Səhabələr

Xeybərdən sonraki hadisələr

Eyni zamanda bu, Rəsulullahın yetişdirdiyi camaatın mənəvi keyfiyyətini göstərirdi. Əmri yerinə yetirə bilməmə əndişəsi dilə gətirilmiş, buna baxmayaraq, itaətdən başqa bir seçimin olmadığını görər-görməz səmimiyyətlə təslim olmuşdular.

Eyni zamanda bu, Rəhman və Rəhim olan Allahı xoşnud edən davranış idi. Qazanılan mənəvi keyfiyyəti yoxlamaq üçün bir hədəf göstərilmiş, əhsab da bu sınaqdan alnıaçıq çıxmışdı.

Çox keçmədən Cəbrail varid olur; bu ayələri gətirirdi: "Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə – Qurana inanmış və möminlər də iman gətirmişlər. Onların hamısı Allaha, Onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. Eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qayıdacağıq!"

Allah  heç kimə qüvvəsi çatmayan yükü yükləməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir.

"Ey Rəbbimiz, unutduqda və ya bilməyərəkdən yanıldıqda bizi bundan məsul tutma! Ey Rəbbimiz, bizi bizdən əvvəlkiləri yüklədiyin kimi, ağır yükləmə!

"Ey Rəbbimiz, bizi gücümüz çatmayan şeylərlə mükəlləf etmə! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!"[16]

Eyni zamanda bunlar əshabın çatdığı mənəvi məqamı, səviyyəni göstərirdi. Allahın adını və Rəsulullahın bayrağını dünyada dalğlanadıranlar da vəhyin iqlimində yoğrulan və belə bir məqama yüksələn məhz bu insanlar idi. Keyfiyyət bu səviyyəyə çatanda az çoxlardan çox olur, özünü üstün sayan nə qədər kəmiyyətlər də bu keyfiyyətin qarşısında silinib gedirdi. Məhz Mutə bunun aşkara çıxdığı ən aydın bir məşhərdi.

Mutə

Hicri səkkizinci ilin cəmadiyələvvəl ayı idi. Sülh şəraiti ən yüksək səviyyədə dəyərləndirilir və hadisələrin inkişafı yaxından təqib olunmaqla İslam naminə təbliğ və irşad vəzifəsi yerinə yetirilirdi. Bu səbəbdən Allah Rəsulu Haris ibn Ümeyrlə Busra valisinə bir məktub da göndərir.

Rəsulullahın (s.ə.s.) elçisi Hz.Haris Bəlqa adlı yerdən keçərkən oranın valisi Şurahbil tərəfindən xaincəsinə öldürülür ki, müsəlmanlar o günədək belə bir hadisə ilə rastlaşmamışdılar. O, Hz.Harisin yolunu kəsmiş, əl-qolunu bağlatmış, Peyğəmbərimizin elçisi olduğunu öyrəndikdən sonra da şəhid etmişdi. Bağışlanılmaz bir cinayət idi və açıq-aydın müharibə elanı demək idi. Çünki ən gərgin anlarda belə elçilərə toxunulmur, onların təhlükəsizliyi təmin olunurdı.

Hz.Harisin şəhid edilməsi xəbərini eşidən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) çox kədərlənir və yolu ilə gedən elçinin canına qıyan Şurahbilə qarşı müharibə hazırlığına başlayır. Çünki O (s.ə.s.), quldurluğun kökünü kəsmək üçün vardı və bunu özünə məslək edənlərə həddini bildirməli idi. Gediləcək istiqamət Bizansın hakimiyyəti altında olduğu üçün məsələyə çox ciddi yanaşılır, hər cür ehtimal nəzərə alınırdı.

Qısa vaxtda üç minlik ordu toplanır. Bu qədər böyük ordu o günə qədər yalnız Xəndəkdə yığılmışdı. Sanki, Allah Rəsulu olacaqları əvvəlcədən görürdü. Ağ bayrağı azadlısı (azad etdiyi köləsi) Zeyd ibn Harisə verib orduya başçı təyin edir.

Haris ibn Ümeyrin şəhid edildiyi yerə qədər getmək və orada olanları İslama dəvət edmək tələb olunur. Bunu qəbul etmədikləri təqdirdə Allaha güvənib üzərlərinə düşən vəzifəni yerinə yetirmək və son nəticəni əldə etmək əmrini verir.

Allah Rəsulu bununla kök atmış anlayışları bir-bir söküb atır və kölədən də sərkərdə olduğunu, ola biləcəyini göstərmək istəyirdi. Onsuz da bu müharibənin təkcə Hz.Zeydin rəhbərliyi ilə bitməyəcəyini bilirdi, buna görə də: "Əgər Zeyd şəhid olarsa, orduya Cəfər ibn Əbi Talib, o da şəhid olarsa, Abdullah ibn Rəvaha rəhbəlik etsin," – deyə vəziyyətin ciddi olduğunu bir daha ortaya qoyur.

Səhabələrin çoxu Onun sözlərindən adı çəkilən sərkərdələrin sıra ilə şəhid olacağını anlayır; buna görə də vidalaşmaya bir hüzn çökür, sanki, halallaşırdılar.

Ordusunu yola salarkən verdiyi nəsihətlər müharibə hüququnu ən yüksək səviyyədə ifadə edir:

– Allahın adı ilə döyüşün. Allahı inkar edib Ona qarşı çıxanlarla Allah yolunda cihad edin! Ancaq heç kimə xəyanət etməyin! Əhdə vəfasızlıq göstərib heç kimə zülm etməyin! Uşaqlarla qadınları, yaşlılarla kilsədə ibadətlə məşğul olan din adamlarını əsla öldürməyin! Heç bir ağaca və heç bir xurmalığa toxunmayın! Binaları da əsla yandırıb dağıtmayın!

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ordunu Vəda təpəsinə qədər ötürür, yola saldıqdan sonra da uzun müddət onun arxasınca baxır.

Yolda Heraklın yüz min nəfərlik ordu hazırlaması xəbərini alırlar. Bu vəziyyəti Allah Rəsuluna çatdırıb-çatdırmamaqda tərəddüd etsələr də, yola davam qərarını verir, sonu şəhidlik də olsa, geri dönmürlər.

Məanda  iki gün dincəldikdən sonra yollarına davam edirlər. Nəhayət, iki ordu Məsarif adlı yerdə üz-üzə gəlir. İslam ordusu ucsuz-bucaqsız dənizə bənzəyən düşmən qoşunu ilə burun-buruna dayanır. Artıq döyüş qaçılmaz idi. Hz.Zeydin ordusu Mutə adlı yerdə  qərargah qurur və burada döyüşə hazırlaşır. Sağ cinaha Qutbə ibn Qatədə, sol cinaha isə Ubadə ibn Malik rəhbərlik edəcəkdi.

Ertəsi günün ilk şəfəqləri ilə Mutədə qılınclar sıyrılır, üç min nəfərlik iman ordusu ilə  iki yüz minlik Bizans ordusu üz-üzə gəlir. Qüvvələr qeyri-bərabər idi. İki yüz min nəfərlik ordu heç bir şey etmədən sadəcə irəliləsəydi, bir nəticə əldə edərdi. Ancaq nəticə heç də gözlənilən kimi olmur. Yeddi gün davam edən döyüşdə Allah Rəsulunun (s.ə.s.) bildirdiyi kimi, Hz.Zeyd, Hz.Cəfər və Hz.Abdullah bir-birinin ardınca şəhid olur. Bayrağı səhabələrdən Sabit ibn Əkram götürüb uzun axtarışdan sonra Xalid ibn Validə verir.