Səhabələr

Xeybər

Xeybərin yeni qonaqları

Allah Rəsulu Xeybər qalalarını fəth etmiş və bununla daim Mədinəni təhdid edən bir düşmən də əzilmişdi. Əlbəttə, məsələ ancaq Xeybərdən ibarət deyildi. Ətrafa təhdid yağdıran digər ünsürlərin də üstünə gediləcək və bu cəhətdən ehtimal olunan təhlükələr aradan qaldırılacaqdı.

Elə bu əsnada Məkkənin od püskürdüyü dönəmlərdə Həbəşistana hicrət edən Hz.Cəfər və yoldaşları Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir. İllərin ayrılığı, həsrəti sona çatmış, bu vüslət məqamı duyğu seli ilə süslənirdi. Asan deyil, on beş ilə yaxın idi ki, bir-birilərini görməmişdilər! Bir anda Xeybərin ab-havası dəyişir, ortalıq bayrama dönür!

Rəsulullaha doğru yeriyən Hz.Cəfər Ona duyduğu hörmət və sayğıdan ayağını yerə basa bilmirdi. Allah Rəsulu da qollarını açıb onu gözləyirdi. Nəhayət, qucaqlaşmış və illərin həsrətinə son qoymuşdular. Qardaşı oğlunun alnından öpən Allah Rəsulu:

– Vallah, nəyə sevinəcəyimi bilmirəm. Xeybərin fəthinə, yoxsa Cəfərin gəlişinə? – deyir və bu sevincini əshabı ilə də bölüşür.

Onlarla birlikdə gələnlər arasında Əbu Musa əl-Əşarinin də daxil olduğu əllidən çox mömin var idi. Bu möminlər Yəməndən yola çıxmış, gəmi ilə Həbəşistana getmişdilər. Burada Hz.Cəfərlə qarşılaşınca Mədinəyə birlikdə dönmək qərarına gəlmişdilər. Həbəşistan hökmdarı Nəcaşinin verdiyi gəmilərlə Ərəbistan yarımadasına çatmışdılar.[20]

O gün Xeybərə gələnlər arasında Devs qəbiləsindən səksən ailə da vardı; müsəlman olub Mədinəyə qədər gəlmişdilər və Siba ibn Urfutanın rəhbərliyində səhər namazını qıldıqdan sonra Rəsulullahın burada olduğunu öyrənmiş, Ona qovuşmaq həyəcanı ilə  Xeybərə yönəlmişdilər. Daha sonralar "Əbu Hureyrə" adı ilə məşhurlaşan Abdüşşəms də onların arasında idi.[21]

Xeybər öz yeni müsafirlərini qarşılayırdı. Rəsulullah (s.ə.s.) Xeybərə qədər gələn bu insanlara da qənimətdən pay ayıracaq,  onları da bölgüdən məhrum etməyəcəkdi.

Əmin-amanlıq dairəsi genişlənir

Digər tərəgdən Allah Rəsulu Muhayyısa ibn Məsudu Fədək xalqının yanına göndərmiş, onları da İslama dəvət etməyi tapşırmışdı. Çünki bəzən onlardan da müxtəlif xəbərlər gəlir və Mədinəyə hücum planları qurmaları barədə söz-söhbət gəzirdi.  Fədəkə gələn Hz. Muhayyısa onları İslama dəvət edir və orada iki gün qalır. Ancaq Fədək əhli bu işə müsbət yanaşmır: Xeybərin Müsəlmanları məğlub edəcəyi günü gözləyir. Hətta bir fədəkli irəli çıxıb:

– Natatda Amir, Yasir, Haris və yəhudilərin ağası Mərhab kimi adamlar var. Məhəmmədin onların çınqıllığına yaxınlaşa biləcəyini belə sanmırıq! Qaldı ki, orada on min əsgər var, – deyir.

