Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Xədicə binti Hüveylid (r. anhə)

Tarix: 02.09.2013 | Bu məqalə 2. 243 dəfə oxunub.

Allah Xədicədən daha xeyirlisini mənə vermədi. Çünki hər kəs küfr içində olanda mənə iman edən o oldu. Hər kəs məni təkzib edəndə o təsdiq etdi. Hər kəs hər şeyi məndən əsirgəyəndə o, məni malına ortaq etdi. Və Allah mənə ondan uşaqlar lütf etdi.

Hədisi-Şərif

Hz. Xədicə varlı, şərəfli, cahiliyyə dövründə belə “Tahir (təmiz)” ləqəbi ilə xatırlanan bir xa­nımdır. islamiyyətdən əvvəl Şama karvanlar göndərər, ticarətlə məş­ğul olardı. İşlədiyi kəslərə malının qazancından verərdi. O əsnalarda Hz. Məhəmmədin (s.ə.s.) etibarı, sədaqəti, gözəl əxlaqı haqqında çox eşitmişdi.  Meysərə ilə Şama bir ticarət karvanı aparma təklifi göndərdi. Hz. Məhəmməd (s.ə.s.) bunu qəbul etdi. Karvan hazırlandı və Hz. Məhəmməd (s.ə.s.) Meysərə ilə yola çıxdı.

Şam yaxınlığında bir monastır vardı. Gələcəyin nəbisi bir ağacın altında istirahət edirdi. Monastırda olan rahib Meysərəyə ağacın altında oturanın kim olduğunu soruşdu. Meysərə: “Məkkəlidir və Qureyş qəbiləsindəndir”, ‒ de­di. Rahib həyəcanlanmışdı. “O ağacın altında indiyə qədər peyğəmbərdən başqa kimsə istirahət etməmişdir!” ‒ dedi. Sonra da Peyğəmbərimi­zin (s.ə.s.) İncildəki xüsusiyyətlərindən birini soruşdu. Müsbət cavab alınca da: “O, peyğəmbərdir, həm də peyğəmbərlərin sonun­cu­su­dur. Kaş ki mən ona peyğəmbərlik vəzifəsi verilən vaxta qədər yaşaya biləydim!” ‒ dedi.

Nəhayət, Hz. Məhəmməd Meysərə ilə birlikdə apardıqları ticarət mallarını satdı­lar. Xeyli qazanc əldə edərək Məkkəyə qayıtdılar.

Meysərə Hz. Xədicəyə rahibin sözlərindən və səfər əsnasında gördüyü bəzi xariqüladə hallardan danışdı.

Hz. Xədicə maraqla karvanın gəlməsini gözlədi. Nəhayət, karvan gö­ründü. Karvan yaxınlaşanda Hz. Məhəmmədin başında onu istidən qoruyan bir bulud gördü. Çox həyəcanlandı. Yanındakı qadınlara: “Baxın, baxın! Mələklər Məhəmmədi gündən qoruyur”, ‒ dedi.

Sonra Hz. Məhəmməd gəlib çıxdı və malları Xədicəyə (r. anhə) təhvil verdi. Xədicə Hz. Məhəmmədin məvacibini artıqlaması ilə ödəyib onu razı saldı.

Hz. Xədicə Hz. Məhəmmədlə evlənməyi, bundan sonrakı həyatını onunla birlikdə keçirməyi düşündü. Hz. Məhəmmədə belə bir ismarış göndərdi: “Sən şərəfli, etibarlı, gözəl əxlaqlı və düzgün insansan, ona görə də mənə yaxın olmağını istəyərəm”.

Hz. Xədicə bu sözləri ilə onunla ailə qurmaq istədiyini bildirirdi. Hz. Məhəmməd bu təklifi alınca qohumları ilə məsləhətləşdi. Onlar da Xədicə ilə evlənməyi məsləhət gördülər. Əbu Talib Xədicəgilə gedib məsələnin mahiyyətini araşdırdı. Qardaş oğlu ilə ailə qurmaq istədiyini şəxsən onun dilindən eşitdi.

