Səhabələr

Xeybər

Peyğəmbərimiz (s.ə.s.):

– Bu, sənə bölüşdürdüyüm qənimətdən düşən hissədir, – deyə cavab verir. Bunun cavabında Əbu Dayyah şəhadət barmağı ilə boğazını göstərib:

– Mən buna görə gəlib Sənə iman etmədim, buramdan bir ox dəysin, cənnətə girim deyə iman edib Sənə tabe oldum, – deyir. Onun bu səmimi və qürurlu çıxışını görən Allah Rəsulu (s.ə.s.):

– Əgər sən sözündə doğrusansa, Allah da səni doğrular, – deyə cavab verir.

Görünür, bu şəxsin dünya malında gözü yox idi və qılıncını götürüb hələ də davam edən mühasirəyə qoşulur. Nəhayət, boğazından ox yarası alıb şəhid olan bir nəfər Rəsulullahın hüzuruna gətirilir:

– Bu, odurmu? – deyə soruşur.

Ox Əbu Dayyahın dediyi və əli ilə göstərdiyi yerə saplanmışdı. Məsələyə vaqif olanlar:

– Bəli, – deyə cavab verirlər.

Allah Rəsulu (s.ə.s.):

– O, doğru deyirdi. Allah da onun sözlərini təsdiq etdi, – buyurur.

Daha sonra onu öz cübbəsinə bükür, cənazə namazının qılınması üçün insanların qarşısına qoyur, namazını da özü qıldırır. Namazdan sonra onun üçün dua edir: "Allahım! Bu, Sənin qulun və Sənin başqa bir qulunun oğlu idi. Sənin yoluna mühacir kimi çıxmışdı və şəhid olaraq son nəfəsini verdi! Bunun şahidi Mənəm!"

Xəzinə

Eyni zamanda Xeybərdə Huyeyy ibn Ahtabın dillərdə dastan xəzinəsinin olması da məlum idi. Halbuki ələ keçirilən qənimətlər arasında qızıl və gümüşdən ibarət bir xəzinəyə rast gəlinməmişdi. Bəni-Nadir yəhudiləri yurdlarını tərk edib Xeybərə gedərkən Əbu Rafi Səlləm ibn Əbil-Huqayq içində qızıl, gümüş və digər qiymətli zinət əşyalarının saxlandığı dəvə tuluğunu göstərərək:

– Bu, bizim dünyanı alçaldıb-yüksəltmək üçün hazırladığımız şeydir, – söyləmiş və bunlar sayəsində bir gün əvvəlki qazanclarını əldə edəcəklərinə ümid bağladığını demişdi. Çünki bu xəzinə yalnız Əbu Rafiyə aid deyildi, baba Əbil-Huqayq xanədanından bu yana yığılmış bir əməyin nəticəsi idi. İlk vaxtlar qoyun dərisinə sığan bu xəzinə illər keçdikcə artmış və əvvəlcə inək, sonra isə dəvə dərisinə sığmaz olmuşdu.

Toy edərkən Məkkə əyan-əşrəfi bu xəzinəyə müraciət edər, girov qoymaq şərtilə bir aylığa istədiyi qədər cəvahirat alar, işini bitirdikdən sonra da yenə gəlib onları təhvil verərdi. Bir dəfə də bu əşyaların bir hissəsi itirilmiş və onu itirən şəxs bunun əvəzinə on min qızıl ödəmək məcburiyyətində qalmışdı. Xülasə, bu xəzinənin şöhrəti dillər əzbəri idi.

İndi isə xeybərlilər bununla bağlı müqavilə mətnində ağır cəzalar olmasına və onu da qəbul etmələrinə baxmayaraq, həmin xəzinəni ortaya çıxarmaq istəmirdilər. Buna görə də o gün üçün Əbul-Huqayq xanədanını təmsil edən Kinanə ibn Rabi, onun qardaşı və əmisi oğlu Rəsulullahın hüzuruna gətirilir. Verilən sözə açıq-aşkar xəyanət edilmişdi və Allah Rəsulu onlara:

– Ey Əbul-Huqayq oğulları, – deyə səslənir, – Mən sizin Allah və Rəsuluna qarşı duyduğunuz düşmənçiliyi bilirəm. Bununla birlikdə sizin bu düşmənçiliyiniz adamlarınıza verdiyim aman və himayəni sizə də verməyə əngəl olmamışdır. Qənimət mallarından hər hansı bir şeyi məndən gizlətməmək və qaçırtmamaq şərtilə bu amanı sizə də vermişəm! Siz də bilirsiniz ki, Məndən bir şeyi gizlətsəniz, bizə sizin qanınızı tökmək halal olar, Allah və Rəsulunun aman və himayəsindən uzaq qalarsınız!  İndi söyləyin, görüm sizi Mədinədən qovub çıxardığımız zaman özünüzlə gətirdiyiniz, zaman-zaman məkkəlilərə əmanət olaraq verdiyiniz zinət əşyaları ilə nəğd pullarınız haradadır?

Məsələ qızıl və gümüşü əldə etmək deyil, adamların ikiüzlülüyünü ortaya çıxarıb daha sonrakı təhlükələrinə əngəl olmaq, yenidən güc toplayıb müsəlmanlara zərər vermələrinin qarşısını almaq idi. Ancaq adamlar yalançılıqda da mahir idilər və:

– Ey Əbal-Qasım, – deyirlər, – biz onları döyüşlərimizə xərclədik. Vallah, onlardan əlimizdə heç nə qalmadı! Bizi Mədinədən qovub çıxardığın zamandan bəri elə onlarla keçinirik. Döyüşlər və məişət ehtiyacları onların hamısını əridib tükətdi. Onlardan heç nə qalmadı!

Göz görə-görə yalan söyləyirdilər. Allah Rəsulu (s.ə.s.) da bu hərəkətlərin onlara çox baha başa gələcəyini xatırladır. Bunun üçün əvvəlcə:

– Söylədiklərinizə diqqət edin, – buyurur, – o gündən bu yana keçən zaman az, ancaq gizlədilən mal xeyli çoxdur. Az zamanda bu qədər mal necə tükənə bilər? Nə deyirsiniz, bu xəzinəni gizlətdiyiniz tapsam, o zaman Allah və Rəsulunun sizə verdiyi himayə və aman sözü ləğv olunsunmu?