Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Xatib ibn Əbu Bəltəa (r.a.)

Tarix: 28.06.2013 | Bu məqalə 425 dəfə oxunub.

Başqaları ilə yumşaq davran. Çünki harada yumşaqlıq varsa, oranı gözəlləşdirir. Haradan yumşaqlıq çıxarılsa, ora çirkinləşər.

                                                                                                                                             Hədisi-Şərif    

Hz. Xatib Hicrətdən əvvəl Müsəlman oldu. Mədinəyə hicrət etdi. Müşriklərlə ilk döyüş olan Bədir müharibəsinə qatıldı. Böyük qəhrəmanlıqlar göstərdi. İlahi lütflərə məzhər oldu. Uhud döyüşündə də böyük qəhrəmanlıqlar göstərdi. Döyüş əsnasında “Rəsulullah öldürüldü!” xəbərini eşidən kimi dərhal Peyğəmbərimizi axtarmağa başladı. Nəha­yət, onu tapdı. Peyğəmbərimizin mübarək üzü yaralan­mışdı. “Kim etdi bunu?!” ‒ de­yə soruşdu. Rəsulullah (a.s.m.): “Utbə bin Əbu Vəqqas”, ‒ buyurdu. Hz. Xatib onun hansı tərəfə getdiyini soruşdu. Peyğəmbərimiz onun getdiyi tərəfi göstərdi. Nəhayət, Hz. Xatib Utbəni arxasınca yetişib öldürdü və dönüb Rəsulullaha xəbər verdi. Peyğəmbərimiz bu qəhrəman sə­habəsini təqdir etdi: “Allah səndən razı olsun, Allah səndən razı olsun!” ‒ deyərək dua etdi. [1]

Xatib (r.a.) Peyğəmbərimizlə birlikdə bütün əhəmiyyətli qəzvələrədə, Ridvan beyətində, Hudeybiyyə sülhündə də iştirak etdi.

Hz. Xatib Peyğəmbərimizə böyük bir sevgiylə bağlı idi. Onun uğrunda böyük fədakarlıqlar etdi. Hər əmrinə qeydsiz-şərtsiz itaət edərdi. Həmişə Rəsulullahın dilindən çıxan əmrləri hamıdan əvvəl etməyə can atardı.

Hicrətin 7-ci ili idi… Peyğəmbərimiz bir çox hökmdarlara elçilər göndərib onları İslama dəvət etmişdi. Misir hökmdarı Muqavqisə də bir elçi göndərmək istəyirdi. Bir məktub yazdı. Sonra da səhabələrə müraciət  edib: “Ey insanlar, savabını Allahdan ummaq şərti ilə bu məktubu Misir hökmdarına hansınız aparar?” ‒ bu­yurdu.

Xatib ibn Əbu Bəltəa da orada idi. Dərhal ayağa qalxdı. “Ya Rəsulallah, mən apararam!” ‒ dedi. Peyğəmbərimiz Hz. Xatibin dəvətinə dərhal razılıq etməsinə çox məmnun oldu. Ona belə dua etdi: “Ey Xatib, Allah bu vəzifəni sənə mübarək etsin!”

Hz. Xatib məktubu aldı, Peyğəmbərimizlə və səhabələrlə vidalaşdıqdan sonra evinə gəldi. Hazırlığını tamamladı, ailəsi ilə vidalaşdı, vaxt itirmədən də yo­la çıxdı.

Xatib (r.a.) gözəl danışan, məsələləri yaxşı izah edən bir səhabə və həmçinin yaxşı bir şair idi. İndi bu qabiliyyətindən bir hökmdarı İslamiyyətə dəvət etmək üçün istifadə edəcəkdi. Yol boyunca nələrdən danışa biləcəyini, necə hərəkət edəcəyini düşündü.

Uzun və yorucu bir səfərdən sonra Misirə çatdı. Lakin Muqavqis Misirdə yox idi. İsgəndəriyyə getdi. Çox gözlədilmədən hökmdarın hüzuruna çıxdı. Hökmdar məktubu açdı, oxutdurdu. Məktubun məzmunu belə idi:

“Bismilləhir-rahmənir-rahim. Allahın qulu və Elçisi Məhəmməddən qibtilərin böyüyü Muqavqisə.

Salam, hidayətə yetişən və doğru yolda olanlara olsun. Səni İslama dəvət edi­rəm. Müsəlman ol ki, salamatlıq tapasan, Allahın ikiqat mükafatına nail ola­san. Əgər dəvətimi qəbul etməsən, qiptilərin günahı sənin boyuna olsun! “Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” [2]

Məktub oxunub tamamlanınca Muqavqis Hz. Xatibə bəzi suallar verdi. Bunlardan biri belə idi:

‒ O, həqiqətən, peyğəmbərdirsə, onu öz yurdundan çıxaran qövmünə niyə bəddua etmədi?

