Səhabələr

Xeybər

Bundan sonra Kinanə bir neçə  adamla Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir. Pərişan idilər. Sanki, nə etdiklərinin fərqinə indi varmışdılar. Veriləcək hökmə razı olmaqla yanaşı,  canlarını qurtarmaq hayında idilər. Buna görə də Allah Rəsuluna (s.ə.s.) müqavilə təklif edirlər.

Bu qədər məşəqqət və əziyyətdən sonra qalalarını fəth etdiyi halda, Allah Rəsulu (s.ə.s.) yenə də bu təkliflərə isti münasibət göstərir və məğlub etdiyi adamlarla bir saziş bağlamağa razılıq verir. Bu müqaviləyə görə:

1. Qalalarda vuruşan yəhudilərin qanı tökülməyəcək;

2. Yəhudilərin arvad-uşaqları əsir olmayacaq. Onlara ailələri ilə Xeybərdən və Xeybər ərazilərindən getmələrinə icazə veriləcək;

3. Gedərkən özləri ilə bir heyvan yükündən artıq əşya götürməyəcək, daşınan və daşınmaz bütün əmlakları, hərbi vasitə və ləvazimatları – üstlərində olanlar xaric – və qalalarda yığdıqları qumaşlar Allah Rəsuluna qalacaqdı.

4. Rəsulullaha təhvil verilməli heç bir şey gizlədilməyəcək, gizlətməyə təşəbbüs göstərənlər də  sözügedən himayə və amandan məhrum olacqdı.

Başçı Kinanə ibn Əbil-Huqayq bu maddələrə sadiq qalacaqlarına dair şəxsən söz verir. Onların xarakterini çox yaxşı bilən Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

– Əgər siz qənimət mallarından Mənə təslim etməli olduğunuz halda, nə isə gizlətmək istəsəniz, o zaman Allah Rəsulunun himayəsindən uzaq olacaqsınız, – deyə xəbərdarlıq etmə lüzumu hiss edir. Təbii ki, nəticəni görən Rəsulullah bu xatırlatma ilə xeybərliləri xilas etmək istəyirdi.

Eyni zamanda o gün mühüm məsələlərlə bağlı yeni hökmlər gəlir. Bu hökmlərə görə artıq eşşək əti yeyilməyəcək, bölgü olmamış qənimət mallarına əl vurulmayacaq, kəsici dişi olan hər bir yırtıcı heyvanın əti haram qəbul ediləcək və eyni zamanda əsir alınan qadınlara toxunulmayacaqdı.

Xeybərin qənimətləri

Həqiqətən də, Xeybər saysız-hesabsız yemək-içmək, qurudulmuş ət, hər cür meyvə, qoyun və dəvə, paltar və qumaş, silah-sursat, hərbi təchizatla dolu idi! Bunların hamısı müsadirə olunmuşdu və əldə edilən hər cür qənimət artıq müsəlmanlar arasında bölüşdürülməli idi. Əldə edilən qənimətlər arasında Tövrat nüsxələri də vardı. Yəhudilər kitablarının geri qaytarılmasını istəyirdilər. Allah Rəsulunun göstərişi ilə Tövrat nüsxələri sahiblərinə qaytarılır.

Əldə edilən qənimətlər arasında içki dolu küplər də var idi. Bundan xəbər tutan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) dərhal küplərin sındırılmasını əmr edir və illərlə saxlanmış içkilər sel olub Xeybər küçələrində axır. Bu vaxt Abdullah ibn Hammar dözə bilməyib bu içkilərdən içir. Onun bu davranışı birinci dəfə deyildi və Allah Rəsulu nəfsinə hakim ola bilməyib açıq-aşkar haramı içən həmin səhabəyə cəza verir. Əvvəlcə özü çarıqlarını çıxarıb onu vurur və ardınca da səhabələr çarıqları ilə Hz.Abdullahı vurmağa başlayır.

Bu əsnada Hz.Ömərin: "Allahım! Ona lənət et, çünki o, içki içməyi və içki içəndən sonra döyülməyi adətə çevirdi!" – deyə səsini eşidirlər.

Onun bu sözlərini Allah Rəsulu (s.ə.s.) da eşidir və dərhal:

– Ey Ömər! Elə demə. Şübhəsiz ki, o, Allah və Rəsulunu sevir, – buyurur.

Hər məsələyə həssaslıqla yanaşan əshab içində içki içilən və içərisinə halal olmayan müxtəlif növ yeməklər qoyulan, mis və dəmir qablar barədə nə edilməsini soruşurlar. Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

– Onları yuyub yeməklərinizi bişirin! – buyurur. Əshab hər addımda Ondan bir şey öyrənirdi.

Feyrə ibn Amrı qənimətlərin başında məmur təyin edən Allah Rəsulu (s.ə.s.):

– Bölgüsü aparılmadan qənimət mallarından götürdüyünüz bir iynə və ya sap belə olsa, geri qaytarın. Çünki qənimət mallarına xəyanət etmək çox böyük günahdır və qiyamət günündə atəş deməkdir, – deyə bölgü olmadan qənimət mallarından götürməməyin vacibliyini elan edir.

Ancaq səhabələr və onların heyvanlarının qida ehtiyacının təminatı üçün müəyyən miqdara icazə verilir. Məsələ o qədər incə, o qədər ciddi idi ki, bu mallara nəzarət edən Hz.Fevrə qənimət malından bir bez parçası götürüb günəşdən qorunmaq üçün başına bağlamış və Rəsulullahın (sallallahu əleyhi və səlləm):

– Cəhənnəmin atəşindən bir parçanı başına bağlamısan, – deyə xəbərdarlığından sonra min dəfə peşman olub onu da təhvil vermişdi. Rəsulullahdan (s.ə.s) qənimət istəyənə:

– Qənimət bölgüsü olmadan Mənə nə bir iynə, nə də bir sap halaldır! Ondan nə özüm bir şey götürə bilərəm, nə də başqasına bir şey verə bilərəm, – deyə cavab verir, o gün dəvəsini bağlamaq üçün ip istəyən bir nəfərə bunun ancaq mallar bölüşdürüldükdən sonra mümkün olacağını bildirir.