Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Xalid ibn Vəlid (r.a)

Tarix: 15.05.2013 | Bu məqalə 2. 340 dəfə oxunub.

Mədinəyə çatanda onları ilk qarşılayan Xalidin qardaşı Vəlid oldu. Vəlid onlara dedi ki: “Rəsulullah sizin gəlişinizin xəbərini aldı, buna çox sevindi və indi sizləri gözləyir”.

Bu vaxt Allah Rəsulu ətrafındakı səhabələrə belə deyirdi:

‒ Məkkə can-ciyərlərini qucağımıza atdı.

Həqiqətən də yaxın bir vaxta qədər müşrik ordularının ilk sıralarında müsəlmanlara qarşı döyüşən bu igidlər indi haqqa təslim olmuş və beyət etmək üçün Peyğəmbərin hüzuruna gəlirdilər.

İki Cahan Peyğəmbəri onları təbəssüm və sevinclə qarşıladı . Əvvəl Xalid ibn Vəlid salam verdi və kəlmeyi-şəhadət gətirdi. Hər kəs həyəcanla Rəsulullahın nə deyəcəyini gözləyirdi. Və Dürrü-Yekta Əfəndimizin (s.ə.s.) dodaqlarından bu sözlər töküldü:

‒ Səni hidayətə gətirən Allaha həmd olsun. Sən ağıllı birisən. Allahdan bir arzum sənə xeyirli işlər gördürsün!

Xalid ibn Vəlid isə əvvəlki günahlarını xatırlayır və günahlarının bağışlanması üçün dua etməsini istəyirdi. Rəsuli-Əkrəm (s.ə.s): “İslam daha əvvəl etdiklərinin hesabını soruşmaz,” –cavabını verir. Xalid yenə də Rəsulullahın dua etməsini istəyirdi. Rəsulullah əllərini qaldırdı və dua etdi:

‒ Allahım! Xalidin insanları sənin yolundan döndərmək üçün indiyə qədər etdiyi bütün günahlarını əfv eylə.

Xalid ibn Vəlid daha sonra şücaəti və İslama göstərdiyi xidmətləri ilə Rəsulullahın bu təqdir və dualarına layiq olduğunu isbat edəcək və “Allahın qılıncı” ( Seyfullah ) adını alacaqdır.

Xalid ibn Vəlid cahiliyyə dövründə Qureyşin öndə gedənlərindən idi. Qureyşlilər ona süvari dəstənin komandiri kimi mühüm bir vəzifə vermişdilər. Müharibə taktikasını çox yaxşı bilirdi. Bu səbəblə Peyğəmbərimiz (s.ə.s.) Xalid kimi birinin müsəlman olmasını və gücünü İslam yolunda sərf etməsini çox arzulayırdı. Hətta bir dəfə belə demişdi: “Xalid kimi birinin İslamı bilməməsi və tanımaması qəbul edilə bilməz. Kaş ki o, igidlik və qəhrəmanlığını müsəlmanların yanında müşriklərə qarşı göstərsə, onun üçün necə də xeyirli olardı. Onu başqalarına dəyişməz üstün tutardıq”.

Bundan sonra Həzrət Xalid artıq gücünü Allah yolunda İslam düşmənlərinə qarşı istifadə edəcəkdi. Onun qatıldığı ilk mücahidə Mutə döyüşü oldu. Bu döyüşün səbəbi Peyğəmbər Əfəndimizin Rum qeysərinə göndərdiyi Haris ibn Umeyrin (r.a) Şam valisi Şurahbil ibn Amr tərəfindən şəhid edilməsi oldu. Bu hadisə Rəsulullaha çox pis təsir eləmişdi. Dərhal üç minlik bir ordu hazırladı. Orduya komandir Zeyd ibn Harisəni (r.a) təyin etdi. Gözünü üfüqə dikən Peyğəmbərimiz (s.ə.s.): “Əgər Zeyd şəhid olarsa, bayrağı Cəfər ibn Əbu Talib (r.a) alsın, o da şəhid olarsa, bu səfər bayrağı Abdullah ibn Rəvaha (r.a) qaldırsın, o da şəhid düşərsə, Allah qılınclarından bir qılınc orduya rəhbərlik etsin” – dedi. Həzrət Xalid orduya adi döyüşçü kimi qatılmışdı.

Mədinədən yola çıxan səhabələr bizanslılarla Mutədə qarşılaşdılar. Bizans ordusunun sayı yüz minə yaxın idi, həm də mükəmməl şəkildə silahlanmışdılar. Amma düşmənin çox olması və yaxşı silahlanması səhabələri qorxutmadı. Çünki onlar onsuz da şəhid olmaq arzusu ilə bu döyüşdə iştirak edirdilər və bu fürsəti fövtə vermək olmazdı. Heç tərəddüd etmədən Zeyd ibn Harisənin arxasında “Allah, Allah “ nərələri ilə hücuma keçdilər. Bir müddət sonra Həzrət Zeyd, sonra Həzrət Cəfər və daha sonra da Həzrət Abdullah qəhrəmancasına şəhid oldular. İslam ordusu başsız qalmışdı. Bizanslılar müsəlmanları sıxışdırırdılar. Bir çox səhabə şəhid oldu.

Bu vaxt Sabit ibn Əkrəm (r.a) döyüş bayrağını götürüb dağılan ordunu bir yerə toplamağa çalışırdı. “Ey müsəlmanlar! Aranızdan birini başçı olaraq seçin və onun ətrafına toplanın“ – deyirdi. Hər kəs onun başına toplaşdı. “Biz səni komandir seçdik“ – dedilər. Amma o buna razı olmadı və bayrağı Xalidə uzatdı. Həzrət Xalid əvvəl bunu qəbul etmək istəmədi, amma Sabit ibn Əkrəmin “Sən müharibənin üsulunu məndən daha yaxşı bilirsən” – deməyi ilə bayrağı əlinə aldı. Onsuz da, hər kəs Xalidin komandir olmasını istəyirdi.

Davamı: 1 2 3 4 5 6

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.