Nəticədə, hər iki tərəf də toy hazırlıqlarına başladı. Toy mərasimi­nin tarixini Xədicə müəyyənləşdirdi. Mərasim onun evində keçiriləcəkdi. Məlum olan tarixdə Kainatın Sultanı, əmiləri, bibiləri və qohumları Xədicənin evinə gəldilər. Xədicənin tərəfində isə əmisi Amr bin Əsəd, əmisi oğlu Varaqa bin Nofəl və digər qohumu vardı.

Toy üçün hazırlıqlar tamamlandı, qoyunlar kəsildi, yeməklər bişirildi. Ye­məklər yeyiləndən sonra ənənəyə görə Əbu Talib ayağa qalxdı və əsli-nəcabəti haqqında danışdı, Xədicəni qardaşı oğlu üçün istədiyini dilə gətirdi və sonda belə dedi: “Qardaşım oğlu Məhəmməd bin Abdullah sizin qohumunuzdur. Onu Qu­reyşdən heç bir gənclə müqayisə etmək olmaz. O, şərəf, əsil-nəcabət, ağıl və fəzilət baxımından onların hamısından üstündür. Hərçənd var-dövləti azdır, lakin var-dövlət nədir ki?! Müvəqqəti bir kölgə, bir pərdədir. Allaha and olsun ki, bundan sonra onun məqamı daha da yüksələcək. İndi o, sizdən qızınız Xədicəni istəyir, mehr olaraq da 20 dəvə verməyi qəbul edir”.

Əbu Talib sözünü qurtarandan sonra Varaqa bin Nofəl ayağa qalxdı. O da əsil-nəcabətini mədh edəndən sonra Xədicəni Peyğəmbərimizə uyğun hesab etdiyini elan edib belə dedi: “Allaha həmd olsun ki, bizi də dediyin kimi yaratdı. Sadaladıqlarından daha çox bizə üstünlük verdi. Biz də ərəblərin böyüyü və rəisiyik, siz də… Ərəblərdən və digər insanlardan heç kim sizin fəzilətinizi və fəxr etdiyiniz şeyləri rədd etməz. Biz də sizinlə qohum olmaq və şərəf qazanmaq istəyirik. Ey Qureyş qövmü, şahid olun ki, mən Hüveylidin qızı Xədicəni 20 dəvə mehrlə Məhəmməd bin Abdullahla evləndirdim”.

Varaqa bin Nofəlin sözü qurtarandan sonra Xədicənin əmisi Amr bin Əsəd də ayağa qalxıb bu evliliyə razı olduğunu söylədi.

Hz. Məhəmməd möhtərəm zövcəsini götürüb əmisi Əbu Talibin evinə gəldi. Burada iki dəvə kəsdirərək toy ziyafəti verdi. Əbu Talib də bu məsud evliliyin xatirəsinə dəvə kəsdi, insanlara ziyafət verdi və: “Allaha həmd olsun ki, bizdən bütün kədərləri uzaqlaşdırdı”, ‒ deyə dua etdi.

Peyğəmbərimiz (s.ə.s.) əmisinin evində yalnız bir neçə gün qaldı. Sonra zövcəsi Hz. Xədicənin evində məskunlaşdı.[1]

Hz. Xədicənin Hz. Məhəmmədlə ailə quranda 40 yaşı, Hz. Məhəmmədin isə 25 yaşı vardı. Beləcə Kainatın Sultanın ilk nikahı özündən 15 yaş böyük olan dul bir qadınla oldu.