Hz. Xatibin bu suala mükəmməl cavab verdi:

‒ Sən Hz. İsanın peyğəmbər olduğunu qəbul edirsən, düzdürmü? O, həqiqi peyğəmbər olduğuna görə qövmü onu çarmıxa çəkmək istəyəndə Allahdan onu səmaya qaldırıb yüksəltmək əvəzinə, qövmünü həlak etməsini istəyə bilməzdimi?

Bu cavab Muqavqisin xoşuna gəldi, Hz. Xatibi təqdir etdi. “Sən bir hakimsən, yerli yerində danışırsan. Hakim və yerli yerində danışan bir insanın yanından gəlirsən”, ‒ dedi. Sonra da suallarına davam etdi:

‒ Məhəmməd insanları nələrə dəvət edir?

‒ Tək Allaha ibadət etməyə, beş vaxt namaz qılmağa, ramazan ayında oruc tutmağa, həcc etməyə, verilən sözü yerinə yetirməyə, ölmüş heyvan əti və qan yeməməyə dəvət edir.

‒ Onun xarici görünüşü haqqında mənə danış.

Hz. Xatib Peyğəmbərimizin xarici görünüşü haqqında bir az məlumat verdi. Sözünü tamamlayanda Muqavqis: “Demədiyin bəzi şeylər qaldı. Onun gözlərində bir az qırmızılıq, kürəyində peyğəmbərlik möhürü var. Həmişə mərkəbə minər, xırmani geyər. Onu əmisi və  əmisi oğulları qoruyar”, ‒ dedi. Hz. Xatib: “Bəli, bunlar da onun vəsfləridir”, ‒ deyincə sözlərinə belə da­vam etdi:

‒ Mən İsadan sonra bir peyğəmbər göndəriləcəyini bilirdim. Lakin onun Şamdan çıxacağını sanırdım! Çünki əvvəlki peyğəmbərlər həmişə oradan çıxmışlar. Bununla yanaşı, Son Peyğəmbərin quraqlıq və yoxsulluq ölkəsi olan Ərəbistandan çıxacağını kitablarda oxumuşdum. Əlamətləri Al­lahın Kitabında yazılan Son Peyğəmbərin göndərilmə vaxtı məhz bu zamandır.

Biz onun əlamətlərini kitablarda “iki bacını bir nikah altında birləşdirməz, hədiyyəni qəbul edər, sədəqəni qəbul etməz, yoxsullarla oturub-durar” şəklində yazıldığını oxumuşuq. Bəli, həmin Peyğəmbər ölkələrə hakim olacaq. Ondan sonra səhabələri buralara qədər gəlib fəth edəcəklər. Bunları bilirəm. Lakin ona tabe olmağı təklif etsəm, xalq məni dinləməz! Səltənətimdən də ayrıla bilmərəm, bu barədə çox xəsisəm! Mən xalqıma bu haqda heç bir şey danışa bilmərəm.

Hz. Xatib Muqavqisin həqiqətləri bildiyini, buna baxmayaraq, səltənətinin əlin­dən çıxa­cağından qorxub iman etmədiyini görüncə kədərləndi. Axırda Muqavqisə təsirli bəzi tövsiyələr verdi: “Səndən əvvəl buralarda hökmdarlıq edənlərdən biri özünün böyük rəbb oldu­ğunu iddia etmiş və: “Mən sizin uca rəbbinizəm!” ‒ demişdi. Cənabı-Haqq o fironu dünya və axirət əzabıyla cəzalandırdı. Sən başqalarından ibrət götür, lakin özün başqalarına ibrət olma!”

Ancaq Muqavqisi razı sala bilmədi. Çünki onun gözünü səltənət ehtirası bürümüşdü.

Muqavqis orada qaldığı müddətdə Hz. Xatibə şərəfli qonaq kimi baxdı. Peyğəmbərimizə də məktub yazdı. Xeyli hədiyyə göndərdi. Göndərdiyi hədiyyələr arasında Peyğəmbərimizə xa­nım olma şərəfinə yüksələn Hz. Mariyə də vardı.

