- Səhabələr - https://sehabe.meneviyyat.az -

Varlı səhabələr

Təbuk döyüşünə gedən müsəlman ordusunun təchizatına ən çox kömək edən Həzrət Osmandır.[1] Həzrət Osman ordunun hazırlanmasına min dinar vermişdi. Rəsulullah da: “Allahım mən Osmandan razıyam, Sən də ondan razı ol!” – deyə dua etmişdi.[2]

Bundan başqa Həzrət Osmanın Təbuka gedən orduya 750 (və ya 1000) dəvə, 50 (və ya 70) at bağışlaması haqqında da rəvayət var.[3] Hətta Həzrət Osmanın fədakarlığını və səxavətini görən  Rəsulullah (s.a.s) ona dua edib: “Bu gündən sonra işlədiyi əməllər Osmana zərər verməz”, – demişdi.[4]

Səhabələr qadınlarına libas almaqda xəsislik etməzdilər. Həzrət Osmanın həyat yoldaşı Nailəyə 200 dirhəmlik paltar alması haqda rəvayət var.[5]

Həzrət Osman bir dəfə Zübeyr ibn Avvama altı yüz min dirhəm mükafat vermişdi.[6]

Səhabə Sad ibn Rəbi varlı idi. Bir dəfə belə demişdi: “Ənsar arasında ən çox mülk məndədir”.[7]

Miqdad ibn Əsvəd Rəsulullah (s.a.s.) duasının bərəkəti ilə çoxlu mal-mülk sahibi olmuşdu.[8] Peyğəmbərimiz onun kimi Urvəyə də dua etmişdir. Ürvə deyir: “Mən Künasədə (Kufədə bir yer) qalır, qırx min dirhəm qazanmasam, geri qayıtmırdım”.[9] Böyük alim Buxari Urvə haqqında belə deyir: “O, torpaq da alsaydı, ondan qazanc əldə edirdi.”[10]

Hakim ibn Hizam müsəlman olduqdan sonra həcc ziya­rətinə getmiş və həcdə 100 iri baş heyvan, yüz qoyun qurban kəsmişdi. Eyni zamanda 100 qul azad etmişdi. O kölələrin hər birinin boynunda “Hakim ibn Hizam Allah yolunda azad etdi” sözləri yazılmış gümüş boyunbağı olmuşdu.[11]

Var-dövlətli səhabələrdən biri də Əbdürrəhman ibn Avf idi. Əli o qədər gətirirdi ki, bir daş qaldırsa, altından qızıl tapacağına ümid etdirdi. Allah ona hədsiz nemət vermişdi. Vəfat edəndən sonra miras qalan qızılları balta ilə kəsmişdilər. Hətta həmin qızılları kəsməkdən əllər qabar bağlamışdı.[12] O, bir gündə 30 köləni azad etmişdi.[13] Rəsulullahın zamanında mülkünün yarısını, yəni 4 min dirhəm, bir dəfə 40 min dinar, başqa bir vaxt 40 min dinar, bir gün 500 at, 1500 dəvə infaq  etmişdi.[14]

Əbdürrəhman ibn Avf möminlərin analarına 400 min dirhəm dəyərində bağ vəsiyyət etmişdi.[15] Urvə ibn Zübeyr Əbdürrəhman ibn Avfın var-dövləti və səxavəti haqqında deyir: “Bədir döyüşünün qazilərindən yüz nəfər qalmışdı. Əbdürrəhman ibn Avf onların hər birinə 400 min dinar vəsiyyət etdi. Onlar paylarını aldılar. Xəlifə olmasına baxmayaraq, Həzrət Osman da payını aldı. Üstəlik, Allah yolunda 1000 baş at vəsiyyət etmişdi.[16] Həzrət Ənəs belə rəvayət edir: “Onun vəfat edəndə hər bir xanımına 100 min dinar bağışladığını gördüm”.[17]

Əbdürrəhman ibn Avf ticarətdə əli gətirən bir tacir idi. Çoxlu mal-mülk qazanmışdı, Baqi otlağında 1000 dəvəsi, 3000 qoyunu və 100 atı otlayırdı. Curfda 20 baş heyvanla əkin əkir və yığılan məhsulla ailəsinin illik ərzaqını təmin edirdi.[18] Ona ticarətdəki məharətinə görə “Tacirur-Rəhman” deyirdilər.

Rəvayətə görə, Əbdürrəhman ibn Avf 30 min qul azad etmişdir.[19] Onun verdiyi sədəqələrin sayı-hesabı yoxdur.

Həzrət Aişə bir dəfə evdə oturmuşdu. Bu vaxt bir səs eşitdi. Bunun nə olduğunu soruşdu. Ona “Əbdürrəhman ibn Avfın Şamdan gələn karvanıdır” – dedilər. Bu hadisəni danışan Həzrət Ənəs: “Karvan yeddi yüz dəvədən ibarət idi, Mədinə səsdən titrədi”. Əbdürrəhman ibn Avf bu dəvələri yəhər və yükləri ilə birlikdə Allah yolunda vermişdi.

