- Səhabələr - https://sehabe.meneviyyat.az -

Xalid ibn Səid (r.a)

Hidayət  nurunun kainatı işıqlandırdığı günlər idi. Haqq dini yeni-yeni təşəkkül edirdi. Müsəlmanların sayı bir əlin barmaqlarının sayını keçməyəcək qədər azdı. Səadət halqasının ilk mənsublarından biri olmaq Xalid ibn Səidədə nəsib oldu. Gördüyü sadiq bir yuxu ona gözəl bir işarət olmuşdu.

Yuxusunda özünü Cəhənnəmin kənarında olduğunu görür və sonra görür ki, atası onu Cəhənnəmə doğru itələyir. Rəsulullah isə onu belindən tutur və oda düşməkdən xilas edir. Həyəcan və təlaş içində yuxudan ayılır və “Vallahi bu yuxu haqqdandır, “– deyir. Ertəsi gün məsələni  Hz.Əbu Bəkirə danışır . Hz.Əbu Bəkir Xalidə belə deyir : “Allah xeyrini versin. Səni qurtaracaq olan insan Rəsulullahdır . Heç vaxt itirmədən onun yanına get və ona iman et. Ona tabe olsan onun birlikdə olacaqsan, yuxuda gördüyün kimi səni Cəhənnəmdən mühafizə edəcəkdir. Atan isə Cəhənnəmə girəcəkdir.”

Vaxt itirmədən Rəsuli-Əkrəmin yanına getdi və soruşdu : “Ey Məhəmməd sən insanları nəyə dəvət edirsən?” Xalidin İslama meyl etdiyini anlayan Peyğəmbərimiz (s.ə.s.): “Mən insanları Allahın birliyinə və mənim Onun peyğəmbəri olduğuma inanmağa dəvət edirəm. Eşitməyən, görməyən , heç bir zərər və fayda verməyən özünə ibadət edənləri də etməyənləri  də tanımayan daş parçalarına sitayiş etməməyə dəvət edirəm,”– deyə buyurdu.Bu dərəcə açıq həqiqətlər və heç eşitmədiyi sözlər qarşısında aciz qalan Xalid iman etdi.[1] Xalidin İslam dini qəbul etməsi Peyğəmbərimiz(s.ə.s.) çox sevindirdi. Daha sonra həyat yoldaşı Ümeyyədə müslüman oldu. Yeni müslüman olmanın həyəcanı ilə qohumlarını, dostlarını və ətrafındakı tanıdığı kimsələri İslama dəvət edirdi.

Məkkənin kimsəsiz bir yerində gizlincə namaz qılırdı . Atası, Məkkənin adlı-sanlı varlılarından biri olan Ebu Uhayha onun iman etdiyindən xəbər tutunca o biri qardaşlarını göndərib Xalidi yanına gətizdirdi. Həzrəti Xalidi yolundan döndərmək üçün çox dil töksə də, O: “Vallahi Məhəmmədin dini haqdır. Ölsəm də bu dindən əl çəkmərəm,”– deyib qətiyyətlə sözünün üstündə durdu. Bu sözdən əsəbləşən atası əlindəki dəyənək qırılana kimi oğlunu döydü. Üzü-gözü qanlar içində qaldı. Döymənin fayda vermədiyini görən atası bu dəfə: “Gözümə görünmə. Sənin dolanışığını, ruzini kəsəcəm, bundan belə bir şey verməyəcəyəm. Hara istəyirsən get”. Xalid də atasına:” Sən ruzimi kəssən də, Allah mənə ac buraxmaz. Ruzi verən sən deyilsən,” deyə cavab verdi. Bu sözlərdən hiddətlənən Əbu Uhayha onu dustaq edərək, günlərlə Məkkənin qovurucu istisində ac və susuz saxladı. [2] Daha sonra Həzrəti Xalid bir yol tapıb atasının əlindən qaçdı və uzun müddət onun gözünə görünmədi.[3]

İkinci Həbəşistan hicrəti başlayanda hicrətə ilk qatılan Həzrəti Xalid və xanımı oldu. On il Həbəşistanda qaldı. Hicrət yurdunda Səid adındakı oğlu ilə Ümmü Xalid adındakı qızı dünyaya gəldi.

