Səhabələr

Xeybər

Rəsulullahı (s.ə.s.) zəhərləmə təşəbbüsü

Allah Rəsulu (s.ə.s.) hələ Xeybəri tərk etməmişdi. Ehtimal olunan problemlərin qarşısını almaq və yeni vəziyyətə görə lazımi addımlar atmaq üçün hələ bir müddət burada qalmağa qərar vermişdi. Bu, xeybərlilərin də iştahasını artırmış, asan bir yolla Allah Rəsulunu öldürmək üçün plan qurmuşdular. Ər meydanında bacara bilmədikləri "düşmən"lərini şeytani bir planla arxadan xəncərləmək istəyirdilər. Bu xain planla təkcə Allah Rəsulunu deyil, eyni zamanda Onun ən yaxın adamlarını öldürməklə böyük bir "uğur"a  imza atmış olacaqdılar!

Bunun üçün də Safiyyə validəmizin Rəsulullaha yaxınlığınadan istifadə etmək istəyirlər. Oturub danışır, bu işi Zeynəb binti Harisə həvalə edirlər. Çünki Səlləm ibn Mişkəmin də xanımı olan Zeynəb binti Haris Xeybərdə öldürülən əri Səlləm, atası Haris, qardaşı Mərhab və əmisi Yəsarın intiqamını almağa can atırdı.

Razılaşdıqları kimi, tezliklə bir keçi kəsdirir, onu Allah Rəsuluna göndərirlər. Hətta Onun qoyunun qabaq qolunu xoşladığını öyrənir, bu hissəyə daha çox zəhər vurur. Və beləcə, Allah Rəsulunu (s.ə.s.) qısa yolla öldürmə planını həyata keçirməyə başlayırlar.

Peyğəmbərimiz axşam namazını qıldıqdan sonra qonaq otağında oturmuşdu. Bu vaxt Zeynəb binti Haris gəlir və qızardılmış zəhərli keçini qoyduğu məcməyini göstərib:

– Ya Əbal-Qasım, – deyə səslənir, – Sənə bunu hədiyyə edirəm!

Bu qədər yorğunluqdan sonra belə bir ziyafət əshabın da xoşuna gəlmişdi! Qızarmış keçi əshabın qarşısına qoyulur. Ona ilk uzanan, əlbəttə, Rəsulullahın əli olacaqdı və elə də olur.

Əlini qızarmış keçinin qabaq qoluna uzadan Allah Rəsulu onu mübarək ağzına aparanda ortada bir qəribəlik hiss edir. Bəlkə də, bunu Cəbrail bildirmişdi və dərhal əlini çəkərək:

– Dayanın, buna əl vurmayın. Əlinizdəkiləri də atın, – buyurur.

Hamı donub qalır. Hər kəs bu ani dəyişikliyin səbəbini bilmək istəyir. Allah Rəsulu məsələyə aydınlıq  gətirir:

– Şübhəsiz ki, bu keçinin qabaq qolu Mənə zəhərləndiyini söyləyir, – buyurur.

Böyük bir fəlakətin astanasından dönürlər. Ancaq hamı eyni vəziyyətdə deyildi. Belə ki, səhabə Bişr ibn Bəra ətdən bir tikə dişləmiş, çeynəyib udmuşdu. Allah Rəsulunun xəbərdarlığından sonra onu çıxarmaq istəsə də, zəhər öz təsirini göstərir və Hz.Bişrin rəngi göyərməyə başlayır. Zəhər o qədər qüvvətli idi ki, Hz.Bişr elə oradaca canını tapşırır![18]

Allah Rəsulu bu "ziyafət"i vermək istəyən qadını çağırtdırır  və:

– Bu keçini sən zəhərlədin? – deyə soruşur. Məsələnin üstü açılmış, zəhər işə yaramamışdı. Plan quranların heç biri gəlib xəbər verə bilməzdi və qadın:

– Bunu Sənə kim xəbər verdi? – deyə suala sualla cavab verir.

– Bu əlimdəki qabaq ayaq, – deyə Rəsulullah cavab verir.

Ancaq hələ ilk sualının cavabını almamışdı Rəsulullah və gözləyirdi. Başqa bir çıxış yolunun olmadığını görən qadın:

– Bəli! Mən etdim, – deyə cavab verir. Günahkar tapılmışdı, amma bunu nə üçün etdiyi də öyrənilməli idi.

– Səni belə bir işə nə vadar etdi? Bunu niyə etdin? – deyə Allah Rəsulu  (s.ə.s.) soruşur. Ortada yenə xain bir yəhudi zəkası var idi və qadın bunları söyləyir:

– Qövmümün başına gələnləri bilirsən. Onlara edəcəyini etdin! Öz-özümə dedim ki: "Əgər O, bir məlikdirsə, Ondan canımızı qurtarmış olacağıq. Ancaq həqiqətən, bir Nəbidirsə, onsuz da bundan xəbər tutacaq və qutrulacaqdır!"

Bütün bunlara baxmayaraq, Allah Rəsulu qadını əfv edir. Çünki O (s.ə.s.), şəxsinə qarşı işlənilən günaha görə intiqam almazdı. Hətta səhabə:

– Onu öldürəkmi? – deyə soruşacaq və Rəsulullah da:

– Xeyr, – deyəcək, – ona nə toxunulacaq, nə də işgəncə veriləcək, – buyuracaqdı!

Ancaq Bişr ibn Bəranın şəhid olması hər şeyi dəyişdirəcəkdi. Bundan sonra  Allah Rəsulu onun qanına əvəz olaraq qadını Hz.Bişrin yaxınlarına verəcək və onlar da bu uğursuz qadını qisas olaraq öldürəcəkdi.[19]