Səhabələr

Xeybər

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bütün bu baş verənləri yaxından izləyirdi. Vəziyyəti dəqiqləşdirmək və əmin olmaq məqsədi ilə əshabından üç nəfəri təlimatlandırıb Xeybərə göndərir. Nəticə eşitdiklərini, təxminlərini təsdiq edirdi. Xeybərlilərdən  Mədinəyə qədər gələn Xaricə ibn Huseyl kimilərin nəbzi də eyni ritmlə vururdu. Sanki, Hudeybiyyə günü nazil olan ayələrlə vəd edilən bolluğun və fəthdən əvvəlki qənimətin[1] nə olacağı aydınlaşmağa başlamışdı.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) səhabələrinə hazırlıq görülməsini əmr edir.  Bununla yanaşı bildirir ki, heç kim Xeybərin dünya nemətləri ilə zəngin olmasına görə hərəkət etməsin, onsuz da bu niyyətlə yola çıxanlara qənimət verilməyəcək.

Müqavilə bağladıqları üçün Mədinədə müsəlmanlarla birlikdə yaşayan yəhudilər Rəsulullahın (s.ə.s.) Xeybər üzərinə yerimə niyyətini sezir, təşvişə düşür. Möminləri çətin vəziyyətə salmaq niyyət ilə vaxtı çatmasa da, borclarının geri qaytarılmasını tələb edirlər. Hətta Abdullah ibn Əbi Hadrəd kimi insanlar Xeybərdən qabaq borclarını ödəmək üçün  əyinlərindəki paltarlarını belə satmaq məcburiyyətində qalmış, döyüşə də əmanət paltarla getmişdilər! Yola çıxmaq üçün heç bir imkanı olmayan Əbu Abs ibn Cəbrə də şəxsən Allah Rəsulu  (s.ə.s.) yardım etmişdi.

Xeybərin fəthini qeyri-mümkün hesab edən Mədinədəki yəhudilər orada olan qalalar, bol sular, müxtəlif növ meyvələr və döyüşçülərin cəsarəti haqqında danışır və möminlərin  əhvali-ruhiyyəsini sarsıtmağa çalışırdılar.

Bütün bunlara baxmayaraq, Allah Rəsulu iki yüz süvari və min altı yüz piyada döyüşçü ilə Mədinədən hərəkət başalryır. Hədəf Xeybər idi. Rəsulullah Mədinədə öz yerinə Siba ibn Urfutanı təyin etmişdi.[2]

Bu yolçuluq zamanı Müsəlman ordusuna on nəfər mədinəli yəhudi də qatılır. Bundan başqa yaralılara yardım etmək, ip əyirmək, yemək hazırlayıb su daşımaq və lazım gələrsə, döyüşdə möminlərə kömək olmaq üçün iyirmi nəfərə yaxın da xanım səhabə var idi.

Yola çıxmazdan əvvəl Allah Rəsulu döyüş hazırlığı keçə bilməmiş insanlar və minik heyvanları dəlisov olanların gəlməməsi təlimatını verir. Bu qərarı insanlara Bilal Həbəşi elan edir! Hətta bu ərəfədə bir nəfərin atı gecənin qaranlığında hürküb şahə qalxır və atın sahibi də atdan yıxılıb ayağı qırılır. Qan itirən səhabə çox keçmədən oradaca ölür!

Hadisəni eşidən Allah Rəsulu (s.ə.s.) üzünü Bilal Həbəşiyə tutur və:

– Ey Bilal, – deyə səslənir, – sən xalqa: "Minik heyvanı dəlisov olanlar da savaşa gəlməsinlər," – deyə xəbərdarlıq etmədinmi?

– Bəli, xəbərdarlıq etdim, – deyə cavab verir Hz.Bilal. Çünki o, elanı çatdırmış, atdan yıxılan bunu dinləməmişdi. Görünür, Allah Rəsulu camaatı arasında nizam-intizamı təmin etmək istəyirdi. Ona görə də həmin adamın cənazə namazını da qıldırmır və Hz.Bilala dönüb üç dəfə:

– Söz dinləməyən kimsəyə cənnət halal olmaz, – buyurur.

Uqqaşə ibn Mihsan və Abbad ibn Bişr müxtəlif istiqamətlərdən kəşfiyyat məqsədi ilə göndərilmiş, səfər zamanı Huseyl ibn Xaricə[3] və Abdullah ibn Nuaym adlı iki nəfər muzdlu bələdçi də tutulmuşdu. Rəsulullah hər yol ayrıcında qarşılarına çıxan məkanın adını soruşur və yerin adının mənasına görə ikisindən birini seçirdi. Əsasən, gecələr yol gedirdilər. Rəsulullah əshabının yüksək səslə təkbir gətirməsini istəmirdi:

– Sizin dua etdiyiniz Allah nə kardır, nə də kor. Şübhəsiz ki, siz ən çox eşidən və ən yaxın olan Allaha dua edirsiniz, – deyir və yolu səssiz getmələrinə çalışırdı.