Varlı səhabələrdən biri də Zübeyr ibn Avvam idi.  Ondan 51 və ya 52 milyon dirhəm dəyərində mülkün miras qaldığı haqqında rəvayət var. Misirdə (Qahirədə) İsgəndəriyyədə və Kufədə torpaq sahələri, Bəsrədə evləri var idi. Mədinə vadisində yerləşən kəndlərdən də gəlir əldə edirdi.[20]

İbn Məsudun da imkanı yaxşı idi. Rəvayətə görə, ondan qul və davarlardan əlavə 90 min dinar miras qalmışdı.

Həzrət Talhanın İraqdan gələn gündəlik gəliri min dinar idi.[21] Talhaya İraqdan il ərzində 400-500 min, Səratdan isə təxminən 15 min dinar gəlir gəlirdi. Mədinə vadisindəki kənd­lərdən də gəlir əldə edirdi. O, Bəni-Teym bütün yoxsullarına əl tutar, ərzaq göndərər, subaylarını evləndirər, kasıblarına xidmətçi verər, borclularını borcdan qurtarardı. Subayha ət-Teyminin 30 min dirhəm borcunu ödəmişdi. Talhanın barmağında yaqut qaşlı üzük var idi.[22] Talhadan hər birində üç kintar[23] qızıl olan inək dərisindən tikilmiş yüz kisə miras qaldığı bildirilir.[24]

Zeyd ibn Sabitin 100 min dinar dəyərində mal-mülkü və külçə qızıl-gümüşü var idi. Zübeyr Bəsrədə, Misirdə, İsgən­dəriyyə və Kufədə ev tikdirmişdi. Talha Kufədə kirəc, kərpic və hind ardıcından hündür bir ev tikdirmişdi. Sad ibn Əbi Vaqqas Aqiqdə hündür tavanlı, geniş həyətli və eyvanlı ev tikdirmişdi. Miqdad isə Mədinədə Curuf adlı yerdə içi və çölü kirəcdən ev tikdirmişdi.

Həzrət Osmanı qətlə yetirən üsyançılar onun bütün var-dövlətini talan etmişdilər. Onun mülkü 30 milyon 500 min dirhəm dəyərində idi. Bundan əlavə 250 min dinar pul, Rəbzədə min dəvə, Əris quyusu və Vadil-Kurrada sədəq verdiyi 200 min dinar mülk miras qoymuşdu.[25]

Həmzə ibn Eyfa əl-Həmədani Həzrət Ömərin xəlifəliyi döv­ründə dörd min köləsi ilə Şama köçmüş və kölələrinin hamısını azad etmişdi.[26] 

Varlı səhabələrdən biri də Amr ibn Asdır. Amr Vəhd (Taif) bağlarında ağaclara bir milyon calaq elətdirirdi. Hər tingin qiyməti isə bir dirhəm idi. Bir milyon calağa ehtiyacı olan bir bağın gəlirini siz düşünün! Onun Misir və Dəməşqdə (Şamda) evləri var idi. Ceyrunda və Cabiyyədə də evi vardı.[27]

Varlı səhabələrdən biri də Amr ibn Hüreys əl-Qureyşi əl-Mah­zumidir. Peyğəmbərimiz (s.a.s.) onun başına sığal çəkib ti­carətinin bərəkətli olması üçün dua etmiş, Allah da ona çoxlu var-dövlət vermişdi. O, Kufə əhlinin ən varlı sakinlərindən biri idi. Küfədə ev tikdirən ilk qureyşli olub Əməvilərin dövründə valilik etmişdi.[28]

Peyğəmbərimiz Huveytib ibn Əbdüluzzadan borc pul istə­mişdi, o da 40 min dirhəm borc vermişdi. Huveytib Mək­kədən Mədinəyə köçüb ömrünü orada başa vurmuşdu. Məkkədəki evini Müaviyəyə 40 min dinara satmışdı. Baha satdığını söyləyənlərə isə: “Beş ailə üzvü olan bir insan üçün bu nədir ki”?[29] – demişdi. Bu, ailənin dolanışığına çəkdiyi xərcləri göstərir.

Süfyan ibn Rəbi rəvayət edir: “Bəsrə əhalisindən bir dəstə zahidə qoşulub Məkkəyə getdim. “Kaş ki, Allah Rəsulunun səhabələrindən biri ilə qarşılaşıb söhbət edə biləydik” – dedik və Məkkədə Abdullah ibn Amr ibn Asın evinə getdik. Evinin qarşısında üç yüz yüklü dəvə vardı. Soruşduq ki, Abdullah ibn Amr bunlarlamı həcc etdi? “Bunlar onun kölələri və dostlarıdır” – dedilər.[30]

İmkanlı səhabələrdən biri də Rəsulullahın xidmətçisi Həz­rət Ənəsdir.[31]

Səhabələrin varlı olmasına necə baxmalıyıq?