Hicrətin 7-ci ilində Həzrəti Xalid, ailəsi və Həzrəti Əlinin qardaşı Cəfər ibn Əbu Taliblə birlikdə Həbəşistanı tərk etdilər. Həmin vaxt Xeybər müharibəsi cərəyan edirdi. Onlar Xeybərə çatanda artıq müharibə başa çatmışdı. Peyğəmbərimiz və səhabələr onları böyük bir sevinclə qarşıladılar. Döyüşə qatılmasa da Peyğəmbərimiz (s.ə.s) ona bir miqdar qənimət ayırdı. Həzrəti Xalid Bədir və Uhud müharibələrinə iştirak etmədiyi üçün çox məyus olmuşdu. Rəsulu Əkrəm Əfəndimiz onun könlünü almaq üçün belə dedi: “Başqaları bir dəfə hicrət etdi, amma sənə iki dəfə hicrətə etmək nəsib oldu. Bu da sənin mükafatındır”.[4]

Ərəb ədəbiyyatına və bəlağatına hakim olan Həzrəti Xalid Mədinəyə köçdükdən sonra Peyğəmbərimizin xüsusi katibliyini yerinə yetirirdi. O Peyğəmbərimizin lazım olan yerlərə göndərəcəyi məktubları yazır , müqavilə və görüşmələri qeyd edərdi. Hicrətin 9-cu ilində Taifdən gələn Bəni-Səqif qəbiləsi ilə danışıqların nəticəsini, Yəmən hökmdarına verilən əmannaməyi də Allah Rəsulu ona yazdırmışdır.

Həzrəti Xalid idarə işlərində qabiliyyətli və oxuma-yazması da yaxşı olduğu üçün Peyğəmbərimiz onu Yəmənə vali təyin elədi. Peyğəmbərimiz vəfat edənə qədər bu vəzifəni icra etmiş, vəfat xəbərini eşidincə də Mədinəyə qayıtmışdır.

Həzrəti Əbu Bəkir dövründə ortaya çıxan irtidad hadisələrinin və peyğəmbərlik iddia edən yalançılar probleminin həllində Həzrəti Xalidin əvəzsiz xidmətləri olmuşdur.

Xalid ibn Səid Əcnadin ,Fihl və Mərcus-Süfr fəthlərində iştirak etmişdir .İslam ordusu Fihli fəth edib, Mərcus-Süfrə keçdiklərində Bizans ordusuyla qarşılaşdılar. Həzrəti Xalid bir il öncə Yərmukda şəhid olan Həzrəti İkrimənin dul qalan xanımı Ümmü Hakimlə yeni evlənmişdi. Toyun səhəri düşmənin yaxınlaşdığı xəbərini eşitdilər. Mübarizə başlamışdı. Bizanslılar  ortaya bir adam çıxartdılar, onun qarşısına Xalid ibn Səid çıxdı və qısa müddət sonra şəhid oldu. Həyat yoldaşının şəhid olmağına dözməyən Ümmü Hakim zireh geyinib döyüşə qatıldı. Toylarının olduğu çadırın dirəklərini söküb düşmənə hücum etdi. Yeddi düşmən əsgərini öldürdü. Bu hadisə hicrətin 14-cü ili Məhərrəm ayında baş vermişdir.[5]

Allah hər ikisindən də razı olsun.



[1] İbn Sad, Təbəqat, 4/94; İbn Hacər, İsabə: 1/406

[2] İbn Sad, Təbəqat, 4/95

[3] İbn Sad, Təbəqat, 4/95;  Hələbi, İnsanul-Uyun: 1/282

[4] İbn Sad, Təbəqat 4/100; Üsdül-Ğabə, 2/38.

[5] İbn Sad, Təbəqat 4/99