Səhabələr

Xeybər

Və Bəni-Nadir və Bəni-Qureyzənin  başına gətirdiklərini ona xatırladır. Verilən təkliflər qəbul edilsəydi, başlarına o müsibətlər də gəlməyəcəkdi. Ancaq onlar döyüşü seçmiş, məğlublar da döyüşü seçənlər olmuşdu!

Bu bir təklif idi və qəbul olunmayınca Hz.Sad birbaşa Allah Rəsulunun hüzuruna gəlir, Uyeynənin məsələyə münasibətdən bəhs edir və öz qənaətini danışır:

– Ya Rəsulullah! Şübhəsiz, Uca Allah Sənə olan vədini yerinə yetirib köməyini əsirgəməyəcək. Elə isə Sən bu çöl ərəbinə bir xurma belə vermə! Onsuz da Ya Rəsulullah! Onlar özlərinə tərəf yönələn qılıncları görüncə Xəndəkdəki kimi yurdlarından qaçacaqlar![10]

Günəş qüruba doğru əyilmişdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əshabına dönüb:

– Bayrağınızı götürüb Qatafanın yerləşdiyi Naim qalasının yanında gecələyəcəksiniz, – deyərək təklifi qəbul etməyən Qatafanın üstünə hücum təlimatını verir.

Strategiyadakı dəyişikliyi Yəhudilər də görürdü. Qalaların bayır tərəfində hərəkətlilik gözə çarpır. Böyük bir izdiham Naim qalasına doğru irəliləyir. Və əshab qalaya qədər yaxınlaşıb  bayrağı ora sancır. Təşvişə düşən qatafanlılar gecəni qorxu içərisində keçirirlər. Üstəlik səhərə yaxın qatı qaranlıqda  tanımadıqları bir səs onlara:

– Ey Qatafan camaatı, – deyə səslənir.

Ətraflarına baxsalar da, bu səsin sahibini görə bilmirlər. Təlaş içində:

– Xayfada olan evləriniz! Ailələriniz pərişan oldu! Kömək edin! İmdad! Yurdlarınızda nə mal qaldı, nə mülk! İmdad! – deyə elə hey eyni şeyləri təkrar edir.

Sabah gözlənilən qarşılaşma təlaşına indi də ailə və mal qorxusu əlavə edilmiş, dünya nemətlərini əldə etmək üçün gəldikləri Xeybərdə canlarını təhlükəyə atdıqları kimi, yurdlarında qalan arvad-uşaqlarını da itirmişdilər! Qol-qanadları qırılır! Nə döyüşməyə cəsarət, nə də ayaq üstə durmağa taqət qalır. Və dərhal yurdlarına qayıtma qərarı ilə qalaları tərk etməyə başlayırlar.

Əlbəttə, o gecə təkcə qatafanlıların ürəyinə qor düşmür. Xeybərlilər də min dəfə peşman olurlar. Onların qalanı tərk edib getməsi xəbəri Kətibə qalasında olan Kinanə ibn Əbil-Huqayqa çatanda yanındakılara:

– Biz nə vaxt bu çöl ərəbləri ilə bir araya gələndə xeyir gördük ki! Nə vaxt onların yanına gedib bir yardım istəmişik, hər dəfə bizi aldadıb vədlərinə xilaf çıxıblar! Vallah, əgər onlar işin əvvəlində bizə yardım edəcəklərinə dair söz verməsə idilər, Məhəmmədlə savaş yolunu seçməzdik! Kaş ki Səlləma qulaq asıb bu çöl ərəblərini köməyə çağırmayaydıq! Çünki o, bizə onları çox sınaqdan çıxardığını və hər dəfə də yalnız buraxıldığını söyləyərək bu işdən əl çəkməyi desə də, biz onu dinləmədik!

Xeybərdə düyünlər açılmağa başlamışdı; artıq hər xeybərli qatafanlıların geri dönüşündən və xəyanətlərindən danışırdı. Onların arxasınca ağızlarına gələni deyirdilər.

Bu tərəfdə isə Allah Rəsulu ilə əshab qalanın qarşında baş verənləri izləyirdi. Hər ehtimala qarşı gecələr keşik çəkirdilər. Hz.Ömərin növbəsi idi və bu əsnada qalaların birindən bir qaraltının gəldiyini və:

– Əgər mənə aman versəniz, yanınıza gələrəm, – deyə aman dilədiyini görürlər.