Uzun səfərdən sonra Hz. Xatib Mədinəyə çatdı. Hədiyyələri Peyğəmbərimizə təqdim etdi. Muqavqislə aralarında keçən söhbəti danışdı. Peyğəmbərimiz Muqavqis haqqında: “Yaxşı adam deyil! Səltənətinə qıya bilmədi. Üstündə titrədiyi səltənət ona qalmayacaq!” ‒ buyurdu.[3]

Hz. Xatib bu qədər gözəl xidmətləri ilə yanaşı, Hicrətin 10-cu ilində böyük səhvə yol vermişdi. Belə ki, Peyğəmbərimiz (a.s.m.) Məkkənin fəthi üçün böyük ordu hazırlayırdı. Lakin səfərin hara ediləcəyini gizli saxlayırdı. Xatibin (r.a.) Məkkədə qohumları vardı. Onlara olan şəfqət və mərhəmətindən Peyğəmbərimizin gizli saxladığı səfər xəbərini bir məktub yazıb Məkkəyə göndərdi. Lakin Peyğəmbərimiz vəhy yoluyla bundan xəbərdar oldu. Dərhal Hz. Əli və Zübeyr bin Avvamı (r.a.) yanına çağırdı və: “Tələsin. Filan yerə çatanda orada miniyin üzərində bir qadın görəcəksiniz, onda bir məktub var. Məktubu ondan alın və mənə gətirin”, ‒ di­yə əmr etdi.

Bu səhabələr Peyğəmbərimizin dediyi kimi etdilər, məktubu alıb Rəsulullaha gətirdilər. Bu səbəbdən səhabələr: “Ya Rəsulallah, Xatib Allah və Rəsuluna xəyanət etmişdir!” ‒ de­yib onun cəzalan­dırılmasını istədilər. Hətta öldürülməsini təklif edənlər də oldu… Peyğəmbərimiz Hz. Xatibi yanına çağırtdırdı. Məktubu göstərdi və: “Bunu tanıdınmı?” ‒ deyə soruşdu. Xatib (r.a.): “Bəli, tanıdım”, ‒ deyincə Rəsulullah (a.s.m.) bu işi nə üçün etdiyini soruşdu. Xatib belə cavabı verdi:

‒ Ya Rəsulallah, bu barədə haqqımda hökm verməkdə tələsməyin! Mən qureyşli deyiləm. Onların arasına başqa yerdən gəldim. Hal-hazırda qohumlarım onların arasındadır. O biri səhabələrin Məkkədə ailələrini və mallarını qoruyan qohumları var, mənimsə heç kimim yoxdur. Mən bunu onlara bir yaxşılıq edib minnət altında saxlamaq üçün etdim ki, qohumlarımı qorusunlar. Yoxsa mən dinimdən dönməmişəm… Ya Rəsulallah, vallah, mən Allaha və Rəsuluna iman etdim və dinimi də əsla dəyişdirmədim! Mən Müsəlman olduğum gündən bəri Allah haqqında heç bir şübhəyə düşmədim. Müşriklərdən ayrıldığım gündən bəri onlara heç bir sevgi bəsləmədim. Mən yaxşı bilirəm ki, mənim məktubum Cənabı-Haqqın onlara verəcəyi əzabdan qurtarmayacaq.

Peyğəmbərimiz onu dinləyəndən sonra səhabələrinə: “O, sizə düz dedi. Xatib haqqında xeyirdən başqa bir şey danışmayın”, ‒ buyurdu. Onu öldürmək istə­yənlərə: “O, Bədir döyüşündə iştirak etmişdi. Bədir döyüşündə iştirak edən bir insanı necə öldürmək olar?! Nə bilirsiniz, bəlkə də, Allah Bədir döyüşünə qatılanla­ra: “Siz istədiyinizi edin. Mən sizi bağışladım”, ‒ buyurmuşdur…” ‒ dedi. [4]

Bu hadisə ilə bağlı ayə nazil oldu. Cənabı-Haqq da Hz. Xatibin mömin olduğuna və xəyanət etmədiyinə şahidlik edirdi.[5]

Artıq səhabələrın Hz. Xatib haqqında mənfi düşüncələri qalmadı. Əsərlərində bu hadisəyə yer verən alimlər də bu hadisəni onu günahlandırmaq üçün deyil, Allaha və Rəsuluna olan bağlılığını göstərmək üçün nəql etdilər.

Hz. Xatib Hz. Əbu Bəkir dövründə də Misirə elçi kimi göndərildi. Muqavqislə bir razılaşma imzaladı. Hz. Ömər dövründə Misirin fəthinə qədər bu razı­laşma qüvvədə qaldı.

Xatib (r.a) Hicrətin 30-cu ilində Hz. Osmanın xilafəti dövründə Mədinədə vəfat etdi. Cənazə namazını Hz. Osman qıldırdı.

Allah onlardan razı olsun!

[1] Müstədrək, 3: 300-301

[2] “Ali-İmran” surəsi, 64

[3] İnsanul-Uyun, 3: 295-300; Təbəqat, 1: 260; əl-Bidayə, 4: 272

[4] Müsnəd, 1: 79-80, 105; İnsanul-Uyun, 3: 11-12

[5] “Mümtəhinə” surəsi, 1-9

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.