Səhabələr

Xeybər

 Və  Fəth

Bir tərəfdə isə qızğın döyüş gedirdi. Qılınclar çəkilmiş, Mərhabla Hz.Əli üz-üzə gəlmişdi. Bir-birini süzə-süzə həmlə edirlər. Xeybər önündə yalnız qılınc şaqqıltıları ilə qarşılıqlı meydan oxumalar eşidilir. Bu əsnada böyük bir gurultu qopur. Öldürücü zərbənin endirildiyini hər kəs anlamışdı. Nəticəni maraqla gözləyirdilər. Toz-duman dağılınca ayaq üstə duranın Hz.Əli olduğunu görən möminlər təkbir gətirməyə başlayır. Demə, ikiqat zireh geyən Mərhabın başına Zülfüqar (Hz.Əlinin qılıncı) enmiş və işini oradaca bitirmişdi!

Yasirdən sonra Mərhabın da öldürüldüyünü görən Rəsulullah (s.ə.s.) əshabına bu müjdəni verir:

– Sevinin. Xeybərin işi artıq daha asan!

Həqiqətən də, belə olur. Mərhabın ölümü ilə döyüş daha da qızışır. Xeybərlilər yıxılmaq üzrə olan qalalarını təslim etməmək üçün var qüvvələri ilə müqavimət göstərirlər. Bütün bunlara baxmayaraq, qalalar bir-bir təslim olur, təslim olduqca da o birililərinə doğru qaçır, burada özlərini qorumağa çalışırlar.

Döyüşlərin birində Hz.Əlinin qalxanı əlindən düşür. Ətrafına baxır, bu zaman gözü qala qapısına sataşır. Qapını bir əlinə alır. Qala fəth edilənə qədər qalanın qapısı qalxan kimi Hz.Əlinin əlində idi!

Müqavimətləri qırılan və arxa tərəflərdəki qalalara qaçan xeybərliləri Hz.Əli və əshab da təqib edir. Artıq "Allahu Əkbər" sədaları Xeybərə hakim idi. Təkbir sədaları ilə əməlli-başlı sarsılan xeybərlilərin qol-qanadı qırılmış, ediləsi bir şey qalmamışdı! Nə qədər digər qalalara  sığınmağa çalışsalar da, sonlarının gəldiyini görürdülər.

Razılaşma

Hər bir qala fəth edildikcə qənimət və əsirlər ələ keçirilirdi. Ancaq hələ də döyüşçülər təslim olmurdular. Döyüş davam edirdi. Bu vaxt Qazzal adlı bir nəfər qalaların birindən çıxıb Allah Rəsulunun (s.ə.s.) hüzuruna  gəlir. Bəzi məlumatlar vermək şərtilə ailəsinə aman istəyir:

– Ya Əbal-Qasım! Sən bir ay belə bu qalanı mühasirədə saxlasan da, onu ələ keçirə bilməzsən! Onların yer altı su kanalları var və gecələr gedib oradan su götürür, ehtiyaclarını təmin edirlər. Sonra da gəlib qalalarına sığınır, müqaviməti davam etdirirlər. Əgər Sən onların bu su yollarını kəssən, onda susuzluqdan həlak olarlar!

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Qəzzala da aman verir, onun gətirdiyi məlumatlar əsasında əshabını istiqamətləndirir, xeybərlilərin su yolunu da kəsdirir. Nəticə Qəzzalın dediyi kimi olur. Su ilə əlaqələrinin kəsilməsini görüb təşvişə düşürlər. Çünki bu, onların həyatla əlaqəsinin kəsilməsi demək idi.

Bu arada Rəsulullahın əmri ilə mancanaqdan da istifadə olunur. Xeybərlilərin düzəltdiyi bu alət indi onların öz başlarına daş yağdırırdı. Bu qarşılıqda bir ox da çovuyub Allah Rəsulunun (s.ə.s.) paltarına ilişir. O da yerdən bir ovuc qum götürüb xeybərlilər tərəfə sovurur. Və xeybərlilər zəlzələ olmuş kimi sarsılır, yerə sərilməyə başlayırlar.

Vatih və Sülalim qalalarını da mühasirəyə alıb xeybərliləri küncə sıxışdırınca artıq məhv olacaqlarını başa düşür və təslim olmaq qərarına gəlirlər. Kinanə ibn Əbil-Huqayq Şəmmah adlı adamını göndərib Rəsulullahla danışmaq istədiyini bildirir. Peyğəmbərimiz (s.ə.s.) də:

– Olar, – deyə razılıq verir.