Hz. Xədicə bütün sərvətini Hz. Məhəmmədin “əmin” (etibarlı) əllərinə təhvil etdi. Hz. Məhəmməd (s.ə.s.) ticarətlə məşğul oldu. Əziz zövcəsini etibarını sarsıtmadı. Yaxşı qazanc əldə etdi. Lakin var-dövlət onun sadə həyatını dəyişdirmədi. Əvvəl necə idisə, imkanlı olanda da elə qaldı. Heç bir vaxt israfa və bədxərcliyə yol vermədi. Onsuz da, onun qəlbini və ruhunu fərqli duyğular bürümüşdü. Bu qəlbdə dünya (mal) sevgisinə yer yox idi.

Hz. Xədicə Hz. Məhəmməddən yaşca böyük olmasına baxmayaraq, ona son dərəcə hörmət və nəzakət göstərirdi. Bir dediyini iki etmirdi. Ona layiqli zövcə olmağa can atır, maddi-mənəvi heç bir fədakarlıqdan boyun qaçırmırdı. Artıq könlündəki boşluq dolmuş, Son Peyğəmbərə zövcə olma şərəfinə çatmışdı. Hz. Məhəmməd bu xoşbəxt ailə həyatı ilə “Bir ailə necə qurular? İki insan bir-biri ilə necə dolanar? Ailə yuvası necə cənnətin kiçik bir timsalı olar?…” suallarına canlı nümunəsi ilə cavab verib bəşəriyyət aləminə rəhbərlik edirdi.

Hz. Xədicə qonaqpərvər və səxavətli bir insan idi. Onların evindən qonaq heç vaxt əskik olmurdu.

Bu evlilikdən onların Qasım adlı ilk övladları dünyaya gəldi. Hz. Məhəmmədi artıq Əbul-Qasım deyə çağırmağa başladılar. Daha sonra Zeynəb, Ruqiyyə, Fa­timə, Ümmü Gülsüm, peyğəmbərliklə vəzifələndirildikdən sonra da Abdullah (Tay­yib) dünyaya gəldi. Bunlardan Qasım və Abdullah Məkkədə hələ kiçik yaşda ikən vəfat etdilər. Peyğəmbərimizin Hz. Fati­mədən başqa digər övladları da özündən əvvəl dünyasını dəyişdilər. Fatimə də möhtərəm atasının ölümündən altı ay sonra vəfat etdi.

Miladi 610-cu ilin ramazan ayı idi… Peyğəmbərimizin qırx yaşı vardı. Hər dəfə olduğu kimi, yenə Hira mağarasına getmiş, səhərə qədər Rəbbinə ibadət etmişdi. Səhər təzəcə açılmışdı. Nəhayət, ilahi vəzifənin təbliğ ediləcəyi vaxtı gəlib çatmışdı. Rəbbindən əmr alan Cəbrail (ə) ən gözəl insan surətində kainatın yaradılış səbəbi olan Peyğəmbərimizin ziyarətinə gəldi. Onu qorxutmaq istəmirdi. Gur, lakin şirin səda ilə: “Oxu!” ‒ dedi. Onun səsi göylərdən və dağlardan gəlirdi. Peyğəmbərimiz çox qorxmuşdu. “Mən oxuya bilmirəm”, ‒ deyə bildi. Cəbrail onu qucaqladı və sıxdı. Buraxandan sonra yenə: “Oxu!” ‒ dedi. Hz. Məhəmməd yenə eyni cavabı verdi. Cəbrail Rəsulullahı (s.ə.s.) yenə tutdu və sıxdı. Bir dəfə də: “Oxu!” ‒ dedi. Peyğəmbərimiz yenə eyni cavabı verincə Hz. Cəbrail ona ilk ayələri vəhy etdi: “Yaradan Rəbbinin adıyla oxu. O Rəbbin ki insanı əlaqdan (qan laxtasından) yaratdı. Oxu, Rəbbin sonsuz kərəm sahibidir. O, insana qələmlə yazı yazmağı öyrətdi. O, insana bilmədiyini öyrətdi”.[2]

