi palçıqla suvamaq olmaz ki! Gözünü bağlayan ancaq özünü qaranlığa qərq edər. Çox keçmədən yenə Cəbrail gəlmiş və müşriklərin inkar edə bilməməklə yanaşı, bir qulp qoyaraq fərqli şəkildə çatdırmağa çalışdığı həqiqəti əbədi olaraq təsdiq edən ayələri gətirmişdi:

− Qiyamət saatı yaxınlaşdı, Ay iki yerə parçalandı. Amma müşriklər nə vaxt bir möcüzə görsələr, üz döndərib: “Bu, uzun müddət davam edən və qüvvətli  bir sehrdir!” − deyərlər.[3]

“Əbəsə” surəsinin nazil olması

Müşriklər hər cür möcüzəni gördükləri halda, həqiqəti inkar edirdilər. Buna baxmayaraq, Allah Rəsulundakı (s.ə.s.) təbliğ sevgisi azalmadan davam edir və O, insanların əlindən tutmaq üçün bütün imkanlarını səfərbər edirdi. Buna görə də müşriklər üz döndərib qarşı çıxsalar da, O, karvanını küfrə çəkənlərlə danışmağı da unutmur və qəlblərinin  nə vaxtsa yumşalacağı ümidi ilə həmişə müsbət hərəkət edirdi. Buna görə də şəxsi həyatını bir tərəfə qoymuş, tamamilə ümməti üçün yaşayırdı. Allahı tanımayan bir sərgərdanla qarşılaşanda ürəyinin yağı əriyir və: “Bu da iman gətirmədən gedəcək,” – deyə özünü həlak edir, qəm-qüssəyə qərq olurdu. Çox keçmədən Quran Onun bu halını da ayələrə nəqş edəcək, ümməti uğrunda  etdiklərini tarixə salacaqdı.[4]

Yenə belə günlərdən birində Ütbə ibn Rəbiə, Ümeyyə ibn Xaləf, Əbu Cəhil, Vəlid ibn Müğirə kimi adamlar oturub[5] öz aralarında boş-boş danışırdılar.

Rəsulullah (s.ə.s.) iman gətirmələrinə bir qapı aralamaq ümidi ilə onların məclisini şərəfləndirir. Ancaq qismətlərində şərəf payı olmayan bu qədirbilməzlər Peyğəmbərin (s.ə.s.) ümidinə biganə idilər. Hz. Məhəmmədə (s.ə.s.) biganə münasibət göstərmələri ilə yanaşı, rəftarlarını da dəyişdirirlər, halları ilə narahat olduqlarını ifadə edirlər. Allah Rəsulu (s.ə.s.) yenə onlara dünya və axirətləri üçün faydalı təkliflər verir, əbədi həyatlarını xilas etmək üçün təkid edirdi. Onlar isə dinləmək belə istəmirdilər. Bəlkə də, o əsnada Allah Rəsulunun (s.ə.s.) əleyhinə danışırdılar, çünki Rəsulullahın (s.ə.s.) gəlişi ilə araya lal sükut çökmüşdü. İmandan heç bu qədər də narahat olmaq olardımı? Amma sözügedən adamlar Utbə, Əbu Cəhil və Vəlid olardısa, bu da mümkün idi! Əllərindən gəlsə, onların yolunda rahatlığından vaz keçən Allah Rəsulunu (s.ə.s.) bir qaşıq suda boğardılar. Çünki Onun olduğu yerdə bu adamlara yer yox idi. Nifrətlə baxır, kinlə oturub dururdular. Qan davasından qorxmasalar, Onun elə oradaca həyatına son qoyardılar. Amma neyləsinlər ki, adətləri buna mane olurdu. Buna görə də, üz çevirib qaşqabaq tökmüş, çıxış yolunu oradan uzaqlaşmaqda görmüşdülər. Əslində bu, yanlarına gələn iman nurunun qaranlığı boğub yox edəcəyinin bir göstəricisi idi: haqq gəlmiş və yoxluğa məhkum olan batil də aid olduğu yerə tərəf üz tutmuşdu.

Davamı: 1 2 3