Demək ki, bunlar xeybərlilərin qalib gələcəyi zamanadək qarşı tərəfin başını qatmaq, nəticə məlum olanacan ləngitmək taktikasını tətbiq edir və Hz.Muhayyısanı boş yerə məşğul edirdilər. Bunu görən Hz.Muhayyısa bir dəfəlik geri dönmək  qərarına gəlir.  Bu dəfə də fədəklilər:

– Biz səninlə birlikdə müqavilə bağlamaq üçün adam göndərəcəyik, – deyir və bir qədər gözləməsini istəyirlər. Taktika davam edirdi!

Elə bu vaxt Xeybərdən Fədəkin gözləmədiyi xəbərlər gəlir. Qalalarla bərabər güvəndikləri qəhrəmanlar da bir-bir diz çökmüşdü! Bu xəbərlər onların qol-qanadlarını qırır və dərhal fikirlərini dəyişirlər. Yeni  vəziyyətdə yeni taktika seçməli, ən az zərərlə bu işin içindən çıxmalı idilər. Bu idi onların düşüncəsi...

Bu dəfə Nun ibn Yuşanın başçılığı altında bir heyətlə yola düşür və Rəsulullahla sülh imzalamaq üçün Xeybərə gəlirlər. Canlarının təhlükəsizliyi əvəzində, el-obalarında bir çöp də qoymadan yurdlarını tərk etməyi təklif edirlər. Ancaq Allah Rəsulu bunu qəbul etmir. Hətta onların bu hərəkətini görən Hz.Muhayyısa:

– Əlinizdə döyüşəcək adamlarınız, sığınacaq qalalarınız, sizi qoruyacaq bir gücünüz olmaya-olmaya bu nə iddiadır? Əgər Rəsulullah sizə yüz adam göndərsə, hamınız qarşısında sıraya düzülüb təslim olarsınız, – deyir, onlara həddini bildirir.

Əvvəlki yandaşlarının başına gəldiyi kimi, israr etməyin baha oturacağını anlayan fədəklilər mallarının yarısını müsəlmanlara vermək şərtilə anlaşmaq məcburiyyətində qalırlar. Bu razılaşmaya görə Fədək ərazisinin yarısı Allah Rəsulunun nəzarəti altında olacaq və bu ərazidən istifadə etmək əvəzində də fədəkilər məhsulun yarısını Rəsulullaha verəcəkdilər.[22]

 Xeybərə vida

Artıq Xeybərin işi bitmişdi. İki aya yaxın[23] davam edən mühasirə və döyüş nəticəsində müsəlmanlardan iyirmi səkkiz[24] nəfər şəhid olmuşdu. Xeybər tərəfdən isə doxsan üç nəfər öldürülmüşdü.

Təqvim cəmaziyəl-axir ayını göstərirdi. Xeybərdəki işlər yoluna qoyulmuş, artıq getmək vaxtı çatmışdı. Allah Rəsulu da Xeybərdən Mədinəyə doğru hərəkət edir. Vadil-Qura istiqamətində irəliləyir. Çünki burada olan Vadil-Qura və Teyma yəhudiləri xeybərlilər kimi bəni-qureyzəlilərin cəzalandırılmasından sonra bir-birilə ittifaq bağlamış, Mədinəyə hücum edəcəkləri təqdirdə birlikdə hərəkət etmək qərarına gəlmişdilər.

Günəşin batmasına yaxın Vadil-Quraya çatırlar və Allah Rəsulu ilk olaraq onları İslama dəvət edir. Ancaq onlar sözdən anlamaq niyyətində deyildilər və dəvətə oxla cavab verirlər. Buna görə də Allah Rəsulu (s.ə.s.) əshabını döyüşə hazırlayır. Bayraq Sad ibn Ubadəyə verilir, əshab da döyüş vəziyyətini alır. Buna baxmayaraq, Allah Rəsulu bir daha onlara səslənir, təkrar İslama dəvət edir. Bu dəvəti qəbul etdikləri təqdirdə mal və canlarının təhlükəsizliyinə təminat veriləcəyini bildirir, qəlblərindəki niyyətlərin hesabını isə Allaha verəcəklərini xatırladır.