1. Əbdürrəhman ibn Avf və Həzrət Osman kimi varlı sə­habələr nə öyünmək, nə də var-dövlət toplamaq məqsədilə deyil, sırf Allah yolunda xərcləmək niyyəti ilə sərvət qazanırdılar. Rəvayətlərin birində Əbdürrəhman ibn Avfın 30 min qul azad etməsindən xəbər verilir. O, Həzrət Osmanla birlikdə Təbuk döyüşünə hazırlaşan orduya böyük kömək göstərmişdi. Zübeyr ibn Avvam min kölədən vergi alırdı. Ancaq dünyadan köçəndə o borc içində idi. Əbdürrəhman ibn Avfdan miras qalan mal-mülkün səkkizdə birinin 240 min dirhəmə bərabər olması onun  Allah yolunda vermək üçün sərvət yığdığını inkar etmir. Belə ki, o, sərvətini bir dəfəyə xərcləməmiş və həmişə nə qədər lazımsa o qədər infaq etmişdir. Ancaq Peyğəmbərimizin (s.a.s.) əlinə düşəni verməsi səhabələrin zəruri ehtiyaclarından irəli gəlirdi. Səhabələr isə var-dövlətinin hamısını birdəfəlik Allah yolunda verməkdə mükəlləf deyildilər.

2. Səhabələrin varlı olması, Allah Rəsulunun duası ilə (Həzrət Ənəs, Əbdürrəhman ibn Avf kimi) böyük sərvət qazanması onların zahidanə həyat sürməsi və sağlam imanı ilə ziddiyyət təşkil etmir. Çünki onlar sərvəti Allah üçün qazanırdılar. “Halal mal əməlisaleh insanın əlində nə gözəldir”[32] – buyurur Rəsulullah. Onlar dünya malından bərk-bərk yapışmamış, Mü­səlmanların çətin günündə köməyə gəlmiş və sərvətləri nə qədər olmuşsa, Allah yolunda o qədər çox vermişlər.

3. Allah Rəsulu bir hədisində: “Allahım kim məni sevirsə, ona ehtiyacı olduğu qədər ruzi ver, kim məni sevmirsə, onun sərvətini və uşaqlarını çoxalt”, – deyə dua etmişdir. Başqa bir hədisində isə Həzrət Ənəsin çoxlu oğul-uşaq və mal-mülk sahibi olması üçün Allaha dua etmişdir. Həzrət Səhavi bu iki hədisin bir-biri ilə uyğun gəlib-gəlməməsi ilə əlaqədar verilən sualı mükəmməl cavablandırmışdır: “Birinci müxtəlif yollarla rəvayət olunmuşdur. Allah Rəsulunun Həzrət Ənəsə duası isə daha səhihdir. Allah Rəsulu Ənəs üçün halal dünya malı istəmişdir”.[33]


[1] Uyunul-əsər, 2/276; əs-Sirətül-Haləbiyyə, 3/100.

[2] İbn Hişam, 2/518; İbn Kəsir, əs-Sirə, 4/6.

[3] Əs-Sirətül-Haləbiyyə, 3/100.

[4] Tirmizi, Mənaqib 18; Əhməd ibn Hənbəl, Müsnəd, 4/75; Hakim, Müstədrək, 3/102; Əbu Nüaym, Hiyətül-övliya, 1/59; İbn Kəsir, açə., 4/398.

[5] İbn Sad, 3/58.

[6] İbn Sad, 3/107.

[7] Əl-İsabə, 2/26; Fəthül-Bari, 19/278.

[8] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 25/208, 213.

[9] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 16/347.

[10] Buxari, Mənaqib 28.

[11] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 7/238.

[12] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 14/362; Üsdül-ğabə, 3/485; İbn Sad, 3/136.

[13] Üsdül-ğabə, 3/481; əl-İsabə, 2/396.

[14] Üsdül-ğabə, 3/483; Hilyətül-övliya, 1/99; İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 14/351.

[15] Tirmizi, Mənakib 25.

[16] Üsdül-ğabə, 3/484; İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 14/351.

[17] İbn Həcər, Fəthül-Bari, 19/281; İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 14/362.

[18] İbn Sad, 3/136; əl-İstiab, 2/396; İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 14/362.

[19] Əbu Nueym, Hilyətül-övliya, 1/99; İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 14/359.

[20] İbn Sad, 3/77, 109-110. Əlvə məlumat üçün bax.: Fəthül-Bari, 12/213-215.

[21] İbn Sadın əsəri ilə müqayisə edəndə 1000 dirhəm olduğu məlum olur. Bax: İbn Sad, 3/221.

[22] İbn Sad, 3/222.

[23] Misirdə 44.93, Tunisdə 53.9, Suriyada 254,4 kq-a bərabər olan çəki vahidi.

[24] İbn Sad, 3/222.

[25] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 16/248.

[26] Əl-İsabə, 1/380.

[27] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 19/232.

[28] Nəvəvi, TəHəzrət ibül-əsma, 1/2, 26. Bax.: İbn Sad, 6/23.

[29] Əl-İsabə, 1/326.

[30] İbn Sad, 4/267.

[31] İbn Sad, 7/18.

[32] Müsnəd, 4/197, 202.

[33] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 5/69; Nəsimür-riyaz, 1/326.