Səhabələr

Xeybər

Allah Rəsulunun (s.ə.s.)  xəstəliyi

Bir tərəfdən Xeybərin mühasirəsi davam etdiyi bir vaxtda  Rəsulullah xəstələnmişdi:  əshab arasına çıxmırdı. Görünür, ilahi qədər (tale) əshabı çətin şərtlərə hazırlayırdı. Rəsulullah Hz.Əbu Bəkri hüzuruna çağırıb ağ bayrağı ona verir. Və Artıq Xeybər önündəki Müsəlman ordusunun sərkərdəsi Hz.Əbu Bəkir idi.

O gün də axşam olur, ancaq bir nəticə alınmır. Sanki, günlər bir-birindən  fərqlənmirdi. Səhər erkəndən başlayan ox yağışı axşam saatlarında kəsilir və ertəsi gün yenə eyni şeylər təkrar olunurdu.

O gün səhər Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hüzuruna Hz.Öməri çağırıb bayrağı ona verir. O biri gün ənsardan birinə verilən bayraq hər gün əldən-ələ dəyişir!

Bəzən əlbəyaxa çarpışmalar da olurdu. Fürsət tapan kimi qaladan çıxan bəzi dəstələrlə əshab qarşı-qaşıya gəlir və biri o birini geri oturdana qədər mücadilə davam edirdi.

Havaların çox isti keçir, bəzi səhabələr də zaman-zaman kölgəliyə çəkilib dincəlirdi. Mahmud ibn Məsləmə də Naim qalasının kölgəsinə çəkilib dincəlmək istəyir. Bunu görən yəhudi Mərhab onun üstünə dəyirman daşını diyirləyir və daş dəbilqəsini də əzib başını ağır zədələyir. Şəfqət insanı Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yenə özünü köməyə çatdırır və onun üzündən qopan dərisini yerinə qoyub bezlə bağlayır.[8]

Xeybərin məşhur sərkərdəsi Mərhab qılıncını havada oynadaraq Naim qalasından çıxır və döyüşməyə bir igid istəyir. Amir ibn Əqva onun qarşısına gəlir. Ancaq Mərhab cəld tərpənir və dalbadal endirdiyi qılınc zərbələri ilə onu şəhid edir.[9]

Günlərin birində Hz.Amirin qardaşı Sələmə ibn Əqva da ayağından yaralanır. Allah Rəsulu ona üç dəfə üfürüb dua oxuyur və bundan sonra Hz.Sələmə bir daha yarasında ağrı hiss etmir.

Bu arada bir çox səhabə xəstələnir. Aclıqdan əziyyət çəkir, çarəsiz qalıb kal xurma yeyirdilər! Bu vəziyyəti görən Allah Rəsulu (s.ə.s.) onlara tövsiyə edir:

– Bir qədər suyu tuluqda soyudun və azanla iqamə arasında Allahın adını anıb "bismillah" deyərək başınızdan aşağı tökün!

Onun dediyi kimi, suyu başından aşağı tökən səhabələr xəstəlikdən qurtulur!

Düşmən qüvvələrini dağıtma cəhdləri

Bir aralıq Allah Rəsulu (s.ə.s.) xeybərlilərə kömək edən Qatafanı bu yoldan çəkindirməyə çalışır. Bunun üçün səhabə Sad ibn Ubadəni daha öncə aralarında anlaşma olan qatafanlıların rəhbəri Uyeynə ibn Hisnin yanına göndərir. Qalaya yaxınlaşan Hz.Sad:

– Uyeynə ibn Hisnlə danışmaq istəyirəm, – deyə səslənir.

Görünür, bir ismarış gətirmişdi. Ancaq bu səsləniş yeni bir ixtilafa səbəb olur. Çünki Uyeynə qapıları açmaq niyyətini bildirincə ona etiraz edən sərkərdə Mərhab:

– Qalamızın dağılmış və zəif yerlərini görə bilər, onu içəri buraxma. Sən onun yanına get, – deyir və Allah Rəsulunun elçisini içəri buraxmamaqda israr edir.

Halbuki Uyeynə tam əksini düşünürdü. Ona qənaətinə görə, elçi içəri girməli və qalanın nə qədər sağlam və möhkəm olduğunu, qaladakı əsgərlərin sayının da çoxluğunu görüb getməli idi!

Nəticədə, Mərhabın dediyi olur və Uyeynə ibn Hisn qaladan kənara çıxaraq Hz.Sadın durduğu yerə gəlir:

– Rəsulullah məni sənin yanına göndərdi, – deyə Hz.Sad sözə başlayır, ardınca da Allah Rəsulunun bu ismarışını çatdırır: "Uca Allah Mənə müjdəsini verib Xeybərin fəthini vəd etdi. Siz dönüb gedin. Əgər bunu etsəniz, xeybərlilərə qələbə çaldığımızda buranın bir illik xurma gəliri sizin olar! "

Uyeynənin sülh fikri yox idi. Xəndək günü də eyni şeyi etmişdi. Burada da heç bir şeyin qarşılığında müttəfiqlərini tək buraxmayacağını elan edir və xeybərlilərin gücündən danışır, özlərinin qalib gəlib buna bənzər nemətləri əldə edəcəklərini deyir. Bir xeyli danışırlar, amma nəticəsiz olur. Nəticə olmayan yerdə israrın da mənası yox idi və Hz.Sad ayrılarkən üzünü ona tutub xəbərdarlıq edir:

– Şübhəsiz ki, mən bilir və sənə də bildirirəm ki, bu gün təklif etdiyimiz şərtləri bir gün dilənmək məcburiyyətində qalacaqsan. O gün biz sənə ancaq qılınc göstərəcəyik!