Hz. Cəbrail bunları deyəndən sonra birdən yoxa çıxdı. Hz. Məhəmməd çox həyəcanlanmışdı. Dərhal mağaradan çıxdı və Məkkəyə doğru hərəkət etdi. Başına gələnləri zövcəsinə danışmaq istəyir, ondan təsəlli alacağına ümid edirdi.[3]

Peyğəmbərimiz sürətli addımlarla Məkkəyə doğru gedərkən yolda dağ, daş və ağaclar: “Əssəlamu əleykə ya Rə­su­lal­lah!” ‒ deyib ona salam ve­rir, onun peyğəmbərlik vəzifəsini təbrik edirdi. Peyğəmbərimiz ətrafa baxanda ağacdan və daşdan başqa bir şey görə bilmədi.

Nəhayət, evə gəldi. Hz. Xədicə Peyğəmbərimizi sevinclə qarşıladı. Peyğəmbərimizi üzünü nurlanmış vəziyyətdə görəndə gözünü ondan ayıra bilmədi. Peyğəmbərimizdən gözəl ətir gəlirdi. Hz. Xədicə  hiss etdi ki, nəsə olub. Hz. Məhəmmədin pak alnından öpdü və şirin bir şəkil­də: “Anam, atam sənə fəda olsun! Mən sənin üzündə indiyə qədər görmədi­yim bir nur görür, indiyə qədər heç hiss etmədiyim bir qoxu hiss edirəm”, ‒ dedi. Hz. Xədicə onun Varaqa bin Nofəlin müjdələdiyi peyğəmbər olacağını təxmin etmişdi.

Hz. Məhəmməd (s.ə.s.) artıq Xədicəni (r. anhə) maraqda boğmaq istəmədi. Lakin çox qorxmuşdu, həyəcanlı idi. Bir az özünə gəlmək istəyirdi. “Üstümü örtün, üstümü örtün!” ‒ deyə bildi. Hz. Xədicə dərhal Peyğəmbərimizi yerə uzandırdı, üstünü örtdü və onu rahatlaşdırmağa çalışdı. Daha sonra maraq və səbir içində Peyğəmbərimizin başına gələn ha­disələri ona danışacağı vaxtı gözlədi.

Bir müddətdən sonra Rəsulullah oyandı. Qorxusu və həyəcanı bir az keçmişdi. Hadisəni Hz. Xədicə anamıza danışdı. Daha sonra: “Ya Xədicə! Mən bəzi işıqlar görürəm. Bəzi səslər eşidir və narahat  oluram! Bütlərdən və kahinlərdən nifrət edirəm! Ona görə də məni cin vuracağından qorxuram!” ‒ dedi.

Hz. Xədicə anamız onu belə təsəlli verdi: “Ey əmim oğlu! Belə danışma! Qorxma, narahat olma, kədərlənmə, Allaha and olsun ki, O, sənin kimi bir qulunu heç vaxt utandır­maz. Çünki sən yalan danışmırsan. Əmanətə riayət edərsən. Qohumlardan əlaqəni kəsmirsən. Qonşularına qarşı nəzakətlisən. Yoxsullara kömək əlini uzadarsan. Evinin qapısını qəriblərə açar, onları qonaq edərsən. İnsanların başına müsibət gələndə onlara kömək edərsən. Ey əmim oğlu, rahat ol. Vallah, sənin bu ümmətin peyğəmbəri olacağına ümid edərəm…”[4]

Ən yaxın sirdaşı, təsəlli qaynağı və həyat yoldaşının bu inandırıcı ifadələri Peyğəmbərimizi rahatlaşdırdı. Hz. Xədicə bununla da kifayətlənmədi: “Sənin peyğəmbər olduğuna mən inanıram”, ‒ deyib İki Dünyanın Günəşinə mənən dəstək oldu. Belə bir vaxtda zövcəsinin iman etməyi Rəsulullahı çox sevindirdi, şövqünü artırdı.

