Səhabələr

Xeybər

– Onu bura çağırın, – buyurur. Sələmə ibn Əqva Hz.Əlini çağırmağa gedir.

Çox keçmədən Hz.Sələmə Hz.Əlinin əlindən tutub hüzura gəlir! Neçə gündür, gözləri şiddətli ağrıyırdı. Buna görə də gələ biləcəyini belə güman etməyən əshab Hz.Əlinin uzaqdan gəlişini görüncə :

– Baxın Əli gəlir, – deyə onu göstərir. Allah Rəsulu (s.ə.s.):

– Baxın onunla, onun vasitəsilə fəth gerçəkləşəcək, – deyə kürəkəni Hz.Əlini göstərir. Sonra da ona:

– Yaxın gəl! – deyə səslənir. Hz.Əli:

– Ya Rəsulullah! Gözlərim elə ağrıyır ki, ayağımın altını belə görə bilmirəm!

Allah Rəsulu (s.ə.s.) Hz.Əlinin gözlərinə üfürüb dua edir. Eyni zamanda mübarək tüpürcəyindən bir qədər kürəkəninin gözlərinə sürtür və şəfa verməsi üçün Allah dua edir. Bir möcüzə də baş verir. Sanki, bu anadək ağrıyan Hz.Əlinin gözləri deyildi. Çünki gözlərinin ağrısı çəkilib gedir, əvvəlki kimi görməyə başlayır. Elə bil heç xəstələnməmişdi! Allah Rəsulu qılıncı Hz.Əliyə verib üstündən də zirehini geydirir. Sonra da ağ bayrağı  ona uzadıb:

– Al bu bayrağı və irəli! Allah fəthi müyəssər edənə qədər çarpış və əsla arxaya dönmə! – buyurur.

– Yaxşı, insanlarla nə üstündə döyüşüm? – deyə Hz.Əli geriyə çevrilmədən soruşur.  Rəsulullah (s.ə.s.):

– Allahdan başqa ilah olmadığına və Məhəmmədin də Onun Rəsulu olduğuna şəhadət edənə qədər! Bunu qəbul etdikləri təqdirdə onsuz da malları və canlarını səndən qurtarmış olacaqlar. Hesabları isə Allaha aiddir.

Onların yurdlarına qədər irəlilə və bir müddət gözlə. Onları İslama dəvət et və Allah ilə Rəsulunun haqqı olaraq onaların üstünə düşən vacibləri bildir. Allaha and olsun ki, sənin vəsilənlə bircə adamın müsəlman olması sənin üçün vadilərlə dolu qırmızı dəvələrdən daha xeyirlidir.

Bu nə böyük şəfqətdir ki, neçə gündür, onlara ox yağdıran, mancanaqla daş atan, bəzən ani basqınlarla üz-üzə çarpışdıqları insanların üstünə gedərkən ortaya müəyyən prinsiplər qoyur, onların Allaha qul olmasını asanlaşdıran təkliflər verirdi. Bunun ardınca Hz.Əli və yoldaşlarına Allahdan inayət diləyir.

Rəsulullahın bayrağını alan Hz.Əli birbaşa Xeybər qalalarının qarşısına gəlir. Əshab da onunla birlikdə gedir. Daha sonra bayrağı qalanın önünə sancır. Baş verənlər qalanın içindən də təqib olunurdu. Xeybərlilər Hz.Əlinin bayrağı qalanın qarşısına sancdığını görüb təşvişə düşür və aqibətlərindən qorxmağa başlayırlar.

– Sən kimsən? – deyə səslənirlər.

– Mən Əbu Talibin oğlu Əliyəm, – deyə cavab verir Hz.Əli.

Əli adı onlara yad deyildi. Görünür, kitablarında qalalarını onun fəth etməsinə dair məlumatlar var idi və onun adını eşitcək təlaşlanırlar. "Əli" adını eşidənlərdən biri:

– Ey Yəhudi camaatı, – deyə çığırmağa başlayır, – Musaya endirilənə and olsun ki, artıq sonumuz gəldi və bu gün siz məğlub olacaqsınız!

Qaladan ilk çıxan Mərhabın qardaşı Haris meydan oxuyur. Ancaq qarşısında bir Heydəri-Kərrar (Hz.Əli) var idi və az öncə meydan oxuyan adamın cansız bədəni yerə sərilir. Harisi Üseyr, Üseyri də Yasir əvəz edir və hamısı da Harisin aqibəti ilə üzləşir. Üseyri Məhəmməd ibn Məsləmə, Yasiri Zübeyr ibn Avvam öldürür!

Bu dəfə qaladan ikiqat zireh geymiş Amir çıxır; o da meydan oxuyurdu! Onun da işini Zülfüqar bitirir! İndi sırada Mərhab idi. Qardaşı Harisin də öldürülməsi onu qəzəbləndirmiş və əsgərləri ilə birlikdə meydana girmişdi! Üstündə ikiqat zireh, başında üst-üstə iki dəbilqə və hər iki əlində də qılınc vardı! Öncə:

– Xeybər xalqı yaxşı bilir, – deyə bağırmağa başlayır, – mən o Mərhabam ki, mənim qapıya qədər gəlib dirənən döyüşün qızışdığı dəmlərdə təpədən dırnağadək silahlanmış şəkildə layiqincə döyüşməyimdən heç kimin şübhəsi olmaz!