Peyğəmbərimiz bundan sonra Hz. Xədicəyə Hz. Cəbraildən öyrəndiyi şəkildə dəstəmaz aldı və birlikdə namaz qıldılar. Beləcə Hz. Xədicə anamız Peyğəmbərimizə ilk zövcə olduğu kimi, ona ilk iman etmə və birlikdə ilk namaz qılma şərəfinə da nail oldu.

Allah vəhy mələyi Cəbraillə bir gün Hz. Xədicəyə salam göndərdi və ona cənnətdə bir saray hazırladığını bildir­di. Cəbrail belə deyirdi: “Xədicəyə Rəbbindən və məndən salam de. Və onu cənnətdə incidən tikilmiş bir sarayla müjdələ. Orada nə səs-küy var, nə də çalışıb-çabala­maq… Zəhmətli və ağır işlər olmayacaq”.[5]

Hz. Xədicə Peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət etməmişdən üç il əvvəl 65 yaşında ikən vəfat etdi. Ondan bir az əvvəl Peyğəmbərimizin əmisi Əbu Talib vəfat etmişdi. Əbu Talibin və Hz. Xədicənin vəfatı Peyğəmbərimizi dərin kədərə qərq etmişdi. Bu səbəblə o ilə “Hüzn ili” deyildi.

Peyğəmbərimiz Hz. Xədicəyə olan sevgisini onun vəfatından sonra da davam etdirdi. Hz. Xədicənin yaxınlarından biri yanına gəlsə, halını, xətrini so­ruşar, ona hörmət edərdi. O, tez-tez Hz. Xədicənin səxavəti, fədakarlığı haqqında danışardı. Belə ki, Hz. Xədicə vəfat etsə də, Peyğəmbərimiz onun barəsində danışanda Hz. Aişə anamız qısqanardı.

Bir dəfə Rəsulullah (s.ə.s.) yenə Hz. Xədicənin yaxşılıqlarından danışırdı. Hz. Aişə də orada idi. Özünü saxlaya bilmədi və: “Həmişə Xədicədən danışırsınız. Halbuki Allah sizə ondan daha gənc və gözəl xanımlar vermişdir”, ‒ dedi. Peyğəmbərimiz belə buyurdu: “Xeyr, Allah ondan daha xeyirlisini mənə vermədi. Çünki hər kəs küfr içində olanda mənə iman edən o oldu. Hər kəs məni təkzib edəndə o təsdiq etdi. Hər kəs hər şeyi məndən əsirgəyəndə o, məni malına ortaq etdi. Və Allah mənə ondan uşaqlar lütf etdi”.

Nəticədə, Hz. Aişə anamızdakı Hz. Xədicəyə (r. anhə) qarşı olan qısqanclıq duyğusu tamamilə yoxa çıxdı. Bu sözünə görə xəcalət çəkdi və: “Ey Allahın Elçisi, səni peyğəmbər olaraq göndərən Allaha and olsun ki, bundan sonra Xədicə haqqında bizə danışmağını istəyirəm”, ‒ deyib Peyğəmbərimizin (s.ə.s.) könlünü aldı.[6]

Peyğəmbərimiz bu hədisi ilə qadınlar arasında Hz. Xədicənin məqamını ifadə edir: “Cənnət qadınlarının ən xeyirlisi Xədicə, Fatimə, Məryəm və Asyədir”.[7]

Allah onlardan razı olsun!


[1] Təbəqat, I, 131; İnsanül-Uyun, I, 224-227; Sirə, I, 200.

[2] “Əlaq” surəsi, 1-5.

[3] Müslim, İman, 252; İşarətül-İcaz, s. 164.

[4] Müslim, İman, 252.

[5] Buxari, Bədül-Xəlq, 145; Müslim, Fəzailüs-Səhabə, 71; əl-İsabə, IV, 282.

[6] Müslim, Fəzailüs-Səhabə, 74; əl-İsabə, IV, 283; Üsdül-Ğabə, V, 438.

[7] Üsdül-Ğabə, V, 437.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.